"Səs" qəzeti Azərbaycanda ilk müstəqil mətbuat orqanlarındandır ki, çox ağır bir şəraitdə yaranaraq fəaliyyətə başlayıb. Bu qəzetin fəaliyyəti Azərbaycanın ölüm-dirim, eləcə də insanların sıxıntı, basqı içərisində yaşadığı bir dövrə təsadüf edib. Bunu SİA-ya "Səs" qəzetinin yaranmasının 22-ci ildönümü münasibətilə YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktorun sözlərinə görə, adı çəkilən qəzet tarixi zərurətdən yaranan bir mətbuat orqanı olub: "O dövrdə Azərbaycanın taleyini düşünən insanlar öz arzu və istəklərini "Səs" qəzeti vasitəsilə oxuculara, ictimaiyyətə çatdırmaq imkanı əldə etdilər. Bu qəzet 22 ildir ki, həyata vəsiqə alıb. Qəzetin 22 illik tarixi roluna nəzər salarkən aydın olur ki, bu mətbuat orqanı çox böyük, şərəfli, çətin və eyni zamanda qətiyyətli yol keçib. İlk öncə qəzet yarandığı dövrdə ziyalıların tribunasına çevrilib. Eləcə də, "Səs" qəzeti ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının zəruriliyi haqda yazıların, fikirlərin dərc olunduğu, ziyalıların tribuna kimi çıxış etdiyi mətbuat vasitəsi olub. Bu qəzet həmin illərdə 91 nəfər ziyalının ümummilli lider Heydər Əliyevə müraciətini, Ulu öndərin ziyalılara cavabını, Ali Məclisin qərarlarını və s. öz səhifələrində dərc etməsi ilə bütün mətbuatdan seçilib".
V.Rəhimzadə bildirib ki, bu qəzetdə çalışmaq həm şərəfli, fəxarətli, həm də qürurlu bir işdir: "Bu gün də ölkəni, vətəni və onun inkişafını düşünən "Səs" qəzeti öz töhvələrini verməkdədir. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Məhz bu məbuat orqanları arasında da "Səs" qəzetinin özünəməxsus rolu, siması vardır. Bu gün sözü gedən bu mətbuat orqanı tək qəzet kimi deyil, "Səs" İnformasiya Agentliyi (SİA), SəsTV İnternet televiziyası kimi də fəaliyyətdədir. Mən ilk növbədə bu qəzetlə əməkdaşlıq edən bütün insanları "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərovu, hazırda isə bu qəzetin fəaliyyətini uğurla davam etdirən baş redaktor Bəhruz Quliyev başda olmaqla yaradıcı kollketivi və texniki heyəti səmimi qəlbdən təbrik edirəm".
yap.org.az