PDF Oxu

Əsas

  • 61

Sosial-iqtisadi sahədə qazanılan uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin alternativsizliyini bir daha təsdiq edi

Sosial-iqtisadi sahədə qazanılan uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin alternativsizliyini bir daha təsdiq edi

Sosial-iqtisadi sahədə qazanılan uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin alternativsizliyini bir daha təsdiq edir.AzərTAc xəbər verir ki, bu fikir fevralın 5-də Nərimanov Rayon İcra Hakimiyyətində keçirilmiş və 2012-ci ilin sosial-iqtisadi yekunlarına, cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda xüsusi vurğulanmışdır.

Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesində qoyulmuş büstü önünə gül dəstələri düzmüş, Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olmuş bu insanın xatirəsini ehtiramla yad etmişlər.

Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin hesabat məruzəsində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının indiki mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində əldə olunmuş nailiyyətlərdən danışılmışdır. Bildirilmişdir ki, rayonda iqtisadiyyatın inkişaf etdirilməsi, müəssisələrin istehsal fəaliyyətinin bərpa edilməsi və genişləndirilməsi, yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı, əhaliyə kommunal xidmətlərinin göstərilməsi, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi, gənclərin asudə vaxtının təşkili, idmanın inkişafı və digər sahələrdə uğurlar qazanılmışdır. Hesabat dövründə sənaye məhsulu istehsalının ümumi həcmi (xidmətlər də daxil olmaqla) 1 milyard 851,9 milyon manat təşkil etmiş, əvvəlki illə müqayisədə 93 faiz artmışdır. Məhsulun ümumi həcminin 83,5 faizi dövlət sektorunun payına düşür. Sənaye müəssisələri üzrə orta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 5,9 faiz çox – 435,2 manat olmuşdur. Rayon ərazisində 928,7 milyon manatlıq tikinti işləri aparılmışdır. Bu sahədə 11 846 nəfər çalışır. Tikinti təşkilatları üzrə orta aylıq əmək haqqı 464,9 manata çatmışdır.

Ötən il pərakəndə əmtəə dövriyyəsi 869,9 milyon manat təşkil etmişdir. Əhaliyə 304,5 milyon manatlıq pullu xidmət göstərilmiş və artım sürəti 14,6 faiz olmuşdur.

İşsizliyin aradan qaldırılması istiqamətində görülmüş tədbirlər nəticəsində hesabat dövründə Nərimanov rayonunda 5477 yeni daimi iş yeri açılmışdır. Yığıncaqda rayonda aparılan abadlıq və yenidənqurma işlərindən də geniş bəhs edilmişdir. Daxili imkanlar hesabına məhəllələrin abadlaşdırıldığı, yeni istirahət guşələrinin yaradıldığı, yolların çəkildiyi, təhsil və səhiyyə müəssisələrinin təmir olunduğu, istilik sistemlərinin bərpası istiqamətində işlərin davam etdirildiyi bildirilmişdir.

Məruzədə rayon əhalisinin aztəminatlı təbəqəsinə diqqət və qayğının artırılması istiqamətində görülmüş işlərdən də danışılmışdır. Bildirilmişdir ki, Nərimanov Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2778 ailəyə ünvanlı sosial yardım təyin olunmuş, 275 tənha ahıl vətəndaşa evlərində sosial-məişət xidməti göstərilmişdir.

Məruzə ətrafında çıxış edən natiqlər 2012-ci ildə rayonda həyata keçirilən tədbirləri müsbət qiymətləndirmişlər. Çıxışlarda xüsusi vurğulanmışdır ki, Nərimanov rayonunun ictimaiyyəti dövlətimizin başçısının müstəqil Azərbaycanın daha da qüdrətlənməsi, xalqımızın xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətini ürəkdən bəyənir.

Hesabat yığıncağında çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev və Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov və başqaları diqqəti yanvarın 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasına, orada ölkə başçısının proqram xarakterli nitqinin əsas müddəalarına cəlb etmişlər. Bildirilmişdir ki, sosial-iqtisadi sahədə qazanılan uğurlar ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla həyata keçirilən siyasətin alternativsizliyini bir daha təsdiq edir.

Sonda keçən ilin yekunlarına görə təhsil, mədəniyyət, səhiyyə, idman, inşaat və digər sahələr üzrə fərqlənənlər mükafatlandırılmışlar.

Azertac

Digər xəbərlər