Biləcəri qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsinə salınmış parkın və "Güllə yağışı" abidəsinin açılışı oldu
Binəqədi rayon icra hakimiyyəti başçısının tədbirlər planına müvafiq olaraq rayon ərazisində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Yanvarın 19-da tədbirlərin davamı olaraq rayon ictimaiyyətinin iştirakı ilə Biləcəri qəsəbəsində yerləşən 20 Yanvar şəhidlərinin xatirəsinə salınmış parkın və "Güllə yağışı" abidəsinin açılışı oldu. İlk öncə, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etdi və abidənin önünə gül dəstələri düzüldü.
Sonra tədbir Binəqədi rayon icra hakimiyyətində rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun 20 Yanvar faciəsində şəhid və əlil olmuş şəxslərin ailələri ilə görüşlə davam etdirildi. Əvvəlcə tədbir iştirakçıları icra hakimiyyətinin foyesində 1990-cı ilin 20 Yanvar hadisələrini əks etdirən foto-sərgi ilə tanış oldular.
Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirdi ki, 20 Yanvar xalqımızın qəhərəmanlıq salnaməsi və qürur mənbəyidir. O illərdə olmuş hadisələri yada salan rayon icra başçısı Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən danışdı və qeyd etdi ki, 1990-cı il hadisəsi nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli qürurunu, əzmini qıra bilmədi. Xalqın qan yaddaşına çevrilən bu tarixin müasirlərimizdən çoxunun şahidləri olduğunu qeyd etdi: "Bu qanlı hadisədən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, faciəni törədənlərə dərin nifrətini bildirir. 20 Yanvar faciəsi hər il ümumxalq hüzn günü kimi geniş qeyd olunsa da, xalqımız şəhidlik zirvəsinə baxaraq, başını dik tutmalıdır. Çünki Vətən və millət şəhidləri ilə ucalır."
X.İsgəndərov 1990-cı il 20 Yanvarda baş vermiş qanlı olaylardan dərhal sonra Vətənini və xalqını böyük məhəbbətlə sevən Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, keçirdiyi mətbuat konfransının əhəmiyyətini xüsusi vurğuladı: "Ümummilli Lider Heydər Əliyev heç bir təhlükə və hədədən çəkinməyərək bu faciəni törədənlərin adlarını açıq şəkildə çəkərək, onların cəzalandırılmasını tələb etmişdir. Məhz Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, Onun təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verildi. Şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə hər cür yardım və kömək üçün Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncamlar Azərbaycanın azadlığı uğrunda canlarını qurban vermiş insanların xatirəsinə böyük ehtiramdır."
Bu gün 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etsək də, o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanlarımızın vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan etdi. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Xalqın bu fədakarlıq və iradəsi sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan qısa müddət ərzində müstəqil, sürətlə inkişaf edən dövlət kimi dünya birliyində özünün layiqli yerini tutmağa nail oldu. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan böyük uğurlara imza atıb. X.İsgəndərov çıxışında şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğını vurğuladı. Şəhid ailəsini diqqətdə saxlamağın hər birimizin vəzifə borcu olduğunu bildirən natiq şəhidlərimizin hər birinə Allahdan rəhmət dilədi.
Görüşdən sonra 45 nəfər 20 Yanvar əlilinə və 18 şəhid ailəsinə maddi yardım və ərzaq bağlamaları paylanıldı.
ZÜMRÜD