Dünən Yeni Azərbaycan Partiyasi Gənclər Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirib. Tədbirdə YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini Siyavuş Novruzov, YAPGB sədri Seymur Orucov və partiyanın fəal gəncləri iştirak edib.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edən Əli Əhmədov bildirib ki, 2013-cü ilin xalqımız və dövlətimiz üçün uğurlu bir il olacağına inanır. Çünki, 2012-ci ildə və daha öncəki illərdə atılan uğurlu addımlar buna şərait yaradacaq: "2013-cü il 2012-ci ildə uğurla həyata keçirilən işlərin davamı olacaq. Həm də 2013-cü ildə əldə edəcəyimiz uğurlar siz gənclərdən də asılıdır. Növbəti ildə keçiriləcək prezident seçkilərində xalqımız fəal iştirak edəcək. Biz bununla ilk öncə Azərbaycan xalqına və dünyaya bəyan edəcəyik ki, ölkədə aparılan Heydər Əliyev siyasəti 1993-cü ildən bu günə qədər xalqa xidmət edib. Bu xidmətin nəticəsində ölkəmiz beynəlxalq aləmdə tanınıb, Azərbaycanın iqtisadiyyatı köklü surətdə dəyişib, iqtisadi potensialın əsasında insanların rifahında müsbət dəyişikliklər baş verib, paytaxt Bakının və regionların siması pozitiv istiqamətdə inkişaf edib". Millət vəkili bildirib ki, bu illər ərzində ən əsas dəyişiklik isə insanların şüurunda baş verib: "Bu gün müasir Azərbaycanın diqtə elədiyi şərhlərə uyğun gələn, müasir dövrün tələblərilə ayaqlaşa bilən vətəndaşlarımız var. Xüsusilə qeyd edirəm ki, 20 il ərzində yüksək səviyyəli təhsil almış, dünyagörüşünə sahib olan gənclər formalaşıb. Bizim indiki gənclərimiz təkcə sözdə və ya şüarda vətənpərvərliyi nümayiş etdirmirlər, onlar eyni zamanda müasir dünyanın gənc insanı olmaq qabiliyyətilə, öz peşəsində dövlətinə ləyaqətlə xidmət etməsində öz vətənpərvərliklərini göstərirlər. Çox sevindirici bir haldır ki, Azərbaycan gənclərinin çoxu bu mövqedədir. Lakin ola bilsin ki, gənclərin müəyyən bir qismi fərqli düşünür və bunu nümayiş etdirmək istəyirlər. Biz dəfələrlə onlara səhv yolda olduqlarını bildirmişik. Bununla yanaşı vətənini, millətini sevən sizin kimi gənclər üstünlük təşkil edir. Bu gənclərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının fəallarıdır və partiyanın sıralarında bu kimi gənclərin artması bizi sevindirir. Azərbaycan gəncliyi ölkəmizdə baş verən dəyişikliklərin onların həyatında əks olunduğunu dərk edirlər. Onların istər xaricdə, istərsə də ölkə daxilində daha yaxşı təhsil alması üçün ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişləri nəticəsində dövlət proqramları əsasında xüsusi qayğı göstərilir. Ölkədə müsbət istiqamətdə baş verən quruculuq və abadlıq işləri də dövlətin vətəndaşına göstərdiyi qayğının bariz nümunəsidir". Əli Əhmədov qeyd edib ki, əldə edilən uğurlarla yanaşı, qarşıda Azərbaycanı daha əzəmətli, uğurlu, şərəfli yol və vəzifələr gözləyir: "2013-cü il ölkənin layaqətlə getdiyi yolun daha bir mərhələsidir. Çünki gələn il keçiriləcək prezident seçkilərində də biz əminik ki, hakim partiyanın Sədri cənab İlham Əliyev yenidən xalqın uğurlu seçimi olacaq, seçkilərdə qalib gələcək, Prezidentimizin rəhbərliyi altında həyata keçirilən siyasətin bundan sonrakı 5 il ərzində də davam etməsinin həm şahidi olacağıq, həm də bu prosesdə iştirak edəcəyik. Xalqımız İlham Əliyevin növbəti 5 ildə də Prezident kimi fəaliyyət göstərməsini ona görə arzulayırlar ki, Prezidentimizin həyata keçirdiyi siyasət, ölkədəki sabitlik, ölkənin iqtisadiyyatında baş verən inkişaf, Azərbaycanın dövlət olaraq beynəlxalq aləmdə nüfuzunun artması, mövqeyinin möhkəmlənməsi vətənpərvər ruhlu hər bir vətəndaşın maraq və mənafelərinə uyğundur". Əli Əhmədov əlavə edib ki, hər bir ölkənin vətəndaşı ölkəsinə ləyaqətlə xidmət edən insanın rəhbərlik etməsini istəyir və belə bir rəhbər isə Azərbaycanda var: "Təbiidir ki, növbəti seçim etməyə ehtiyac belə yoxdur. Bu hisslər və duyğular Azərbaycan vətəndaşlarının qarşıdan gələn prezident seçkilərində qənaətinin formalaşmasının əsasını təşkil edir. Eyni zamanda hesab edirəm ki, partiyanın üzvləri olaraq biz prezident seçkilərinin fəallıqla, ölkənin seçki məcəlləsinə uyğun olaraq, demokratik keçirilməsi üçün fədakar olmalı, maraq nümayiş etdirməliyik. Bununla biz dünyaya həm Azərbaycanda olan demokratiyanı, həm də Prezident İlham Əliyevin ictimaiyyətin dəstəyinə sahib olduğunu göstərməliyik". Daha sonra tədbir bədii hissə ilə davam edib.