PDF Oxu

Əsas

  • 24

"Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi"

Akademik Ramiz Mehdiyevin qələmə aldığı məqalənin Azərbaycan Dövlət Pedeqoji Universitetində müzakirəsi keçirildi

"Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi"

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu günlərdə "Azərbaycan" qəzetində nəşr olunan "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsinin müzakirəsi keçirildi.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Yusif Məmmədov "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsinin günümüz üçün əhəmiyyətini diqqətə çatdırdı. O, qeyd etdi ki, məqalə elmi cəhətdən samballı nümunə olaraq bu gün tarixçi alimlərin, filosofların diqqətində olaraq müzakirəyə çevrilib. Ramiz Mehdiyevin əvvəlki məqalələrində olduğu kimi, son məqaləsində də milli təəssübkeşlik, tariximizə olan münasibət və s. vacib məsələlər diqqəti çəkir. Bu məqalə "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" kimi samballı nümunələrin davamı kimi qiymətləndirilir. Müəllif məqalədə Şah İsmayılın Azərbaycanı birləşdirmək qüdrətindən, onun böyük sərkərdə, şair və s. kimi səciyyəvi cəhətlərindən söz açaraq ətraflı araşdırmaları əsasında gerçək həqiqətlərin üzə çıxarılmasına nail olmuşdur.

Universitetin ümumi tarix kafedrasının müdiri AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev çıxışında Ramiz Mehdiyevin Azərbaycan tarixini izləyərək tarixi keçmişimizlə bağlı faktları şərh etdiyini bildirdi. O, Şah İsmayıl kimi şəxsiyyətlərin, böyük fatehlərin necə qiymətləndirilməsinin müəllif tərəfindən şərh edildiyini diqqətə çatdıraraq, onun nəsli şəcərəsi ilə bağlı izahatların da tarixə söykəndiyini vurğuladı. Şah İsmayıl Xətainin Azərbaycan tarixində, dövlətçiliyində böyük yeri olduğunu diqqətə çəkən V.Əliyev dünyada dövlətçilik tarixinə nəzər salarkən, ən qədim dövlətçilik ənənəsinin Azərbaycanda olduğunu söylədi.

Şah İsmayılın zamanında Azərbaycan tarixi torpaqlarını birləşdirərək böyük bir ideyanın gerçəkləşməsinə nail oldu. Azərbaycan dilinin, Azərbaycan türkcəsinin formalaşması və qorunmasında rolu olan Şah İsmayıl Ramiz Mehdiyevin fəlsəfi əhəmiyyət kəsb edən məqaləsində müəyyən detallarla öz əksini tapmışdır.

Tədbirdə çıxış edən filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov bu məqalə ilə bağlı fikirlərini ifadə edərkən bildirdi ki, "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsində müəllif varislik prinsiplərini nəzərə alaraq tədqiqatlar aparır. Bu yazı təsdiq edir ki, qədim dövrü əhatə edən bir sıra əsərlərdən hələ də xəbərimiz yoxdur. Orta əsrlərə aid klassiklərimizin irsinin hələ də bir qismi lazımi səviyyədə araşdırılmamışdır. Dünyaya milli kodumuzu təqdim etməliyik. Məqalənin filoloji tərəflərinə nəzər salan professor onun əhəmiyyətinin zaman üçün çox yüksək olduğunu xüsusi vurğuladı.

Tədbirdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru Himalay Qasımov, universitetin türk araşdırmaları elmi tədqiqat laboratoriyasının müdiri, filologiya elmləri doktoru Elman Quliyev və başqaları çıxış edərək akademikin məqaləsinə müxtəlif aspektdən yanaşıb, maraqlı fikirlərini ifadə etdilər. Qeyd olundu ki, Şah İsmayıl ilə bağlı Azərbaycanda kifayət qədər tədqiqat işləri var. Onun fəaliyyətində Azərbaycanla bağlı faydalı məqamlar çoxdur. Şah İsmayıl sarayında danışıq dili Azərbaycan dili idi və yazdığı əsərlər də ana dilində qələmə alınırdı.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər