"Səs" qəzeti müstəqil mətbuat tariximizdə özünəməxus yeri, dəst-xətti, eləcə də şərəfli tarixçəsi olan mətbuat orqanıdır. Bunu SİA-ya "Səs" qəzetinin yaranmasının 22-ci ildönümü münasibətilə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, adı çəkilən bu qəzet olduqca mürəkkəb bir dövrdə ölkənin ictimai-siyasi proseslərinin aynasına çevrilməyi bacardı: ""Səs" qəzetinin aynası ötən 22 il müddətində heç bir ləkə götürmədi. Əksinə daima cilalı oldu, gerçəkliyi olduğu kimi əsk etdirməyi bacardı. Hesab edirəm ki, bir qəzet üçün belə şərəfli tarix olduqca qiymətlidir. Bu qəzet siyasi mətanəti, duruşu, obyektivliyi, Azərbaycan dövlətçiliyinə, ulu öndər Heydər Əliyev siyasətinə xidməti ilə örnək bir qəzetdir. Təsadüfi deyildir ki, onun bu fəaliyyəti müstəqil Azərbaycan dövlətinin qurucusu, memarı ümummilli lider Heydər Əliyevin diqqətini cəlb edib və bu qəzet haqqında xoş sözlər deyib. Mən bir jurnalist kimi fəxr edirəm ki, mənim də jurnalist keçmişimin böyük bir hissəsi "Səs" qəzetinin adı ilə bağlıdır. 1990-cı illərin əvvəllərində bu qəzet həftənin tək günləri dərc edilirdi. Beləcə mən də həmin bu mətbuat orqanının ən fəal əməkdaşlarından biri idim. "Səs" qəzeti o dövrdə Azərbaycan xalqının tribunası idi. 22-ci ildönümünü qeyd edən və mənə doğma olan "Səs" qəzetini və onun baş redaktoru, hörmətli ziyalımız Bəhruz Quliyevi səmimi qəlbdən təbrik edir və kollektivə yeni-yeni yaradıcılıq uğurları arzu edirəm".
yap.org.az