PDF Oxu

Əsas

  • 46

Əli Əhmədov: “Freedom House”nun hesabatı separatizmə, etnik təmizləməyə və işğala haqq qazandırmaq cəhdi kimi qiymətləndirilə bilər

Əli Əhmədov: “Freedom House”nun hesabatı separatizmə, etnik təmizləməyə və işğala haqq qazandırmaq cəhdi kimi qiymətləndirilə bilər

"Biz dəfələrlə bir sıra beynəlxalq təşkilatların hesabatlarının qərəzli olması barədə fikirlər bildirmişik. Belə təşkilatlardan biri də, heç şübhəsiz, "Freedom House" təşkilatıdır. Təkcə Azərbaycan deyil, digər dövlətlər də tez-tez onun hazırladığı hesabatların qeyri-obyektivliyini sübuta yetiriblər. Bu təşkilatın Azərbaycana qarşı qərəzli mövqeyi çoxdan məlumdur. Səbəbləri haqqında indi danışmaq bəlkə də yerinə düşmür. Lakin fakt faktlığında qalır". Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov "Freedom House" təşkilatının son hesabatında tanınmamış "Dağlıq Qarabağı" nisbətən azad olan ölkələr sırasına daxil etməsinə münasibət bildirərkən deyib.

Əli Əhmədov bildirib ki, sözügedən təşkilatın tanınmamış "Dağlıq Qarabağ" rejimini öz siyahısına salmağı həm "obyektivliyinin", həm də Azərbaycana münasibətinin göstəricisi hesab oluna bilər. Onun sözlərinə görə, separatçi bir rejimi azadlıq şkalası üzrə necə qiymətləndirməsindən asılı olmayaraq, təkcə bu faktın özü kifayətdir ki, bu təşkilatın mahiyyəti haqqında insanda bitkin fikir formalaşsın. YAP Sədrinin müavini qeyd edib ki, qondarma "Dağlıq Qarabağ" rejimini dünyanın heç bir dövləti, heç bir ciddi beynəlxalq təşkilat tanımır və tanımaq istəmir. Belə olan halda, "Freedom House" təşkilatının onu "qismən azad ölkə" kimi səciyyələndirməsi təəccüb doğurmaya bilməz.

"Hesab edirəm ki, belə bir yanaşma onun obyektivliyini ciddi şübhə altına almağa kifayət qədər ciddi əsaslar verir. Onu da qeyd etməyi lazım bilirəm ki, "Freedom House"un hesabatında "Dağlıq Qarabağ"ın ayrıca qurum kimi göstərilməsi separatizmə, etnik təmizləməyə və işğala haqq qazandırmaq cəhdi kimi də qiymətdəndirilməlidir. Bu cür cəhdlər BMT və ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmağı üzrə siyasətinə və səylərinə əngəl yaradır, bölgədə gərginliyin və qarşıdurmanın daha da güclənməsinə xidmət göstərir. Azərbaycan ictimaiyyəti həmişə haqlı olaraq qərəzli beynəlxalq təşkilatların qeyri-obyektiv dəyərləndirmələrinə etirazlarını bildirib. İnanıram ki, "Freedom House"un son hesabatı xalqımızın qəti etirazı üçün daha ciddi əsas verir. Yeri gəlmişkən, onu da bildirmək istəyirəm ki, bəzən müxalifətin radikal qanadı ölkəmizə qara yaxan qərəzli təşkilatların təbliğatçısı rolunu məmnuniyyətlə öz üzərinə götürür. Mən bunu siyasi mübarizənin iyrənc forması sayıram. Qondarma "Dağlıq Qarabağ" rejimini öz qərəzli və qeyri-obyektiv hesabatına salmaqla əslində onu tanıyan bir təşkilatın mövqeyini dəstəkləmək əslində milli maraqları tapdalamaqdan başqa bir şey deyildir"- deyə, YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov, həmçinin Rusiya prezidenti Vladimir Putinin Ermənistanla hərbi-texniki əməkdaşlığı genişləndirmək barədə sərəncam imzalamasına da münasibət bildirib: "Əslində, müəyyən mənada Rusiyanın bu addımında yeni heç nə yoxdur. Rusiya ilə Ermənistan hərbi əməkdaşlıq haqqında müqavilə imzalayıb, Rusiyanın hərbi qüvvələri Ermənistanın ərazisində yerləşir, hətta bu dövlətin sərhədlərini rus sərhədçiləri qoruyur. Rusiyanın mütəmadi olaraq Ermənistanı silahlandırması da yeni deyil. Görünür, son sərəncamı ilə Vladimir Putin Rusiya-Ermənistan hərbi-strateji əməkdaşlığını geopolitik kontekstdə bir daha gündəmə gətirmək istəyir. Başqa sözlə desək, bir daha münasibətlərin mövcud mahiyyətini daha ucadan səsləndirmək istəyib". Əli Əhmədov bu addımı iki dövlətin hərbi-siyasi və hərbi-texniki sahədə əməkdaşlığının davamı kimi qiymətləndirməyin tərəfdarı olduğunu bildirib və əlavə edib ki, sözügedən əməkdaşlığın Azərbaycana qarşı çevrilmiş olmasına inanmaq istəmir, çünki Azərbaycan və Rusiya qonşu və dost dövlətlərdir. Onun fikrincə, diqqət çəkməli və Azərbaycan vətəndaşlarının narahatlıqlarını artıran başqa məqamdır. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçi rolunu üzərinə götürmüş ölkə münaqişənin tərəflərindən biri ilə hərbi-texniki əməkdaşlığını (indi isə bu əməkdaşlığı daha da gücləndirmək planları üzərində iş gedir) nizamlama prosesi ilə necə əlaqələndirə biləcək? Belə olan halda vasitəçinin qərəzsiz və obyektiv yanaşması necə təmin edilə bilər?!"- deyə, YAP Sədrinin müavini qeyd edib.

Digər xəbərlər