Bu mövzuda YAP Qax rayon təşkilatı qadınlar şurası dəyirmi masa keçirib
YAP Qax rayon təşkilatı qadınlar şurası "Azərbaycanın şanlı sabahı naminə gələcək nəsillərlə üz-üzə" mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masanı giriş sözü ilə açan YAP Qax rayon təşkilatı qadınlar şurasının sədri Şəkər Abdullayeva qeyd edib ki, respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlmiş və fəaliyyətləri genişlənmişdir. Ş.Abdullayeva onu da bildirib ki, Azərbaycan qadını özünün ictimai-siyasi fəallığı, sədaqəti, ailəyə bağlılığı və fədakarlığı sayəsində bütün Şərq və Qərb dünyası üçün unikal inkişaf yolu keçib: "Ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi və dövlət siyasəti səviyyəsinə yüksəldilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu danılmaz faktdır. Ulu Öndər deyirdi ki, "Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət, həyat ola bilməz. Azərbaycan qadınları öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə, dünya qadınları içərisində özünəməxsus yer tutur. Ona görə də, biz qadınlarımızla fəxr edirik". Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən dövlət başçısı İlham Əliyev isə qeyd edib ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadınının bundan sonra da müstəqil dövlətimizin tərəqqisinə töhfələr verəcəyinə əminəm".
Bir çox sahələrlə yanaşı iqtisadi sahədə inkişafa nail olan ölkəmiz qadınlarla bağlı yüksək inkişafa nail olduğunu deyən Ş.Abdullayeva vurğulayıb ki, Azərbaycanın uğurlarına bütün dünya dövlətləri həsəd aparır: "Bu isə ölkə başçısının uğurlarıdır. Əsas odur ki, qadınlarımız bu uğurlara öz töhfəsini versinlər. Bu gün qadınlarımız ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Belə olan halda, niyə tanınmış qadınlarımız bələdiyyə və digər seçkilərdə fəal iştirak etməsinlər? Adətən, ictimai-siyasi işlərdə kişilərin olduğunu bildirirlər. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını gözəl ana, sədaqətli həyat yoldaşı, həm də ictimai xadim ola bilər".
Mövzu ətrafında çıxış edən partiya fəalları qeyd etdilər ki, qadınların cəmiyyətdəki yeri və rolunun digər mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Elə YAP Qax rayon təşkilatının tərkibindəki 3651 nəfər partiya üzvünün 1910 (52 faiz) nəfərinin qadınlar olması onların ictimai-siyasi proseslərdə fəallığından xəbər verir.
Tədbirdə gənclərə günü-gündən çiçəklənən respublikamızın inkişaf yolunda daha aktiv olmaq, cəmiyyətə layiqli vətəndaş kimi yetişmək istiqamətində bir sıra tövsiyələr verildi. Sonda partiya sıralarına yeni qəbul olunmuş bir qrup gənc qadınlara partiya üzvlük vəsiqələri təqdim olundu.
Rəfiqə