PDF Oxu

Əsas

  • 52

Daşkəsən ağsaqqları dövlətçilik yolunda

Əhəd Abıyev: "Biz hər zaman ağsaqqalların tövsiyyələrini yüksək qiymətləndirmiş, onların Azərbaycanın inkişafı istiqamətində gördükləri işləri müsbət dəyərləndirmişik"

Daşkəsən ağsaqqları dövlətçilik yolunda

Dünən Daşkəsən rayon icra hakimiyyətinin akt zalında rayon ağsaqqallarının, ictimaiyyət nümayəndələri fəallarının iştirakı ilə konfrans keçirildi. Konfrans iştirakçıları əvvəlcə əbədiyaşar Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə tər gül-çüçək dəstələri düzərək, ona böyük hörmət və ehtiramlarını bildirdilər. Konfransı Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev açaraq ailə və cəmiyyətdə ağsaqqal sözünün nüfuzundan danışdı: "Bu konfrans ağlın, zəkanın, müdrikliyin, ağsaqqallığın toplantısıdır. Respublikamızda ağsaqqallar hərəkatının çox qədim və zəngin ənənələri vardır. Müsəlman dünyasında, xüsusilə türkdilli xalqlarda, o cümlədən Azərbaycanda ağsaqqal həmişə öz yüksək nüfuzu, böyük təsir gücünə malik olan hikmətli sözü ilə ailəyə, gənclərə, bütün el-obaya müdriklik təlqin etmiş, yeni doğulmuş uşaqlara ad, nikah kəsdirənlərə xeyir-dua vermişdir. Ağsaqqallar xalqın ən yaxşı adət-ənənələrini qoruyub saxlayaraq nəsildən-nəslə ötürmüşlər. Onlar, eyni zamanda, yaşayış məntəqələrinin abadlaşdırılmasında, sosial məsələlərin həllində təsirli rol oynamışlar. Ümummilli Liderimiz Heydər Əliyev daim ağsaqqallara böyük qayğı göstərmitş, onların bilik və bacarığından, zəngin həyat təcrübəsi və müdrik məsləhətlərindən yararlanmağı tövsiyə etmişdir"

Ə.Abıyev ağsaqqalların ictimai həyatındakı rolu, cəmiyyətdəki ağsaqqal mövqeyinin əhəmiyyəti barədə ətraflı danışdı: "Cəmiyyətdə Yaşlı qocalara, ahıllara, ağsaqqallara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyələnməsi üçün bunlar vacib şərtlərdən biridir".

Rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin daim ağsaqqallara böyük qayğı göstərdiyini, onların bilik və bacarığından, zəngin həyat təcrübəsi və müdrik məsləhətlərindən yararlanmağı tövsiyə etdiyini bildirdi. İcra başçısı vurğuladı ki, Prezident İlham Əliyevin bu qəbildən olan insanlara qayğıkeş münasibəti, Heydər Əliyev Fondunun reallaşdırdığı layihələr ağsaqqallıq ənənələrinin ön mövqedə olduğunu bir daha sübut edir.

Ə.Abıyev, həmçinin, "Yeni Daşkəsən" layihəsinin uğurlu icrası ilə də məlumat verdi: "Bu il rayonda 26 məktəbin əsaslı təmiri və tikintisi aparılacaqdır. Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun inşası davam etdirilir. Xoşbulaq-Qabaqtəpə-Astaf və Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yollarının əsaslı təmiri nəzərdə tutulmuşdur. İllərdən bəri su problemi yaşayan şəhərimiz fasiləsiz, ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqdır. Ucqar dağ kəndlərimizin əksəriyyətində yaşanan təbii qaz problemi də tezliklə aradan qaldırılacaqdır. Yaxın günlərdə müasir tipli, avropasayağı tələblərə uyğun olaraq Daşkəsən rayon icra hakimiyyətinin inzibati binasının inşasına başlanacaqdır. Kəndlərimizdə mövcud problemlərin əksəriyyəti bu layihə əsasında həllini tapacaqdır. Prezidentimiz cənab İlham Əliyev ölkənin digər regionları kimi, Daşkəsən rayonuna da xüsusi diqqət və qayğı göstərməsinin nəticəsidir ki, belə bir layihənin həyata keçirilməsinə nail oluruq".

Konfransda rayon ağsaqqallar şurasının sədri Hüseyn Məmmədov hesabat məruzəsi ilə çıxış edərək, ötən bir ildə şuranın gördüyü işlər barədə məlumat verdi, qarşıda duran vəzifələrdən danışdı. H.Məmmədov bildirdi ki, Daşkəsən Ağsaqqallar Şurası idarə heyəti 19 üzvdən ibarət olmaqla 141 rayon ağsaqqalını təmsil edir.

Məruzə ətrafında Adilə Məmmədova, Daşkəsən rayon Ağsaqqallar Şurasının üzvü Elman Məmmədov və Rayon Təhsil şöbəsinin metodisti Tofiq Qənbərov çıxış edərək, Ağsaqqallar Şurasının ötən dövrdəki fəaliyyətini müsbət qiymətləndirərək, qarşıda duran vəzifələr barədə danışdılar. Məruzə və çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən çoxşaxəli işlər sadalandı, respublikamızın daha sürətli inkişafında rayon ağsaqqallarının da üzərinə müəyyən vəzifələrin düşdüyü vurğulandı, həyata keçirilən nəhəng quruculuq tədbirlərində rayon ağsaqqallarının hər birinin səyinin vacibliyi qəbul olundu.

Hesabat yığıncağında Abdulla Zülfüqarov yenidən rayon Ağsaqqallar Şurasının sədri, eyni zamanda, Respublika Ağsaqqallar Şurasının qurultayına nümayəndə seçildi.

R.HÜSEYNOVA

Digər xəbərlər