PDF Oxu

Əsas

  • 32

Ulu Öndər, əbədiyaşar Lider Heydər Əliyevin 90 illik yubileyi xalqımız tərəfindən böyük coşqu hissi ilə qeyd olunacaq

Ulu Öndər, əbədiyaşar Lider Heydər Əliyevin 90 illik yubileyi xalqımız tərəfindən böyük coşqu hissi ilə qeyd olunacaq

Prezident İlham Əliyevin Sərəncamından: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır"

(Əvvəli ötən sayımızda)

Bu il Azərbaycan xalqının görkəmli oğlu, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü tamam olmaqdadır. Müasir, müstəqli Azərbaycanın banisi, nəhəng dövlət xadimi Heydər Əliyevin xalqımızın əbədiyaşar Lideri kimi gördüyü mütərəqqi işləri ölkəmizin dünyada tanınmasına təkan vermişdir. Bu gün istər regionda, istərdsə də beynəlxalq aləmdə Azərbaycanın adı yüksək, mötəbər məclislərdə səslənir. Eyni zamanda, ölkəmizin dinamik inkişafı Heydər Əliyev konsepsiyasının, siyasi kursunun məntiqi nəticəsidir. Məhz belə əhəmiyyətli amillərin üzərində Heydər Əliyev dühasının dayanması Azərbaycan adlı müstəqil respublikamızın qüdrətini dünyaya sərgiləyir.

Bu gün Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, Prezident İlham Əliyev apardığı uğurlu, praqmatik və məqsədyönlü siyasəti ilə ölkəmizin adını dünya tarixinə qızıl hərflərlə yazır.

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi Onu daim öz qəlbində əbədi yaşadan Azərbaycan xalqı tərəfindən də nəhəng coşqu hissi ilə qeyd olunacaq. Belə ki, Ulu Öndərin 90 illik yubileyinin təntənəli şəkildə keçirilməsi ilə bağlı ölkə Prezidenti Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunmuşdur: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur ".

DAXİLİ SİYASƏTİN FORMALAŞMASI

Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu - Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Aparılan islahatlar nəticəsində ölkənin bütün hüquq sistemində köklü dəyişikliklərə səbəb olan yeni mütərəqqi qanunlar qəbul edildi. 1998-ci il iyulun 14-də yaranan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkənin ali konstitusiya məhkəməsi olmaqla, Azərbaycan Konstitusiyasının aliliyini, hər kəsin əsas hüquq və azadlıqlarını təmin edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz fəaliyyətində insan hüquqları haqqında beynəlxalq hüquqi sənədlərin müddəalarına əsaslanır. Bu da, öz növbəsində, ona Konstitusiya əsasında işlərə baxarkən Avropa və dünya birliyi tərəfindən qəbul edilmiş demokratik norma və standartlara riayət etmək imkanı verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalatda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da, Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarının təcəssümü idi. 1996-cı ildən başlayaraq, ölkə iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə şərait yaratdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə əmək haqlarının, aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilərək, vətəndaşların təqaüd təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı və beləliklə, 1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. 1996-cı ildən etibarən dirçəliş dövrü başladı. İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi islahatlar sistemində özəlləşdirmə siyasətinə də mühüm əhəmiyyət verilib. Onun bilavasitə təşəbbüsü ilə "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" hazırlandı. 1996-cı ildə Ulu Öndərin rəhbərliyi və qayğısı sayəsində ölkədə aqrar islahatlar və onun tərkib hissəsi olan torpaq islahatları aparıldı. Bununla əlaqədar olaraq torpaqlar pulsuz olaraq kəndliyə verildi və yeni torpaq-əkinçi münasibətlərinin yaradılması üçün real zəmin yaradıldı. Bu islahatlar nəticəsində, həmçinin, torpaqlar vətəndaşlara ömürlük verildi, torpaqların ən yararlısı və keyfiyyətlisi özəlləşdirildi, respublika ərazisində yaşayan vətəndaşlara harada yaşamasından və kimliyindən asılı olmayaraq, torpaqlardan istifadə və icarə hüququ verildi.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN MİLLİ İQTİSADİ İNKİŞAF MODELİ

"Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahə də strateji yolumuzdur. Bununla çox sıx əlaqədə olan ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".

HEYDƏR ƏLİYEV

XXI əsrin astanasında Azərbaycan Respublikasının müstəqil inkişaf yoluna qədəm qoyması ölkəmizin gələcək sosial-iqtisadi təkamülündə dönüş nöqtəsi oldu və bu təkamül prosesində taleyüklü dəyişikliklərin meydana gəlib genişlənməsi üçün zəmin yaratdı. Lakin tarixi təcrübə göstərir ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması, bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. Düşmən təcavüzünə məruz qalan və təcrübəsiz dövlət rəhbərləri tərəfindən idarə olunan Azərbaycanda bu, daha çətin idi. Ölkəmiz yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda, daxildən də parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Müstəqilliyimiz düşmən dövlətlər tərəfindən açıq-aşkar hərbi təcavüz və siyasi təzyiqlərlə boğulurdu. Həm də xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü. Ölkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev çıxardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu".

Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Ulu Öndər Heydər Əliyevin müdrik daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran və sarsıntılardan çıxararaq, müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra gedən proseslər, təəssüflər olsun ki, ölkəmizi uçurum kənarına gətirmişdi. Sosial-iqtisadi, siyasi, hərbi böhran hökm sürürdü. Azərbaycan torpaqları Ermənistanın işğalçı qüvvələri tərəfindən zəbt olunurdu, ölkədə xaos, anarxiya, hərc-mərclik mövcud idi, vətəndaş müharibəsi başlamışdı. O illərdə baş verən iqtisadi tənəzzül ölkəmizi çox çətin vəziyyətə salmışdı".

İQTİSADİ İSLAHATLAR, UĞURLU NƏTİCƏLƏR

1995-ci ildən etibarən ölkədə aparılan ardıcıl və sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən birini də dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması təşkil edir. Artıq torpaq və aqrar islahatları institusional baxımdan faktiki olaraq başa çatdırıldı. 1695,1 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylandı, kolxoz və sovxozların bazasında fermer təsərrüfatları yaradıldı. Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Ulu Öndər Heydər Əliyevin xidmətləridir.

Ölkədə özəlləşdirmə proqramının həyata keçirilməsi azad sahibkarlığın və şəxsi təşəbbüskarlığın inkişafını sürətləndirdi. 1998-ci ilə qədər 28 mindən çox kiçik müəssisə özəlləşdi və demək olar ki, kiçik özəlləşdirmə başa çatdırıldı. 1997-ci ildən isə özəlləşdirmənin həlledici mərhələsi olan böyük özəlləşdirməyə - orta və iri dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi prosesinə başlandı. Təkcə 1998-ci ildə 800-dən çox orta və iri dövlət müəssisəsi səhmdar cəmiyyətlərə çevrildi. Beləliklə, ölkədə iqtisadi tənəzzülün qarşısı nəinki alındı, hətta 1996-cı ildə onun artımına nail olmaq mümkün oldu. 1996-cı ildən 1,3% olan iqtisadi artım 1997-ci ildə 5,8%-ə çatdırıldı. Real sektordakı bu canlanma Cənubi-Şərqi Asiyada və qonşu Rusiyada baş vermiş dərin maliyyə böhranına baxmayaraq, 1998-ci ildə daha da inkişaf etdi. 1998-ci ilin yekunları respublikanın sosial-iqtisadi inkişafında müsbət meyillərin ildən-ilə möhkəmləndiyi, bu prosesin dönməz xarakter almasını göstərirdi. Az bir zamanda Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə postsovet respublikaları arasında qabaqcıl mövqe tutmağa və lider olmağa başladı. Azərbaycanda iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq, MDB üzrə orta göstəricidən xeyli yüksək olmuşdur. Deyilənləri yekunlaşdıraraq, göstərmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı qlobal zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxarmışdır. Ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş və verməkdə davam edir.

(Ardı növbəti sayımızda)

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər