Payız sessiyasında 253 qanun qəbul olunub
Dünən Milli Məclisin payız sessiyasının sonuncu iclası keçirildi. Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, iclasın gündəliyinə 17 məsələ daxil edilmişdir. Gündəliyin təsdiqindən sonra Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və "Xüsusi iqtisadi zonalar haqqında" Qanuna təklif olunan dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, malların Azərbaycan ərazisinə müvəqqəti idxalına dair maddə daha da təkmilləşdirilir, "Xüsusi iqtisadi zonalar haqqında" Qanuna isə redaktə xarakterli dəyişiklik edilir. Müzakirələrdən sonra hər iki qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Sonra deputatlar "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Sərhəd qoşunları haqqında" və "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanunlara da dəyişikliklər etdilər. Millət vəkilləri ölkəmizin Efiopiya Demokratik Respublikasında (Əddis-Əbəbə şəhərində)Səfirliyinin təsis edilməsinə də razılıq verdilər.
İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Birgə Bəyanatının təsdiq edilməsi haqqında qanun layihəsinə də müsbət münasibət bildirildi.
Deputatlar ölkəmizin beynəlxalq münasibətlərinin inkişafına xidmət edən bir neçə beynəlxalq sənədi də müzakirə etdilər. Belə ki, iclasda "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında", həmçinin, Azərbaycan Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında Sazişlər, o cümlədən, iki ölkə arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiya, onun ardınca isə Azərbaycan Hökuməti və İtaliya Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edildi.
Millət vəkilləri "Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə də dəyişiklikləri təsdiq etdikdən sonra Azərbaycan Respublikasının İnzibati Xətalar, Əmək və Cinayət Məcəllələrinə təklif olunan dəyişikliklər müzakirə edildi. Bildirildi ki, bu dəyişikliklər ölkə qanunvericiliyinin inkişafına xidmət edir. Sonra hər üç layihə səsə qoyularaq qəbul olundu.
"Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında" qanun layihəsi barədə məlumat verən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə diqqətə çatdırdı ki, bu dəyişiklik Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə əhalinin gəlirlərinin artması istiqamətində həyata keçirilən sistemli tədbirlərdən biridir. Bu dəyişiklik banklarda əmanətləri olan əhalinin maraqlarına xidmət edir və heç şübhəsiz ki, sevinclə qarşılanacaqdır. Layihənin əhəmiyyətini nəzərə alan deputatlar onu səsə qoyaraq qəbul etdilər.
Sonra Milli Məclisin deputatı Azay Quliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin mətnini oxudu. Müraciətdə qeyd olunur ki, tarix milli həmrəyliyə nail ola bilməyən xalqların ciddi problemlərlə üzləşdiyini sübut edib: "Xalqımızın qüdrəti 10 milyonlarla soydaşımızın mütəşəkkilliyindən keçir. Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının ümid və istinad yeridir. Ona görə də hər bir azərbaycanlı Azərbaycan Respublikasının qazandığı uğurlarla fəxr edir. Buna görə də Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi böyük uğurdur".
Müraciətdə vurğulanır ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən transmilli layihələrin həyata keçirilməsində böyük rol oynayır: "Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağı günü səbirsizliklə gözləyirlər. Qarabağ məsələsi ümummilli problemdir və bu problemin həllinə hamımız yardım göstərməliyik. Bütün soydaşlarımızın Vətən qarşısında borcu qüvvələrini birləşdirməkdən, torpaqlarımızın müdafiəsi istiqamətində çalışmaqdan ibarətdir".
Bununla da sənəd səsə qoyularaq təsdiq edildi.
İclasa yekun vuran Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, Milli Məclisin payız sessiyasının sonuncu iclası başa çatır. Bu gün biz həm sessiyaya, həm də ilə yekun vururuq. Bu il ərzində 24 iclas keçirilib, payız sessiyasında 253 qanun və qərar qəbul edilibdir. Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmdə yerinə yetirilibdir. Milli Məclis Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin və islahatların qanunvericilik bazasının möhkəmləndirilməsinə öz töhfəsini veribdir.
Milli Məclisin sədri qeyd etdi ki, ötən dövrdə parlamentin xarici əlaqələri daha da inkişaf etdirilibdir. Nümayəndə heyətlərimiz il ərzində 44 ölkəyə 297 səfər ediblər. Millət vəkillərimiz 2 ölkədə keçirilən prezident seçkilərini, 7 ölkədə keçirilən parlament seçkilərini müşahidə etmiş, beynəlxalq fəaliyyətlərində çox aktiv olmuşlar. Bu il 48 xarici dövlətin və 15 beynəlxalq təşkilatın 156 nümayəndə heyəti Milli Məclisdə olmuşdur. Ümumilikdə, il ərzində parlamentdə 1091 nəfər xarici qonaq qəbul edilmiş, 5 beynəlxalq tədbir keçirilibdir. Milli Məclis nüfuzlu parlament qurumlarının toplantılarına ev sahibliyi etmişdir. Aprel ayının əvvəllərində bu salonda Avronest Parlament Assambleyasının 2-ci plenar sessiyası, noyabr ayının sonlarında Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 40-cı plenar sessiyası, bu yaxınlarda isə GUAM Parlament Assambleyasının beşinci iclası keçirilibdir. GUAM-ın tarixində ilk dəfə olaraq təşklatın üzvü olan ölkələrdən başqa 5 beynəlxalq parlament təşkilatının nümayəndəsi bu tədbirdə iştirak etdilər. Hər üç tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Bunu iştirakçılar da, qonaqlar da xüsusi qeyd etmişlər.
Sədr diqqətə çatdırdı ki, Milli Məclisin uğurlu fəaliyyəti möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Hesab edirəm ki, xalqın maraqları üzərində qurulmuş bu siyasət elə Milli Məclisin də siyasətidir. Oqtay Əsədov Prezident İlham Əliyevə, onun ailəsinə və Milli Məclisin deputatlarına qarşıdan gələn bayramlar - Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə təbriklərini çatdırdı.
İclasın sonunda Milli Məclisin Sədri Oqtay Əsədov payız sessiyasını bağlı elan etdi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Bununla da Milli Məclisin payız sessiyası başa çatdı.
RƏFİQƏ HÜSEYNOVA