Nazirlər Kabinetində müşavirə keçirildi
Dünən Nazirlər Kabinetində baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Azərbaycan Prezidentinin imzaladığı "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda və həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə təsdiq edilmiş əlavələrdə nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar 2012-ci ildə görülmüş işlər və 2013-cü ildə nəzərdə tutulmuş tədbirlərə həsr olunmuş müşavirə keçirilibdir.
Əli Həsənov müşavirədə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatların, xarici və daxili siyasətin uğurlu nəticələri, eləcə də, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi.
Əli Həsənov: "Cari ildə qaçqın və məcburi köçkünlər üçün 8 qəsəbə, 4 min mənzilin tikintisi nəzərdə tutulub, 20 min məcburi köçkün mənzillə təmin olunacaq"
Əli Həsənov Prezident İlham Əliyevin Sərəncamları ilə təsdiq edilmiş qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramlarının icrasının uğurla davam etdirildiyini vurğuladı: "Ötən il Goranboy rayonu ərazisində 525 məcburi köçkün ailəsi üçün salınmış 9 ədəd beşmərtəbəli yaşayış binası Şəki şəhəri ərazisində 423 məcburi köçkün ailəsi üçün salınmış qəsəbə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində 1440 məcburi köçkün ailəsi üçün salınmış yeni məhəllə istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu yaşayış evlərinin açılışında şəxsən iştirak etmişdir. Bundan başqa, Ağcabədi şəhərində bütün zəruri sosial-texniki infrastruktur obyektlərinə malik 560 ailəlik 10 ədəd beşmərtəbəli yaşayış binası, Bərdə rayonu ərazisindəki fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195, İmişli rayonunun ərazisindəki fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 550 məcburi köçkün ailəsindən birinci mərhələdə 325 ailə üçün yeni qəsəbələr salınaraq məcburi köçkünlərin istifadəsinə verilmişdir. Mingəçevir şəhəri ərazisindəki fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşmış 502 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsi və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçün ailəsi üçün yeni qəsəbə salınmışdır".
Baş nazirin müavini onu da vurğuladı ki, 2012-ci ildə, həmçinin, Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 871 məcburi köçkün ailəsi dövlət ehtiyacları ilə əlaqədar dövlət mülkiyyətinə alınmış və yaşayış üçün hər cür zəruri şərtlərə cavab verən mənzillərə köçürülübdür: "Bununla yanaşı, dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa türklərinə məxsus tikintisi yarımçıq qalmış 28 evin tikintisi başa çatdırılmış, Göygöl rayonu ərazisində isə Laçın rayonundan olan 7 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evi tikilmişdir. Beləliklə, 2012-ci il ərzində 22765 nəfərdən ibarət 4553 məcburi köçkün ailəsi (onlardan 3682 ailə 18410 nəfər Dövlət Proqramı və Əlavələrin icrasına uyğun olaraq, 871 ailə 4355 nəfər məcburi köçkün isə dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində dövlət mülkiyyətinə alınmış və yaşayış üçün zəruri şərtlərə cavab verən mənzillərə) köçürülmüşdür".
2001-2012-ci illər ərzində 25 min 221 ailəyə 1 milyon 474 min kvadratmetr sahəsi olan 77 qəsəbə və çoxmərtəbəli evlərdən ibarət məhəllə və fərdi evlər inşa edilibdir
Müşavirədə Əli Həsənov onu da söylədi ki, ümumiyyətlə, 2001-2012-ci illər ərzində 25 min 221 ailə və ya 126 min 1-5 nəfər daimi məskunlaşmış qaçqın və məcburi köçkünlər üçün 1 milyon 474 min kvadratmetr sahəsi olan 77 qəsəbə və çoxmərtəbəli evlərdən ibarət məhəllə və fərdi evlər inşa edilmiş, 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb müəssisəsi, 43 klub-icma mərkəzi, 37 rabitə evi, 2 Olimpiya İdman Kompleksi tikilmiş, yol, su, qaz, elektrik, kanalizasiya, istilik xətləri çəkilmiş, müxtəlif gücə malik 671 elektrik transformatoru quraşdırılıbdır: "Həmçinin, Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 1348 ailə 6740 nəfər məcburi köçkün dövlət ehtiyacları ilə əlaqədar dövlət mülkiyyətinə alınmış mənzillərə köçürülmüşdür. Dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa türklərinə məxsus tikintisi yarımçıq qalmış 352 evin inşası başa çatdırılmış və bu layihə cari ildə də davam etdiriləcəkdir. Ümumiyyətlə, indiyədək 31 min ailənin və ya 140 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır".
Baş nazirin müavini bildirdi ki, bu məqsədlər üçün 2012-ci il ərzində Dövlət Neft Fondundan 300 milyon manat vəsait ayrılmışdır ki, bu da 2011-ci il ilə müqayisədə 160 milyon və ya 2,2 dəfə, 2003-cü ilə nisbətən isə 15 dəfə çoxdur: "İl ərzində, həmçinin, Dövlət Proqramının və ona Əlavələrin icrası ilə əlaqədar Gəncə şəhəri ərazisində 1500, Qazax rayonunda 300, Bərdə rayonunda 866 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsinin, İsmayıllı rayonunda 45, Hacıqabul rayonunda 101, Saatlı rayonunda 230, Füzuli rayonunda 612, Sabirabad rayonunda 440, Ağdam rayonunda 932, Beyləqan rayonunda 466, Göygöl rayonunda 600 ailəlik qəsəbələrin, Bakı şəhərinin yataqxanalarında və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədi ilə Abşeron rayonunda Qobu şəhərinin salınması, Qəbələ rayonunda 155, Balakən rayonunda 43, Abşeron rayonunun Ramana qəsəbəsində 80 mənzilli yaşayış binalarının tikilməsi ilə bağlı layihələndirmə, layihə-smeta sənədlərinin hazırlanması və s. üzrə müvafiq tədbirlər həyata keçirilmişdir.
Qaçqın və məcburi köçkünlərin sosial problemləri uğurla həyata keçirilir
Əli Həsənov qaçqın və məcburi köçkünlərin sosial problemlərinin uğurla həyata keçirildiyini və 2004-2012-ci illər ərzində sosial problemlərin həllinə 2,8 milyard manat həcmində vəsait, o cümlədən, 1,481 milyard manat dövlət büdcəsindən, 1,099 milyard manat Dövlət Neft Fondundan, 219 milyon manat isə beynəlxalq humanitar təşkilatlar tərəfindən xərcləndiyini bildirmişdir: "Qaçqın və məcburi köçkünlərin məşğulluq problemi də diqqət mərkəzində saxlanılmış, məcburi köçkünlər arasında yoxsulluq həddi 2006-cı ildə 75 faiz olduğu halda 2012-ci ilin sonuna bu rəqəm 15 faizə enmişdir. Hazırda fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən 49 beynəlxalq, 43 yerli humanitar təşkilatın xətti ilə müxtəlif layihələr həyata keçirilir. Həmin təşkilatların tam sərbəst, azad və şəffaf fəaliyyətləri üçün nümunəvi şərait yaradılmışdır".
Əli Həsənov xüsusi olaraq, vurğuladı ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin təqdirəlayiq nəticəsi olaraq, Azərbaycan 2012-ci il aprelin 26-da daha bir nüfuzlu beynəlxalq təşkilata - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə tamhüquqlu üzv seçilmişdir.
2013-cü ildə 3941 min ailə üçün ümumi sahəsi 260 min kvadratmetr olan binalar tikiləcək
Cari ildə qarşıda duran vəzifələrdən danışan Əli Həsənov bildirdi ki, 2013-cü ildə 3941 min ailə üçün ümumi sahəsi 260 min kvadratmetr olan, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 8 qəsəbə və məhəllə, o cümlədən, Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün 5 mərtəbəli 25, Bərdə rayonunda 866 məcburi köçkün ailəsinə beşmərtəbəli 15 binadan ibarət yeni yaşayış məhəllələri, Abşeron rayonunun Masazır qəsəbəsində 758, İmişli rayonunda 225, Qaradağ rayonunun "Ümid" qəsəbəsinə yaxın ərazidə 200, İsmayıllı rayonunda 45 ailəlik qəsəbələrin, Qəbələ rayonunda 155, Balakən rayonunda 43 ailə üçün 5 mərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulmuşdur: "Bununla yanaşı, 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa türkləri üçün Saatlı rayonunda 97, Oğuz rayonunda 32, Beyləqan rayonunda 13, Göygöl rayonunda 7 evin tikintisi planlaşdırılmışdır".
Baş nazirin müavini, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasətin uğurlu nəticələrini də diqqətə çatdırdı.
Sonra Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun texniki nəzarət üzrə əlaqələndiricisi Vəfa Əlizadə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2013-cü ildə yeni qəsəbə və məhəllələrin salınması ilə bağlı torpaqayırma və layihələndirmə işlərinin vəziyyəti barədə ətraflı məlumat verdi.
Sonda Əli Həsənov görüləcək işlərin keyfiyyətinin artırılması, tikintinin sürətləndirilməsi ilə bağlı əlaqədar tikinti şirkətlərinin rəhbərlərinə konkret tapşırıqlar verdi.
RƏFİQƏ KAMALQIZI