Mübariz Qurbanlı: "Leyla Yunusun Azərbaycanın AŞPA-da kimisə satın almasına dair iddiaları cəfəngiyyatdır"
Sülh və Demokratiya İnstitunun rəhbəri Leyla Yunusun növbəti dəfə Azərbaycan əleyhinə kampaniyaya qoşulması ictimai rəydə onun xalqa və dövlətçiliyə qarşı nə qədər düşmən kəsilməsini bir daha nümayiş etdirdi. Ancaq bütün bunlarla yanaşı, xəyanətkar fərdin Avropa məkanında Azərbaycan dövlətinə və hakimiyyətinə qarşı etdiyi çıxışları, eləcə də, irəli sürdüyü ittihamları onun müəyyən siyasi dairələr tərəfindən təlimatlandırıldığını, ermənipərəst qüvvələrlə iş birliyini kifayət qədər sübuta yetirib.Xatırladaq ki, Avropa Şurasının baş katibi Tyorborn Yaqland son vaxtlar parlamentarların nizam-intizam qaydalarına riayət etmələri məsələsinə xüsusi diqqət ayırdığını vurğulayıb. O, bununla bağlı qurumun nizam-intizam qaydalarına yeni müddəaların əlavə olunduğunu bildirmişdi: "Bütün parlamentarlar xüsusi bəyannamə imzalamaqla, Assambleyanın bütün qayda-qanunlarına, dəyərlərinə hörmətlə yanaşmağı üzərilərinə öhdəlik götürmüş olacaqlar. Seçkiləri izləyən parlamentarların heç bir şəxsi maddi və kommersiya maraqları olmamalıdır. Onlar yalnız assambleyanın işini Avropa Şurasının dəyərlərinə və prinsiplərinə uyğun şəkildə icra etməlidirlər".Avropa Şurasının baş katibi Tyorborn Yaqlandın dediklərini öz hesabına yazmağa cəhd edən "hüquq müdafiəçisi" L.Yunus məhz bu kimi bəyanatdan sonra özünü ortaya ataraq, guya burada şəxsi xidmətlərinin olmasını iddia edib. L.Yunus bildirir ki, yeni qayda guya Azərbaycan hökumətinin bir qrup avropalı deputatı ələ alması ilə bağlı gündəmə gətirilib: "Məhz Azərbaycanın vətəndaş cəmiyyətinin səyləri nəticəsində bu gün AŞPA satın alınan deputatlarla bağlı ölçü götürməyə hazırlaşır. Biz Pedro Aqramunt və Jozef Debono Qrexin Azərbaycanla bağlı hazırladıqları hesabatın ilkin layihəsinin reallıqları əks etdirmədiyi, bu şəxslərin hökumət tərəfindən ələ alındığı ilə bağlı çoxsaylı məktublar göndərmişdik. Amma Herkeli, Qrossu və Ştrasseri satın ala bilmədikləri üçün onlarla əməkdaşlıq etmədilər".
"Xalqına arxalanan hakimiyyət kimisə satın almağa çalışmır və buna cəhd də eləmir"
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, deputat Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycan tərəfi heç vaxt nəinki Avropa Şurası Parlament Assambleyasında (AŞPA), ümumiyyətlə, heç bir beynəlxalq təşkilatda hansısa şəxsi satın almır, rüşvət təklif eləmir: "Leyla Yunus 1992-ci ildən bu cür iddialarla çıxış edir. O, heç vaxt milli məsələlərdə xeyirli bir söz deməyib. İndi də belə yersiz iddialarla çıxış edir. Axı biz niyə kimisə satın almalıyıq?! Biz dünyanın heç bir yerində heç kimi satın almağa ehtiyac da duymuruq. Xalqına arxalanan hakimiyyət kimisə satın almağa çalışmır və buna cəhd də eləmir. Leyla Yunus özü kimlərləsə konyuktur əlaqələr qurur və konyuktur maraqlar naminə hansısa iddialar irəli sürür. Bizim AŞPA-da kimisə satın almaq faktımız heç bir yerdə göstərilməyib və Leyla Yunus bunu özündən uydurur".
"Bu, bizim daxilimizdə olan bəzi şəxslərin təxəyyülüdür ki, guya orada hansısa sənəd, ölkədəki seçkilərlə bağlı müsbət rəy hansısa maddi əvəz müqabilində verilir"
Mübariz Qurbanlı, eyni zamanda, deyib ki, bu qaydalar dünyanın hər yerində mövcuddur: "Hədiyyə müəyyən miqdara qədər hesablanır və nəzərdə tutulan rəqəmin çox hissəsi dövlət büdcəsinə ödənilir. Bu qərarı birbaşa Azərbaycana bağlamaq isə gülünc olardı. AŞPA üzvlərinin sayı kifayət qədər çoxdur və yalnız Azərbaycanda deyil, başqa ölkələrdə də seçkiləri müşahidə edirlər. Yəni Azərbaycanda seçkilər müşahidə olunmur ki, onları satın almaqla bağlı ittiham birbaşa bizə aid olsun".YAP rəsmisi bir daha xatırladıb ki, AŞ PA-da Azərbaycanı 12 nəfərlik nümayəndə heyəti təmsil edir və ölkəmiz bu qurumda çox yüksək səviyyədə təmsil olunur. Belə ki, Avropa Şurasında indiyə kimi heç kəs Azərbaycandan olan deputatların orada kiməsə nə isə verib, hansısa sənədin qəbuluna cəhd etməsi barədə rəsmi açıqlama verməyib: "Bu, bizim daxilimizdə olan bəzi şəxslərin təxəyyülüdür ki, guya orada hansısa sənəd, ölkədəki seçkilərlə bağlı müsbət rəy hansısa maddi əvəz müqabilində verilir. Bunlar cəfəngiyyatdır".Artıq bir daha əminliklə söyləmək mümkündür ki, L.Yunusun bu kimi cəfəng açıqlamalar verməsi arxasında Azrbaycanın inkişaf və tərəqqisini istəməyən, qüdrətlənməsini, güclənməsini arzu etəyən qüvvələr dayanıb. Söz yox ki, bu kimi hallar qarşılığında L.Yunusun fəaliyyəti müvafiq qurumlar tərəfindən ciddi çəkildə araşdırılmalı, onun Azərbaycan xalqına nə qədər düşmən mövqedə dayanması ölkə ictimaiyyətinin diqqətinə çatrıdırlmalıdır.
AFƏT TAHİRQIZI