PDF Oxu

Əsas

  • 63

Ulu Öndər, əbədiyaşar Lider Heydər Əliyevin 90 illik yubileyi xalqımız tərəfindən böyük coşqu hissi ilə qeyd olunacaq

Ulu Öndər, əbədiyaşar Lider Heydər Əliyevin 90 illik yubileyi xalqımız tərəfindən böyük coşqu hissi ilə qeyd olunacaq

Prezident İlham Əliyevin Sərəncamından: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır"

(Əvvəli ötən sayımızda )

Bu il Azərbaycan xalqının görkəmli oğlu, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü tamam olmaqdadır. Müasir, müstəqli Azərbaycanın banisi, nəhəng dövlət xadimi Heydər Əliyevin xalqımızın əbədiyaşar Lideri kimi gördüyü mütərəqqi işləri ölkəmizin dünyada tanınmasına təkan vermişdir. Bu gün istər regionda, istərdsə də beynəlxalq aləmdə Azərbaycanın adı yüksək, mötəbər məqamlarda səslənir. Eyni zamanda, ölkəmizin dinamik inkişafı Heydər Əliyev konsepsiyasının, siyasi kursunun məntiqi nəticəsidir. Məhz belə əhəmiyyətli amillərin üzərində Heydər Əliyev dühasının dayanması Azərbaycan adlı müstəqil respublikamızın qüdrətini dünyaya sərgiləyir.

Bu gün Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, Prezident İlham Əliyev apardığı uğurlu, praqmatik və məqsədyönlü siyasəti ilə ölkəmizin adını dünya tarixinə qızıl hərflərlə yazır.

BMT MİNİLLİK SAMMİTİNDƏ HEYDƏR ƏLİYEV ZİRVƏSİ

Bəlli olduğu kimi, Beynəlxalq Millətlər Təşkilatı yeganə nüfuzlu təşkilatdır ki, beynəlxalq miqyasda müxtəlif fəaliyyət sahələri ilə bağlı məsələləri araşdırıb qərar qəbul etmək səlahiyyətinə malikdir. Təşkilatın əsas məramı isə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına, dövlətlər arasında dostluq münasibətlərinin inkişafına yardım etməkdir. BMT həmçinin dünya siyasətinin aktual məsələlərinin müzakirəsi üçün bir meydandır. Ona görə də dünya birliyinin tamhüquqlu üzvü olmaq və beynəlxalq aləmdə cərəyan edən proseslərdə fəal iştirak etmək üçün hər bir dövlət BMT-nin üzvlüyünə daxil olmağı əsas vəzifələrdən biri kimi qarşıya qoyur.

Ölkəmiz BMT Baş Assambleyasının işində daim fəal iştirak etmişdir. Belə ki, 1994 və 1995-ci illərdə Assambleyanın 49-cu və 50-ci sessiyalarında Ümummilli Lider Heydər Əliyev Azərbaycanın nümayəndə heyətinə başçılıq etmişdir. O, həmçinin, 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında iştirak etmişdir. Həm 1995-ci ilin oktyabrında Baş Assambleyanın 50-ci sessiyasında, həm də BMT-nin Minillik Zirvə Toplantısında çıxış edən Ulu Öndər Heydər Əliyev qloballaşma mövzusuna toxunmuş, bunun müsbət inkişafı, həmçinin, Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasının əhəmiyyətini qeyd etmişdir.

Eyni zamanda, Azərbaycan və BMT münasibətlərinin genişləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsində dahi şəxsiyyət Heydər Əliyevin ümumdünya təşkilatının baş məclisindəki çıxışlarının böyük rolu olub. 30 sentyabr 1994-cü ildə Heydər Əliyev ilk dəfə BMT Baş Məclisinin iclasında nitq söyləyib. O, çıxışında Azərbaycan Respublikasının mövcud siyasi-iqtisadi vəziyyəti və dünya birliyinə münasibətdə siyasətinin prinsiplərini bəyan edib. Azərbaycan Prezidenti Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında geniş məlumat verərək, bunun nəticəsində Azərbaycanın düşdüyü çox ağır vəziyyəti BMT üzvlərinə çatdırıb. Ulu Öndər həmin tarixi nitqində BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tədbirlər görməli olduğunu bildirib. Ulu Öndər bu məsələdə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin əsas götürülməsinin vacib olduğunu deyib. O, Ermənistanın öz müqəddəratını təyinetmə hüququndan yararlanaraq, Azərbaycanın ərazi bütövlüyünü pozmaq istəməsinin yolverilməz olduğunu söyləyib.

22 oktyabr 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev BMT-nin 50 illiyi münasibətilə Baş Məclisdə ikinci çıxışında BMT-nin fəaliyyətinin dünya üçün əhəmiyyətli olduğunu deyib. Bununla bərabər o, Ermənistanın BMT qətnamələrini hələ də yerinə yetirmədiyini bir daha xatırladıb. Dahi şəxsiyyət Heydər Əliyev nitqinin sonunda təcavüzə qarşı çıxdığını və bir daha sülh tərəfdarı olduğunu bəyan edib: "Azərbaycan xalqının iradəsini ifadə edərək, bəyan edirəm ki, biz yer kürəsinin hər hansı bir nöqtəsində və hər hansı bir formada təcavüzkarlığı pisləyirik. Biz sülh istəyirik. Biz bütün dünyada sülh istəyirik, bizim regionda sülh istəyirik, bütün qonşu dövlətlərlə sülh və mehriban münasibətlər istəyirik."

BMT qətnamələrinin yerinə yetirilməsi təmin olunmasa da Ermənistan təcavüzünün nəticələrinin yüngülləşdirilməsi üçün bu təşkilat müvafiq humanitar fəaliyyət göstərib. Təcavüz nəticəsində öz yerlərindən zorla çıxarılmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin çətinliklərinin aradan qaldırılması üçün BMT - nin müxtəlif qurumları əhəmiyyətli yardım edib.

1998-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyi Azərbaycanda yüksək səviyyədə qeyd edilib. Həmin il onun təşəbbüsü ilə ölkədə ölüm hökmü və mətbuat üzərində senzura ləğv olunub.

2000-ci ilin sentyabrında BMT-nin Minillik Zirvə Toplantısında iştirak edən Heydər Əliyev 150-dən çox dünya dövlətlərinin rəhbərlərinin iştirak etdiyi bu ümumdünya tədbirində də nitq söyləyib. O, yenidən Ermənistanın təcavüzünü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dünyanın diqqətinə çatdırıb. Ulu Öndər Heydər Əliyev son dövrlərdə haqqında geniş müzakirələr aparılan BMT-də islahatlara ehtiyac olduğunu da deyib.

Məhz bu gün Azərbaycanın beynəlxaq aləmdə söz sahibinə çevrilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri başlıca və müstəsna rol kimi tarixi əhəmiyyətini qoruyub-saxlamaqdadır. Artıq bu gün Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü də qeyd edilən fikirləri kifayət qədər təsdiqləyib.

YERLİ ÖZÜNÜİDARƏETMƏ QURUCULUĞUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ROLU

Məlumdur ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin fəaliyyəti dövründə, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilib. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verildi. Ümummilli Liderimizin səyi ilə dövlət quruculuğu sahəsində aparılan islahatlar nəticəsində və Avropa Şurasının təklifləri nəzərə alınmaqla ölkəmizdə bələdiyyə institutu yaradıldı. Ümummilli Lider Heydər Əliyev öz çıxışlarında bələdiyyə institutunun yaranmasına, bu sistemin fəaliyyətinə belə münasibət bildirirdi: "Bələdiyyə seçkiləri Azərbaycanda ilk dəfə keçirilir. Bələdiyyələrin yaranması və onlara seçkilərin keçirilməsi haqqında 1995-ci ildə müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyada müvafiq müddəalar öz əksini tapıbdır. Buna görə də, bələdiyyələrin təşkil olunması və onun üçün seçkilərin keçirilməsi öncə Azərbaycan Konstitusiyasının əsasındadır və Konstitusiyanın müddəalarının həyata keçirilməsini göstərir". Digər bir çıxışında Ulu Öndər belə bir məqama da toxunub: "Biz Azərbaycanda tam müstəqil yerli özünüidaretmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir... Yerli idarəetmə orqanları isə yerlərdə onların səlahiyyətləri çərçivəsində çox işlər görülə bilərlər. Bələdiyyələr dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərilərinə götürəcək, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir".

Ulu Öndər Heydər Əliyev 10 dekabr 1999-cu ildə xalqa müraciətində bildirirdi: "Hesab edirəm ki, biz son illər keçirdiyimiz seçkilər nəticəsində xeyli təcrübə əldə etmişik. Mənim arzum, istəyim ondan ibarətdir ki, əldə edilmiş təcrübədən həm seçki komissiyaları tərəfindən səmərəli istifadə olunsun, həm də bizim vətəndaşlarımız, seçicilər əvvəlki seçkilərdən də fərqli olaraq bu seçkilərdə birincisi, daha fəal iştirak etsinlər, ikincisi, öz fikirlərini sərbəst, azad ifadə etsinlər... Bizim ölkəmiz demokratiya yolu ilə gedən ölkədir, hüquqi, demokratik dövlət quruculuğu prosesi aparan ölkədir. Biz bu yolda çox işlər görmüşük. Ancaq hələ qarşımızda duran vəzifələr və görüləsi işlər də çoxdur".

Göründüyü kimi, Ümummilli Liderimiz tərəfindən yerli özünüidaretmə orqanlarını yaradılmasının həm də əhalinin sosial, mədəni və məişət problemlərinin kompleks şəkildə həllinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi baxımından zəruriliyi gündəmə gətirilib. Vətəndaş cəmiyyətinin əsas atributlarından sayılan yerli özünüidarə orqanlarını elə təşkil etmək tələb olunurdu ki, insanlar öz fəaliyyətində yerli özünüidarəetmə orqanlarının varlığını və zəruriliyini hiss etsin.

(Ardı var)

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər