YAP Gədəbəy rayon təşkilatında partiyanın yaranmasının 20 illiyi qeyd olundu
Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Azərbaycan xalqının milli maraqlarının, dövlətçilik ənənələrinin qorunmasında mütəşəkkil siyasi qüvvə kimi iştirak edən Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının yaranmasının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular.
Tədbirdə Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov, YAP Gədəbəy rayon təşkilatı idarə heyətinin üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və YAP-nın fəalları iştirak edib. Rayon mədəniyyət evində davam edən tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədr əvəzi Namiq Rüstəmov yubiley münasibətilə siyasi həmfikirlərini təbrik etdi və partiyanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətini əks etdirən maraqlı məqamlara toxunub. Azərbaycanın bu gün hamını heyrətləndirən iqtisadi inkişafında fəal iştirak edən, birlik, həmrəylik, demokratiya uğurunda mübarizədə mətinləşən, hər zamanın partiyası olduğunu real işi ilə doğruldan YAP-ın cəmiyyətdə möhkəmlənən mövqeyindən söz açıb. Partiyanın yarandığı o çətin anları xatırlayan, tarixə "91-lər"in xidməti kimi yazılan, ölkənin tanınmış ziyalılarının Ulu Öndərə müraciətini bugünkü xoşbəxt, firavan həyatımız üçün çəkilən zəhmət adlandıran N.Rüstəmov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyası 1992-ci il 21 noyabrda yaranan 550 nəfərin iştirak etdiyi təsis konfransı keçirildi. YAP-ın xalq tərəfindən daim dəstəkləndiyini qeyd edən N.Rüstəmov Gədəbəy rayon təşkilatının yaranma tarixindən də söz açıb: "22 yanvar 1993-cü il tarixdə YAP Gədəbəy rayon təşkilatının təsis konfransı keçirildi. 500 nəfərlə təmsil olunan YAP Gədəbəy rayon təşkilatının boy sırası artaraq, 78 ərazi ilk partiya təşkilatında 5507 nəfər partiya üzvü təmsil olunur".
Azərbaycanda son illərdə dinamik sürətlə inkişaf edən quruculuq işlərinə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında nəzərdə tutulan islahatların, infrastruktur layihələrin uğurla nəticələnməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun aşağı salınması məsələlərinə toxunan N.Rüstəmov bildirib ki, Ulu Öndərin siyasətinə sadiq qalan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bütün sahələrdə Heydər Əliyev ideyalarının həyata keçirilməsinə çalışır: "Ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində YAP-ın mütləq qələbə qazanması milyonların, seçicilərin Prezident İlham Əliyevə, onun rəhbərlik etdiyi partiyaya inamından irəli gəlir".
Tədbirdə partiyanın fəallarından Natiq Nağıyev, Nəzakət Hüseynova, Mirvari Alıyeva, Saməddin Bağırov və başqaları Yeni Azərbaycan Partiyasının sıralarının sürətlə artdığını və bu inkişafın səbəbini açıqlayıblar. Çıxış edənlər vurğulayıblar ki, bu, xalqın YAP-a inamından irəli gəlir. Partiya bu gün də yenilik hissi ilə irəliləyir, inkişaf edir, mətinləşir. Tədbirdə o da vurğulandı ki, cari ildə keçiriləcək növbəti prezident seçkilərində qədirbilən gədəbəylilərin YAP-nın prezidentlliyə vahid namizədi, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarına səs verəcəklər.
Tədbirdə partiyaya yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olundu. Tədbirin sonunda iştirakçılar adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul olundu.
RƏFİQƏ HÜSEYNOVA