YAP Laçın rayon təşkilatı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirib
Dünən YAP Laçın rayon təşkilatı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirib. Tədbiri giriş sözü ilə YAP Laçın rayon təşkilatının sədr müavini Xaliq Musayev açaraq bu bayramın dünyaya səpələnmiş azərbaycanlılar tərəfindən təntənəli və yüksək səviyyədə qeyd olunduğunu bildirib: "Qədim tarixə malik Azərbaycan türkləri milli ənənələrə, mədəniyyətə, tarixi köklərə bağlı, uzun illərdən bəri qoruyub saxlamış olduğu bu bayramı ən xoş amallar və duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət alaraq, ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, inkişaf hissləri bəsləyən hər bir soydaşımız tərəfindən keçirilir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, həqiqətən də, qeyri-adi və möhtəşəm bayramdır. Çünki bu bayram Azərbaycan xalqının və dövlətinin dərin köklərə bağlılığının, dözümlülüyünün, tolerantlığının, hər bir vətəndaşına, həmvətənlisinə verdiyi dəyərin göstəricisidir. "Həmrəylik" sözündə öz xalqına, tarixinə, mədəniyyətinə böyük sevgi və hörmət ehtiva olunub və azərbaycanlılar bu dəyərləri nəsillərdən nəsillərə ötürürlər. Çünki bu Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə Naxçıvan Ali Məclisi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması barədə qərar qəbul edib. Bu tarixi günün bütün ölkə ərazisində bayram kimi qeyd olunması ilə bağlı Milli Məclisin 1991-ci il dekabrın 26-da müvafiq qərar qəbul edib". X.Musayev bir daha tədbir iştirakçılarını millətimizi milli mənlik və milli-mənəvi dəyərlər vasitəsilə birləşməyə xidmət edən 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə təbrik edib.
YAP Laçın rayon təşkilatın idarə heyətinin üzvü Səyyaf Məmiyev, partiyanın üzvü Abuzər Abuzərov və başqaları bu bayramın keçirilməsinin önəmliliyini vurğulayaraq, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdilər.
Sonda Taxta körpü qəsəbə orta məktəbində təhsil alan uşaqlara YAP Laçın rayon təşkilatı tərəfindən hədiyələr paylandı.
RƏFİQƏ