Nəsib Məhəməliyev: "Yaşlı nəslə, xususən də, qocalara, ahıllara, ağsaqqallara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur"
Dünən Nəsimi rayonunun 1 saylı tam orta məktəbində rayon Ağsaqallar Şurasının hesabatı ilə bağlı geniş tədbir keçirildi. Hesabat yığıncağında ölkəmizdə ahıllara, ağsaqqallara göstərilən dövlət qayğısından, Azərbaycanın hərtərəfli inkişafından, eləcə də, qarşıda dayanan vəzifələrdən söz açıldı, bildirildi ki, hər bir yaşlı nəsilin nümayəndəsinə onların sağlamlığının qorunmasına, pensiyalarının ildən-ilə artırılmasına, sosial şəraitlərinin yaxşılaşdırılmasına ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət göstərilməkdədir.
Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor İmran Cəfərzadə öz hesabat məruzəsində qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionlara, eləcə də, Bakıətrafı qəsəbələrə səfərləri zamanı mütəmadi olaraq ahıl insanlarla da görüşür, onların arzu və istəkləri ilə maraqlanır, təklifləri ilə əlaqədar yerli icra orqanlarına lazımi göstərişlər verir. Təbii ki, ağsaqqallar da öz növbələrində öz işlərini mütəmadi qurur və dövlətin inkişaf etməsinə öz töhvələrini verirlər: "Bu gün ahıllarımız, ağsaqqallarımız gənc nəslin tərbiyəsində, onların hərbi-vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayırlar. Azərbaycanımızın müstəqil dövlət kimi dünyanın böyük, nəhəng dövlətləri ilə bir cərgədə addımladığı dövrdə ağsaqqal sözü, ahıl məsləhəti gənclərə hələ çox lazımdır".
Rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvü, professor Sahib Daşdəmirov, Azərbaycan Tibb Universitetinin prorektoru, professor Sabir Əliyev çıxış edərək, Ağsaqqallar Şurasının ötən dövrdəki fəaliyyətini müsbət qiymətləndirərək, qarşıda duran vəzifələr barədə danışdılar.
Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev hesabat yığıncağında geniş çıxış edərək, ağsaqqalların ictimai həyatındakı rolu, cəmiyyətdəki ağsaqqal mövqeyinin əhəmiyyəti barədə ətraflı danışdı: "Yaşlı nəslə, xususən də, qocalara, ahıllara, ağsaqqallara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyələnməsi üçün bunlar vacib şərtlərdən biridir. Bu haqda, müdrik atalarımızın daha gözəl kəlamı vardır: "Qocalara hörmət et, sən də qocalacaqsan!"
N.Məhəməliyev onu da vurğuladı ki, ağsaqqallar həmişə respublikamızda gedən seçki və referendumlarda, ölkəmizin taleyüklü məsələlərinin həllində fəal iştirak ediblər. Bu fəaliyyətlərinə görə də onlar daim təşəkkürə layiqdirlər: "Bu gün ölkədə gedən sürətli inkişaf xətti bilavasitə Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasətin məntiqi nəticəsidir. Azərbaycan həm iqtisadi, həm sosial, həm də digər göstəricilərinə görə dünyada lider dövlətlərdən biri kimi nüfuzunu artırmışdır. Əlbəttə ki, Azərbaycanın inkişafı gələcək nəsillərimiz üçün bir ərməğandır. Ağsaqqalların bu işlərdə yaxından iştirak etməsi isə, həm də bir vətəndaşlıq borcudur. Bizlər daim onlara - yaşlı nəslin nümayəndələrinə, ağsaqqallarımıza, ağbirçəklərimizə öz minnətdarlığımızı və dərin ehtiramımızı bildiririk. Çünki onlar dövlətin inkişafında daim gənclərtək öndədirlər".
Hesabat yığıncağında professor İmran Cəfərzadə yenidən rayon Ağsaqqallar Şurasının sədri, həmçinin, Respublika Ağsaqqallar Şurasının qurultayına 5 nəfərdən ibarət nümayəndə seçildi.
RƏFİQƏ HÜSEYNOVA