Bunu zəhərlənərək öldürülməsi şübhə döğurmayan Elçibəyin qardaşı oğlu Hürrü Əliyev müraciətində bildirib
"Milli İdeya Naminə" Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyevin Kütləvi informasiya vasitələri və ictimaiyyətə müraciəti ünvanlayıb. SİA-ya daxil olan həmin müraciəti təqdim edirik.
- İlk öncə onu qeyd etmək istəyirəm ki, bu günə qədər də, bu gün də və gələcəkdə də bizlərin əsas ana məqsədimiz torpaqlarımızın azadlığı və bütövlüyüdür. Bu yöndə ilk çalışmalarımız xalqımızın milli birliyinə nail olmaqdır, çünki cəmiyyətdə milli barışıq və bütöv xalq iradəsi olmadan bu məqsədə nail olmaq mümkünsüzdür. Zaman-zaman bu yöndə müəyyən addımlar atılsa da təəssüflər olsun ki, bəzi şəxslərin, düşərgələrin müəyyən maraqlarına və ambisiyalarına görə əngəllərlə qarşılaşmışıq. Son onillik zaman kəsiyində müxalifətdən olan heç bir siyasi təşkilat və ya qurum "Qarabağ" şüarı altında torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda hər hansı bir təşəbbüs göstərməmişdir. Çox təəssüflər olsun ki, müxalifətin mübarizə predmetində yalnız seçki və seçilmək arzu və məqsədi yer almışdır. Bu gün meydanlarda da, tədbirlərdə də, tribunalarda da "ya Qarabağ, ya ölüm" şüarı əvəzinə yalnız hakimiyyət və şəxsi mənfəət uğrunda mübarizə və oyunlar gedir.
AXC-nin və AXCP-nin tutduğu yol...
Əbülfəz Elçibəyin sağlığında Azərbaycan Xalq Cəbhəsi, o cümlədən bütövlükdə müxalifət düşərgəsinin hansı səviyyədə olduğuna hər biriniz şahidlik etmisiniz. Azərbaycan Xalq Cəbhəsi vaxtilə müəyyən gücə sahib olduğu halda indi xalq arasında, cəmiyyətdə, eləcə də beynəlxalq aləmdə nüfuzunu itirmiş cılız bir təşkilata çevrilib. Çünki indiki partiya rəhbərliyinin tutduğu siyasi kurs tamamilə milli ideologiyadan, vətən, torpaq, xalq düşüncəsindən kənar, birlik əvəzinə parçalanma mövqeyində durur. Bu reallıqları bizlərlə yanaşı sizlərdə görürsünüz və anlayırsınız. Bilirsiniz ki, cəmiyyətdə bu məsələyə münasibət birmənalı deyil. Məni düşündürən və məndə təəccüb və təəssüf hissi doğuran odur ki, Xalq Cəbhəsində olmuş və hal-hazırda orada olan partiyadaşlar təşkilatın bu duruma salınmasının səbəbini və hesabını Əli Kərimlidən niyə sormurlar? Partiyanın hansı gücdən, hansı səviyyədən gətirib bu cür cılız bir təşkilat durumuna salmasını ondan soruşan yoxdur. Partiyanın gücünü, imicini öz çirkin oyunları ilə puç etməsinə hər kəs göz yumur, mən bunun səbəbini anlamıram.
Əli Kərimli Xalq Cəbhəsini niyə dağıtdı?
... Əli Kərimli Kələkidən Bakı şəhərinə dönəndən sonra 1995-ci ildən etibarən Xalq Cəbhəsini dağıtmaq, parçalamaq öhdəçiliyi götürmüşdü. Xalq Cəbhəsinin daxilində həmin dönəmdə guya "islahatçılar" qanadı adı altında, yəni "Yurd" çular Xalq Cəbhəsində təmsil olunan hərəkatçı və mübariz cəbhədaşlarına qarşı qarayaxmalar ataraq bölücülük işləri aparırdı. Partiya daxilində və cəmiyyətdə həmin insanları "qaraguruhçu" adlandıraraq ikitirəlik parçalanma toxumunu səpərək əsl amacına çatmaq üçün bir sıra iyrənc metodlardan istifadə edirdi. Əli Kərimli o, dönəmdə də indi də, təşkilata edilən hər hansı maddi dəstəkləri partiyanın inkişafına deyil, yalnız öz maraq və məqsədləri üçün istifadə etməkdədir.
Bir haşiyəyə də çıxmaq istəyirəm. Bu gün Xalq Cəbhəsinin üzvləri, xüsusilə də gənclər meydanlarda nəyin, kimin, hansı məqsədin uğründa mübarizə apardıqlarının fərqində belə deyillər. Mən onların əməyinə, əzablarına üzülürəm, çünki mən onları tam məsuliyyətlə əmin edirəm ki, onlar Əli Kərimlinin oyunlarının, alverlərinin istifadə obyektləridirlər, onun apardığı siyasi oyunların sadəcə qurbanlarıdır. Mən birmənalı bildirirəm ki, onlar heç də düşünməsinlər ki, Xalq Cəbhəsi Partiyasının, milli ideologiyanın, demokratiyanın, Əbülfəz Elçibəy amalı və yolunun, torpaq, xalq, vətən, millət uğrunda deyil Əli Kərimovun oyunlarının siyasi sığortasının, yəni statusunun mənfəəti uğrunda savaşırlar. Demokratik seçki uğrunda deyil, əslində Ə.Kərimovun Beynəlxalq aləmdə, istərsə də daxildən götürdüyü öhdəçiliklərə xidmət etmək və bu yöndə ona daha da geniş şərait yaratmaqdan ibarətdir. Buna tam əmin olun ki, bu həqiqətən belədir.
Məgər sizlərin xatirində deyilmi ki, Ə.Kərimli hansı çirkin oyunlarla, alverlərlə, hansı xəyanətlərlə, Xalq Cəbhəsini parçalayıb işğal etdi? Bu təşkilatı Əbülfəz Elçibəyin dünyasını dəyişdikdən sonra ən fəal, nüfuzlu, vətənpərvər insanların dəstəyi ilə, sıradan çıxararaq, təşkilatı parçalayaraq işğal etmədimi? Bunların hamısı sizlərin şahidliyi, gözü önündə yaşanmayıbmı? Mən buradan Xalq Cəbhəsi Partiyasının üzvlərinə bir sual ünvanlayıram, Əli Kərimli sizi bu 10 il ərzində Qarabağ və torpaqlarımızın azadlığı şüarı altında meydanlara və ya hər hansı bir aksiyaya səsləyibmi?
Şəxsən özümün şahidi olduğum bir hadisəni misal göstərə bilərəm ki, Əbülfəz Elçibəy Kələkidə olarkən hər hansı bir şəxsi ehtiyaclarına istifadə etməsindən ötrü Türkiyədən göndərilmiş 100 000 ABŞ dollarını əmim bütövlükdə Əli Kərimliyə verərək partiyanın inkişafına, partiya üzvlərinin müəyyən ehtiyaclarının qarşılanmasına sərf etməsini tapşırmışdı. Amma Əli Kərimli həmin pulu, yəni 100 000 ABŞ dollarını partiyanın inkişafına, partiya üzvlərinin ehtiyaclarına deyil Rusiyada biznes fəaliyyəti ilə məşğul olan yaxınlarının istifadəsinə vermişdir.
Ümumiyyətlə, Əli Kərimlinin və onun tərəfdarlarının öz çirkin əməlləri ilə Əbülfəz Elçibəyi həmişə bir şəxsiyyət, lider kimi nüfuzdan salmağa, onu partiyanın rəhbərliyindən uzaqlaşdırmağa səy göstərmələri, nəticədə partiyanın parçalanmasına nail olmaları, hətta 2000-ci ildə səhhəti ilə bağlı Türkiyədə olduğu dövrlərdə öz çirkin məqsədlərindən əl çəkməyərək mətbuatda əmimin əleyhinə böhtan, təhqir, aşağılayıcı fikirlər söyləyərək geniş kampaniya aparmaları bu gün hamıya bəllidir.
Elçibəyi kim zəhərləyib?
Həmin dövrdə "Azəritürk" Qadınlar Cəmiyyətində Türkiyə təmsilçisi, eyni zamanda Əbülfəz Elçibəylə yaxından tanıyan Sevgi Erenerolla 2000-ci ilin avqust ayının 22-də əmimin dəfn mərasimindən sonra evimizdə söhbət edərkən Gülhanə Tibb Akademiyasının həkimləri ilə söhbətlərindən əmim Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı onda şübhələr yarandığını, həta Qabil Hoca adlı hərbi həkimin əmimin istifadə etdiyi hər hansı bir əşyasının ona gətirilməsini xahiş etdiyini bildirmişdi. Sevgi Erenerol bizdən bunu istəyəndə o, dönəmdə bu məsələyə bir qədər soyuq yanaşıldığı üçün əmimin hən hansı bir əşyasını əldə edib ona təqdim edə bilmədik. Onu da qeyd etmək istəyirəm ki, Sevgi Erenerolla söhbətlərimizdə o, dəfələrlə Əli Kərimlinin adı gələndə onu "ajan", yəni xain adlandırmış, hətta əmimin sağlığında ona özünü Əli Kərimlidən qoruması barədə dəfələrlə xəbərdarlıq etdiyini bizə bildirmişdi.
Məlumunuz olduğu kimi, həmin dövrdə mətbuatda da əmimin zəhərlənməsi, eyni zamanda Əli Kərimlinin agent olması, əmimin və Azərbaycanın əleyhinə cəsusluqla məşğul olması barədə yazılar dərc olunurdu. Dediyim kimi, həmin dövrdə əmimin zəhərlənməsi bizdə müəyyən şübhələr yaratsa da buna elə bir ciddi əhəmiyyət verməmişdim. Lakin, əmimin zəhərlənməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda istintaq getdiyi dövrdə, yəni təxminən 2012-ci ilin oktyabr ayının əvvələrində Əli Kərimli atamın yaşadığı evə gələrək böyük narahatçılıqla atamdan istintaqın dayandırılmasını israrlı şəkildə xahiş etməsi məndə ona qarşı olan şübhələri artırdı. Mən bunları istintaqa verdiyim ifadəmdə də göstərmişəm.
"Əli ajan" və İranın Azərbaycan planı
2013-cü ilin yanvar ayının əvvəllərində müxtəlif mətbuat səhifələrində Əbülfəz Elçibəyin barəsində müxtəlif məzmunlu böhtan xarakterli məqalələrin yazılması bizi narahat etməyə bilməzdi. Məndə olan məlumata görə, belə bir sənəd mövcuddur ki, həmin sənədə əsasən "Əli" adında agentin İranın Bakıdakı səfiri Nəhavəndianın səfirliyin diplomatları ilə müşavirə keçirərkən Azərbaycan dövlət nümayəndə heyətinin İrana rəsmi səfərinin nəticələrinin yüksək qiymətləndirməsi, Nəhavəndianın Azərbaycan rəhbərliyinin qonşu İran dövlətinin böyüklüyünü dərk edərək ona tərəf üz döndərməsi, Türkiyə siyasətinin Azərbaycanda puça çıxması, İranın nüfuzunun artması, bu imkanı əldən verməmək üçün Azərbaycana hümanitar yardım kimi ərzaq və başqa istehlak malları göndərilməsi, Azərbaycan rəhbərliyinin siyasətdə naşı olmasından istifadə edərək İran-Azərbaycan vətəndaşlarının vizasız bu dövlətə gediş-gəlişi, Naxçıvan və Lənkəranda İranın baş konsulluqlarının açılması, İran televiziya proqramının birbaşa Azərbaycan televiziyasının kanallarının birində göstərilməsi, bəzi rayonlarda İranın dini məktəblərinin və mədrəsələrinin açılması, Azərbaycanın ali və orta təhsil ocaqlarında iranlıların təhsil alması, yerli həkimlərin müqavilə əsasında İrana işləməyə göndərilməsi kimi məsələlərin tezliklə həll olunacağına çalışacaqları, hal-hazırda Azərbaycanın dövlət katibi (Əli Kərimli) və Milli Məclisin sədri prezidentdən (Əbülfəz Elçibəy) nüfuzlu olmaları, bütün siyasi məsəlləri onların həll etdikləri, bu baxımdan həmin iki şəxslə əlaqələrin möhkəmləndirilməsinin vacib olmasını bildirməsi, Azərbaycan-İran münasibətlərində siyasi gərginlik yaranarsa "Naxçıvan" məsələsinin ortaya atılması məzmununda tərtib olunmuş 2 vərəqədən ibarət arayış aşkar etdim. Həmin sənədlə bir daha təstiq olunurdu ki, Əli Kərimli həmin dövrlərdən başlayaraq əmimin həm ölkə daxilində, həmdə ölkədən kənarda nüfuzdan salmağa cəhdlər etmiş, Bütöv Azərbaycan ideyalarına görə İranın əmim Əbülfəz Elçibəyə qarşı münasibətlərinin birmənalı olmamasından yararlanaraq Əli Kərimli hakimiyyət uğrunda apardığı mübarizədə öz məqsədlərinə nail olmaq üçün İran dövlətinin köməkliyindən istifadə etmiş, İran dövləti isə bunun nəticəsində həmin dövrdə müəyyən məqsədlərinə nail olmaq üçün konkret hərəkətlər edərək müəyyən nailiyyət əldə etmişdir. Əli Kərimlinin əmim Əbülfəz Elçibəyə qarşı belə düşmənçilik mövqeyində olması, əmimin zəhərlənməsində şübhələrin olması, bunu əmimlə, eyni zamanda ailəmizlə yaxın münasibətlərdə olan Sevgi Erenerolun da təstiq etməsi kimi hallar Əli Kərimliyə qarşı şübhələri artırıb və həmin sənəd araşdırılması üçün istintaqa təqdim edilib.