PDF Oxu

Əsas

  • 45

Ulu Öndər, əbədiyaşar Lider Heydər Əliyevin 90 illik yubileyi xalqımız tərəfindən böyük coşqu hissi ilə qeyd olunacaq

Ulu Öndər, əbədiyaşar Lider Heydər Əliyevin 90 illik yubileyi xalqımız tərəfindən böyük coşqu hissi ilə qeyd olunacaq

Prezident İlham Əliyevin Sərəncamından: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır"

(Əvvəli ötən sayımızda)

Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlmişdir. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Beləliklə, Ümummilli Lider yalnız dünya səviyyəli siyasətçi və dövlət xadimi, 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycana başçılıq edən, keçmiş SSR-nin rəhbərlərindən biri olan, o dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsində çalışan ümumxalq sevgisinə və hörmətinə malik olan Heydər Əliyev ola bilərdi. Bu səbəbdən də, Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci il oktyabrın 24-də ziyalılar mətbuatda Ona müraciət ünvanladılar. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş həmin müraciət, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi- 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək, partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və Sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.

Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınaraq, Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradıldı. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olundu. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edildi, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirildi. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyevin Prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirdi. 1995-ci ilin noyabr ayının 12-də keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrildi, ona olan ümumxalq inamı bir daha təsdiq edildi.

YAP-IN KEÇDİYİ ŞƏRƏFLİ YOL

Ümummilli Lider Heydər Əliyev YAP-ın I Qurultayında yenidən partiyanın Sədri seçildi. Qurultay, habelə, Siyasi Şuranın yeni tərkibini, YAP Sədrinin təqdimatı ilə YAP Sədrinin müavinlərini, İdarə Heyətinin üzvlərini, İcra katibi və onun müavinlərini seçdi. 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri də YAP-ın inamlı zəfəri ilə başa çatmış, partiyanın yerlərdəki nüfuzundan xəbər verən ən obyektiv göstərici rolunu oynamışdır. 2000-ci ilin noyabr ayının 12-də MM-ə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası yenidən qalib gəlməklə 124 deputat yerindən 75-ni tutmuş, cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırmışdır. Yeni Azərbaycan Partiyasının 2001-ci ilin noyabr ayının 21-də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etdi. Partiyanın Nizamnaməsinə dəyişikliklər edildi və yeni təsis olunan Sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçildi. Qurultay partiyanın rəhbər orqanlarını - 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçdi. 2003-cü ilin oktyabr ayının 15-də keçirilən prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 2004-cü ilin dekabr ayının 17-də ölkədə keçirilən bələdiyyə seçkilərində YAP yerli özünüidarəetmə orqanlarında ən çox təmsil olunan partiya kimi növbəti uğura imza atdı. Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi. Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə Heyətinə, MNTK-ya 17 nəfər üzv seçildi. 2005-ci ilin noyabr ayının 6-da Milli Məclisə seçkilərdə YAP yenidən inamlı qələbə qazanaraq 62 deputat mandatı əldə etdi. 2 avqust 2008-ci ildə YAP-ın IV Qurultayı keçirildi. Qurultay tarixi qərar qəbul edərək, partiyanın Sədri cənab İlham Əliyevin növbəti müddətdə prezidentliyə namizədliyini irəli sürdü. 2008-ci ilin 15 oktyabrında keçirilən prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (88,7%) Azərbaycan Respublikasının Prezidenti seçildi.

Yeni Azərbaycan Partiyası dekabr ayının 16-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisdə təşəbbüs irəli sürdü (29 maddəyə). Azərbaycan Respublikasının Milli Məclisi YAP-ın təşəbbüsünü dəstəkləyərək, dekabrın 26-da "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktını qəbul etdi və 2009-cu il mart ayının 18-də referendum keçiriliməsi barədə qərar qəbul etdi. Yeni Azərbaycan Partiyası dekabrın 31-də "Yeni Azərbaycan" təşəbbüs qrupunu yaratdı və Referendum Aktının qəbul olunması lehinə fəal təşviqat kampaniyası apardı. 18 mart 2008-ci ildə keçirilən referendumda seçicilərin mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının təşəbbüsünü müdafiə etdi.

Yarandığı bu 20 il ərzində YAP Azərbaycanın siyasi həyatında nəinki aparıcı siyasi qüvvə, hakimiyyət partiyası olub, həm də ölkədəki ictimai-siyasi proseslərə bilavasitə təsir göstərən siyasi qüvvə kimi özünü təsdiq edib, bu gün də bu missiyasını yerinə yetirməkdədir.

(Ardı növbəti sayımızda)

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər