Azərbaycanda sürətli inkişaf ölkəmizdə elmin, mədəniyyətin, texnologiyaların, təhsilin, səhiyyənin, idmanın inkişafına böyük töhfələrini verir. 2004-cü ildən fəaliyyətdə olan Heydər Əliyev Fondu da irimiqyaslı layihələrini reallaşdırmaqla bütün sahələrə yeniliklər bəxş edir, xeyriyyəçilik missiyasını həyata keçirir. Anaların və uşaqların müdafiəsinə, talassemiya, uşaq diabeti və digər xəstəliklərə qarşı mübarizəyə yönəldilmiş çoxsaylı proqramlar, uşaq və veteran evlərində keçirilən müxtəlif aksiyalar humanizm prinsipinə söykəndiyini açıq-aydın göstərir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın məqsədli fəaliyyəti müxtəlif sahələri əhatə etməklə, Azərbaycanın imicinin formalaşması baxımından da daimi diqqətdədir. Dünyanın hansı məkanında olmasından asılı olmayaraq, Leyla xanım Əliyeva Azərbaycanın bugünkü mənzərəsini və tarixi dəyərələrini dünya ictimaiyyətinə birmənalı olaraq çatdırır. Bu gün bütün dünyanı sürətli inkişafı və çiçəklənməsi ilə heyran qoyan Azərbaycanı qədim və zəngin tarixə malik ölkə kimi diqqətə çatdırır. Leyla Əliyevanın azərbaycanlıların bütün müsəlman Şərqində ilk demokratik respublika qurduqlarını, Şərqdə ilk baleti, operanı yaratdıqlarını və bu cür bir sıra böyük nailiyyətlərə imza atdıqlarını müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə vurğulaması mövcud imicin formalaşmasında əhəmiyyətlidir.
Leyla xanım ölkəmizin tolerantlığın beşiyi kimi də təqədimatı maraq doğurur. Belə ki, Leyla xanımın dediyi kimi, "Azərbaycan elə bir ölkədir ki, burada müxtəlif mədəniyyətlər, millətlər və dinlər sülh şəraitində vahid bir ailə kimi yaşayırlar. Biz bu faktdan çox qürur duyuruq".
Yola sadığımız 2012-ci il Leyla xanımın fəaliyyəti çərçivəsində, görülən işlərin müqabilində də maraqlı hadisələrlə yadda qaldı. Bu əlamətdar hadisələr dünya mədəniyyətinə, təhsilinə və Azərbaycanın müxtəlif sferalarına təqdim etdiyi dəyərli layihələrlə gerçəkləşdi. Leyla Əliyevanın sədri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı Azərbaycanın hüdudlarından kənarda ən fəal azərbaycanlı gənclər təşkilatı kimi Azərbaycan mədəniyyətini təbliğ etmək, tariximizi tanıtmaq, Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına dəstək göstərmək, yaxşı təhsil almaq, onların Rusiya cəmiyyətinə inteqrasiyasına kömək etmək məqsədi ilə 2012-ci ildə böyük uğurlara imza atır. Humanitar və sosial sahələrdə çoxsaylı layihələr həyata keçirən azərbaycanlı gənclər uşaq evlərində, xəstəxanalarda uşaqlara yardım göstərdilər və bu xətt davamlı olaraq həyata keçirilir. Hər zaman kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqlara diqqət və qayğı ilə yanaşan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi bu dəfə də öz ənənəsinə sadiq qalaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Moskvanın 2, 8, 11, 23 və 43 nömrəli uşaq evi-internat məktəblərinə, Rusiya Tibb Elmləri Akademiyasının Petrovski adına Elmi Cərrahiyyə Mərkəzinə, həmçinin, "Yujnoye Butovo" əlil uşaqların Sosial Reabilitasiyası Mərkəzinə hədiyyələr göndərib. Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın digər regionlarında - Sankt-Peterburq, Yekaterinburq, Vladimir, Tula, Kaluqa, Tver, Kirov, Voronej, Çelyabinsk, Lipetsk, Tümen, Yaroslavl vilayətlərində, habelə, Udmurtiyada da bu cür xeyriyyə aksiyaları keçirilib. Qurum sağlam həyat tərzinə böyük diqqət yetirir. "Əmin ol ki, sağlamsan. Xəstəliyə yox de" layihəsi çərçivəsində həkimlər xəstələri pulsuz müayinə edirlər. Bundan əlavə, uzun illərdir "Qanın milliyyəti yoxdur" aksiyası keçirilir.
Azərbaycanı dünyaya müasir, inkişaf edən və zəngin mədəni irsə malik ölkə kimi tanıdılmasında Leyla xanımın məqsədyönlü fəaliyyəti birmənalı olaraq qarşılanır. Xatırladaq ki, dünya ictimaiyyətini Xocalı soyqırımı haqqında daha çox məlumatlandırmaq məqsədi ilə "Xocalıya Ədalət" Beynəlxalq məlumat kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə irəli sürülüb. Hazırda faciənin mənəvi və siyasi-hüquqi cəhətdən tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.
Ötən ilə Sarayevoda "Dostluq parkı" və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə Leyla xanımın irimiqyaslı layihələri sırasındadır. Bosniya və Herseqovinada 1992-1995-ci illər müharibəsinin və 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində faciənin əsil mahiyyəti ilə bağlı həqiqətlərin təbliğinə xidmət edən mühüm hadisədir. Hazırda bu kampaniya dünyanın 50 ölkəsində həyata keçirilir və onun fəallarının yorulmaz əməyinin nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalıda törədilmiş vəhşilikləri soyqırımı kimi tanınıb. Bundan əlavə, Xocalı dəhşətləri Meksika və Pakistan parlamentləri tərəfindən də soyqırımı kimi qəbul olunub. Ötən ildə Xocalı soyqırımı haqqında Avropa kinematoqrafçılarının birgə istehsalı olan "Sonu olmayan dəhliz" adlı sənədli filmin siqnal variantının təqdimatı da "Xocalıya Ədalət" beynəlxalq məlumat kampaniyası çərçivəsində baş tutdu.
Fondun fəaliyyətinin əsas istiqamətləri şaxəli və məqsədyönlüdür. Maraqlı və uğurlu layihələri Azərbaycanın dünyada imicinin daha da yüksək şəkildə tanıdılmasında və həqiqətlərin yayılmasında ölkəmizin maraqlarına xidmət edir.
Nəzakət ƏLƏDDİNQIZI