Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda hökm sürən qeyri-sabitlik və hakimiyyət böhranı ermənilərin bütün cəbhə boyu hərbi əməliyyatlara başlamasına imkan yaradırdı. Məhz belə bir şəraitdə Azərbaycan torpaqlarının bir hissəsi düşmən tərəfindən işğal olundu. Silahlı dəstələrin Laçın ərazisindən çıxarılmasını gözləyən erməni daşnak birləşmələri böyük qüvvə ilə hücuma keçərək, 1992-ci ilin mayın 18-də alınmaz qala olan Laçını işğal etdilər. Beləliklə, Dağlıq Qarabağ separatçıları ilə Ermənistan dövləti arasında birbaşa əlaqə dəhlizi yarandı.
Artıq Azərbaycan xalqının çox hissəsi Azərbaycan Xalq Cəbhəsinin məqsədinin nəyə xidmət etdiyini gördü və cəbhəçilərdən əlini üzməyə başladı. Azərbaycan xalqı hadisələrin belə bir axarında Heydər Əliyevin xalqı, ordunu bir yerə yığmasını, ağıllı, diplomatik səyləri sayəsində erməni silahlı qüvvələrinin basqınlarının qarşısını almasını böyük ümidlə, səbirsizliklə gözləyirdi. 1992-ci il mayın ilk günlərində Naxçıvan Muxtar Respublikasında, eləcə də, Azərbaycanın Ermənistanla sərhəd bölgələrində vəziyyət yenidən pisləşmişdi. Erməni faşist ordu birləşmələri onlara arxadan-Naxçıvan ərazisindən hücum başlanacağından ehtiyatlanaraq və Azərbaycanda yaranmış özbaşınalıqdan istifadə edərək, yeni əraziləri işğal etmək ucun səy göstərirdilər. Erməni quldur dəstələri mayın 18-də Naxçıvanın Sədərək, Havuş, Yuxarı Buzqov, Şada, Biçənək və s. kəndlərinə böyük qüvvə ilə hücuma keçdilər. Düşmən hətta bu ərazidə zəhərli kimyəvi silahdan da istifadə edirdi. Sədərək ətrafında baş verən qanlı döyuşlər 40 gün davam etdi. Bu vaxtlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev erməni işğalçılarının basqınlarının qarşısını almaq üçün diplomatik bacarığından məharətlə istifadə edə bildi. Onun martın 23-də Türkiyəyə səfəri zamanı Süleyman Dəmirəl bütün dünyaya bildirmişdi ki, Naxçıvanın statusunda bir dəyişiklik yaranarsa, bağlanmış müqaviləyə görə, Türkiyə öz sözünü deyəcəkdir. Mayın 18-də Türkiyə Nazirlər Kabineti ətraflı bir bəyanat qəbul etdi. Heydər Əliyevin və Türkiyə dövləti başçılarının birgə səyləri nəticəsində erməni işğalçılarının məqsədləri dünya ictimaiyyətinə çatdırıldı. Nəticədə, dünyanın 57 ölkəsi təcavüzü lənətlədi, NATO xüsusi bəyanat verdi. Rusiya Federasiyası öz niyyətindən əl çəkdi. Mayın 24-də işğalçı Ermənistan dövlətinin təklifi ilə danışıqlar aparıldı və dinclik yaradıldı. 1992-ci il iyulun 7-də Azərbaycanda prezident seçkiləri keçirildi. AXC sədri Ə.Elçibəy seçkilərdə qalib gəldi. Lakin hakimiyyəti ələ keçirmiş, ölkədə dövləti idarə etmək təcrübəsi olmayan adamlar üçün bu qələbə deyil, böyük məğlubiyyətin, süqutun əsası idi. Azərbaycan hakimiyyətində Xalq Cəbhəsi tezliklə Müsavat qüvvələri ilə əvəzləndi. Hakimiyyətdə fəallıq göstərən şəxslər onu möhkəmləndirə və xalqın mənafeyi üçün heç bir şey edə bilmədilər. Əslində, bu qüvvələrə heç möhkəm dövlət də lazım deyildi. Artıq 1993-cü ilin II yarısında Azərbaycanda 30-a qədər siyasi partiya, cəmiyyət və hərəkat fəaliyyətdə idi. Təşkilatlar arasında sıx birlik və bərabər hərəkat planı tamamilə pozulmuş, güclü fikir ayrılığı yaranmışdı. Həmin dövrdə AXC-Müsavat cütlüyü xalq arasında hər an nüfuzu güclənən Heydər Əliyevə qarşı sərt mövqelərini artırırdılar. 1991-ci ilin dekabrından Naxçıvana qaz, 1992-ci ilin iyulundan isə elektrik enerjisinin verilməsini dayandırmışdılar. 1992-ci ilin aprelindən bu əraziyə qatarların hərəkəti də qadağan edilmişdi. Naxçıvan mühasirəyə alınmışdı. Bütün bunlara baxmayaraq, Heydər Əliyev çətin şəraitdə Naxçıvan Muxtar Respublikasının idarə edilməsini cəsarətlə həyata keçirirdi. Xalq aclığa, 40 dərəcə şaxtaya dözə bildi. Heydər Əliyev 1992-ci il martın 22-25-də Türkiyə dövlətinin dəvəti ilə bu ölkəyə səfər etdi. Qardaş dövlətin başçıları ilə danışıqlar apardı. Türkiyə dövləti Naxçıvana 100 min dollar kredit verdi. Tez bir vaxtda İqdır-Naxçıvan elektrik xətti işə düşdü. Sədərək-Türkiyə yolu tikilib istifadəyə verildi. "Türksat" rabitə şirkəti muxtar respublikanın Bakı ilə telefon əlaqəsini işə saldı. Hər iki dövlət arasında 1992-ci il mayın 28-də Sədərək-Dilucu 228 metrlik "Ümid körpüsü" tikilib istifadəyə verildi. Həmin ilin martında yeni hava limanının I növbəsi işə düşdü.1992-ci il avqustun 22-26-da İran İslam Respublikasının dövlət başçısının dəvəti ilə Heydər Əliyev Tehrana səfər etdi. Qonşu dövlət başçıları ilə danışıqlar aparıldı. Hər iki dövlət arasında müştərək bazarlar açıldı. Naxçıvana İrandan elektrik enerjidi verildi. Beləliklə də, Heydər Əliyevin diplomatik bacarığı nəticəsində muxtar respublikanın nəqliyyat, enerji blokadasına son qoyuldu. AXC, eləcə də, Müsavat başçıları Naxçıvan Muxtar Respublikasında çevriliş etməyə, qeyri-demokratik yolla Xalq Cəbhəsini hakimiyyətə gətirməyə çalışırdılar. 1992-ci il oktyabrın 24-də burada Xalq Cəbhəsinin silahlı dəstələri Daxili İşlər Nazirliyi, televiziya şəbəkəsi binalarını tutaraq, hakimiyyətə qarşı bəyanatla çıxış etdilər. Əhalinin çox böyük bir hissəsi onlara qarşı qalxdı. Az vaxtda 50 mindən çox insan Heydər Əliyevin müdafiəsinə qalxaraq, Ali Məclis binasının qarşısına yığışdı. Xalq silahlı cəbhəçiləri dövlət təşkilatlarından qovub çıxardı. O zamankı iqtidar başçıları Naxçıvanın statusunu ləğv etməyə çalışır, bunun üçün əllərindən gələni edirdilər. Butun bunlar Naxçıvanın muxtariyyət statusunu müəyyən edən Moskva (1921-ci il 16 mart) və Qars (1921-ci il 13 oktyabr) beynəlxalq müqavilələrinə, eləcə də, 1969-cu il Vyana konvensiyası tələblərinə zidd idi. Heydər Əliyev Türkiyədə olarkən, Moskva və Qars müqavilələrinin əsas prinsiplərinin qüvvədə olduğunu bütün dunyaya çatdırdı. Xalqın rəhbərə olan inamı və ümidi daha da artdı. AXC-nin daxilindəki hakimiyyət davası parçalanmaya gətirib çıxardı. 1992-ci il avqustun 5-də Azərbaycan Silahlı Qüvvələri Başkəndi tutdular. Erməni hərbi birləşmələri öz qüvvələrini birləşdirərək, əks-hücuma keçdilər. Ermənistandan çoxlu sayda canlı qüvvə, texnika gətirildi. Erməni birləşmələri iyulun 2-ci yarısında Ağdərə rayonunun Maqavuz və Orataq kəndlərini işğal edib, Sərsəng su anbarını ələ keçirə bildilər. Erməni quldurları sentyabrın əvvəllərində Ağdam istiqamətində Abdal-Gulablı, Xromot, Dəhraz, Ağbulaq, Araizəmin, Pircamal, Naxçıvanik, Qaraşlar, Qazança və Bəşirlər kəndlərini işğal etdilər. Sentyabrın 23-də hərbi hissələrimiz Xocavənd yaxınlığında erməni işğalçılarına sarsıdıcı zərbələr endirdilər. 1992-ci ilin ilk günlərində Qubadlı tərəfindən Laçına yeridilən silahlı qüvvələrimiz Suqra, Xannaqır, Dəhyan, Cəfərabad, Mıxdərəsi, Mazutlu, Fətəlitəpə, Malxələf kəndlərini işğalçı emənilərdən azad etdilər. Lakin hərbi rəhbərlikdə Rusiya meyilli şəxslərin təxribatı artdı, hücum dayandırıldı. Ə.Hümbətov oktyabrın 5-də tank briqadasını geri çəkidi. Əldə olunmuş mövqelər yenidən erməni ordularının əlinə keçdi. Erməni işğalçıları oktyabrın 12-də Hadrut istiqamətindən böyük qüvvə ilə Qubadlının Toraqaç-Duzyurd yüksəkliyinə basqın etdilər və bu ərazilər tutuldu. 16 günlük döyuşdən sonra isə yüksəklik ermənilərdən geri alındı. Dekabrın 10-da Ermənistan silahlı qüvvələri Qubadlı və Zəngilan ərazilərinə soxuldular, bir neçə kəndi işğal edib yandırdılar. Artıq Azərbaycan hərbi hissələri öz qüvvəsini saxlaya bilmir, hərbi texnika pis vəziyyətə salınırdı. Ordu, demek olar ki, yox idi. 1992-ci ilin sonu - 1993-cü ilin başlanğıcında respulblikanın müdafiə naziri R.Qazıyevin təkidi ilə döyüşlər başlandı və böyük məğlubiyyətlərə gətirib çıxardı. 1993-cu il yanvarın 26-da Fərrux yuksəkliyi ətrafında gedən savaş öz miqyasına görə Qarabağ müharibəsində ən böyük döyuşlərdən biri oldu. Döyüşlərdə Azərbaycan silahlı dəstələri məğlub oldular və itki verib geri çəkildilər. Azərbaycanda dövlət çevrilişi etməyə hazırlıq məqsədilə korpus komandiri Surət Hüseynov 1992-ci ilin dekabrında qüvvələrini Kəlbəcərin strateji yuksəkliklərindən geri çəkdi. Bundan əlavə, o, 1993-cü il yanvarın 28-də Ağdərə bölgəsindən də hərbi texnikanı çıxarıb Gəncəyə göndərdi. 1993-cü il fevralın 5-nə keçən gecə Ermənistan ekspedisiya korpusu Rusiyanın 7-ci ordusunun 128-ci motoatıcı alayı və kazaklardan ibarət silahlı dəstənin iştirakı ilə Ağdərə istiqamətində hücuma keçdi. Fevralın 15-dəm 16-na keçən gecə Ağdərə-Kəlbəcər yolu düşmən ordusunun nəzarətinə keçdi. Respublikanın hərbi sahələrində baş verən uğursuzluqların davam etdiyi bir vaxtda müdafiə naziri R.Qazıyev və korpus komandiri S.Hüseynov vəzifələrindən uzaqlaşdırıldı. Onların təsirindən qurtara bilməyən hərbi hissələr Müdafiə Nazirliyinə tabe olmaqdan imtina etdilər. Erməni faşistləri yaranmış vəziyyətdən istifadə edərək, 1993-cü il martın 10-dək Ağdərə ərazisinin bir çox yaşayış məntqələrini işğal etdilər. Martın 20-də Ermənistan Ağdərə tərəfdən Kəlbəcəri atəşə tutdu. Rayonun müdafiəsi təşkil olunmamış, hərbi bölmə və texnikanın bir hissəsi ərazidən çıxarılmışdı. Bu, bir tərəfdən satqın ordu komandirlərinin imperiyapərəst qüvvələrə nökərçiliyi, digər tərəfdən də respublika rəhbərliyinin Kəlbəcəri düşmənlərə verməklə Ermənistanı təcavüzkar bir dövlət kimi tanımaq cəhdi il bağlı idi. 1993-cü il martın 26-da Kəlbəcərin Ağdaban kəndi ikinci dəfə düşmən əlinə keçdi və yandırıldı (birinci dəfə 1992-ci il aprelin 8-də tutulmuşdu). Martın 28-də erməni təcavüzkarları mühüm strateji hündürlüyə malik Qaraqayanı ələ keçirdi. Martın 31-də Qamışlı körpü də işğal olundu. Beləliklə, Kəlbəcər tam mühasirəyə alındı. 1993-cü il aprelin 3-də isə Kəlbəcər erməni işğalçıları tərəfindən ələ keçirildi. Erməni quldurları 15 min adamı əsir götürdülər. 144 yaşayış məntəqəsi işğal olundu.500-dən çox muəssisə,13 min ev,şəxsi təsərrüfatlarda olan 100 min baş mal-qara, 500 min davar, 5 min baş at,1 milyon ev quşu, 50 min arı ailəsi, 195 min xalça və s. ələ keçirildi. Laçın və Kəlbəcərin ələ keçirilməsi sonrakı aylarda daha bir neçə rayonumuzun düşmən tərəfindən işğal edilməsinə imkan yaratdı. Yalniz xalqın təkidli tələbi və xahişi ilə respublika rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyevin diplomatik səyi, uzaqgörən siyasəti sayəsində növbəti faciələrimizin qarşısı alındı, ölkədə hakimiyyət böhranına son qoyuldu, digər torpaqlarımızın düşmən işğalına məruz qalmasının qarşısı alındı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpasının qarşıda duran ən əsas məsələlərdən biri olduğunu önə çəkmiş, "Azərbaycan öz ərazi bütövlüyünü heç kimə güzəştə getməyəcək. Bunu hamı bilir. Biz bu mövqedən geri çəkilməcəyik! "- deyə vurğulamışdır... Beləliklə, Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim xeyirimizə həll ediləcəkdir. Prezident açıq-aşkar bildirdi ki, Azərbaycanın öz torpaqlarını istənilən anda, o cümlədən, hərbi yolla azad etmək üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyir. Ulu Öndər Heydər Əliyevin "İndi Azərbaycanın güclü ordusu var. Bizim ordumuz istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir!" sözləri indi də hər bir Azərbaycan vətəndaşının qulağında səslənir və hamımız o günü -Qələbə Gününü səbirsizliklə gözləyirik.
FİRUDUN CÜMŞÜDLÜ,
ADPU-nun Azərbaycan tarixi
kafedrasının dosenti