PDF Oxu

Əsas

  • 67

“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qüdrətli dövlətə çevrilib”

“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qüdrətli dövlətə çevrilib”

Əli Əhmədov Yardımlı və Masallı fəalları ilə görüşüb

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov Yardımlı Rayon İcra Hakimiyyətində (RİH) rayon təşkilatının fəalları ilə görüş keçirib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, görüşdə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, millət vəkilləri Hadi Rəcəbli, Cavanşir Paşazadə, Nəriman Əliyev və YAP-ın məsul işçisi Mirkamal Seyidov iştirak edib. Tədbirdə ilk olaraq çıxış edən YAP rayon təşkilatının sədri Mahir Mirzəyev təşkilat haqqında iştirakçılara geniş məlumat verib. Onun sözlərinə görə, son illər partiyanın sıraları xeyli genişlənib: "Hazırda rayonda YAP-ın 3000 nəfərə yaxın üzvü var". M.Mirzəyev həmçinin rayonda gedən quruculuq işlərinə toxunub. O, bu işlərdə YAP üzvlərinin fəallığını da qeyd edib. Təşkilatın sədri növbəti prezident seçkilərində Yardımlı rayon üzrə partiya üzvlərinin fəal iştirak edəcəyini bildirib.

YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov çıxışında respublikada gedən geniş abadlıq və quruculuq işlərinə toxunub. İcra katibi Prezident İlham ƏLiyevin rəhbərliyi altında Azərbaycanın dünyada tanındığını, qüdrətli dövlətə çevrildiyini, ölkədə əhalinin rifah halının gündən-günə yaxşılaşdığını diqqətə çatdırıb. Ölkəmizdə Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Sədr müavini bu siyasətin davamlı olması üçün oktyabrda keçiriləcək seçkilərdə yenidən İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsinin vacibliyini xüsusi vurğulayıb. Tədbirdə Yardımlı RİH-nin başçısı Sevindik Hətəmov çıxış edərək bildirib ki, son illərdə rayona dövlətimiz tərəfindən yardımlar edilib. Hazırda rayonda geniş layihə işi olan 30 milyon manat dəyərində su xətlərinin çəkildiyini, yolların əsaslı təmir olunduğunu, kəndlərdə yeni qaz xətlərinin çəkilişinə başladıqlarını diqqətə çatdıran icra başçısı qeyd edib ki, rayonda həmçinin Heydər Əliyev Mərkəzinin, YAP rayon təşkilatının inzibati binasının, eləcə də Gənclər Mərkəzinin yeni binasının son tamamlanma işləri gedir. O həm də prezident seçkilərində Azərbaycan xalqının İlham Əliyevə yekdilliklə səs verəcəklərini bildirib.

İcra katibi gənclərə tövsiyələrini verdi

Daha sonra Sədr müavini Ə.Əhmədovun rayon gəncləri ilə görüşü olub. Görüşdə rayonun Gənclər və İdman idarəsinin rəisi Anar Alışov çıxış edərək gəclərin rayonun ictimai-siyasi həyatındakı rolundan danışıb, ictimai fəaliyyətləri haqda məlumat verib. O həmçinin gənclərin asudə vaxtının təşkili, onların zərərli vərdişlərdən uzaq durması üçün görülən tədbirlərə toxunaraq qeyd edib ki, prezident seçkilərində rayon gəncləri YAP-ın Sədri, cənab Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər. Daha sonra İcra katibi Əli Əhmədov gəncləri ayıq-sayıq olmağa, təxribatlara uymamağa və sosial şəbəkələrdə dövlətin apardığı siyasətə əks münasibət göstərənlərə qarşı fəal mübarizə aparmağa çağırıb.

Masallı gəncləri ölkə başçısının yürütdüyü siyasəti müdafiə edirlər

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədovun Masallı şəhərində partiya fəalları ilə görüşü olub. Tədbirdə YAP İcra katibini müavini Mübariz Qurbanlı, millət vəkillərindən Hadi Rəcəbli, Cavanşir Paşazadə, Nəriman Əliyev və YAP-ın Mərkəzi Aparatının məsul işçisi Mirkamal Seyidov iştirak ediblər. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açıb. O, təşkilat haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Təşkilatın sədri bildirib ki, hazırda rayon təşkilatının 8 min nəfərə yaxın üzvü var: "Rayon təşkilatının üzvləri dövlətçilik mövqeyinə hər zaman sadiqdirlər. Bundan sonra da təşkilatın üzvləri ölkə başçısının yürütdüyü siyasəti müdafiə edəcəklər". Tədbirdə daha sonra çıxış edən YAP-ın Sədr müavini Əli Əhmədov hazırda bütün respublikada olduğu kimi Masallıda da böyük abadlıq işlərinin aparıldığını deyib: "Masallıda yeni sosial obyektlər istifadəyə verilir, yollar çəkilir, yaşayış məntəqələri qazlaşdırılır, kanalizasiya xətləri bərpa edilir. Bu bir tərəfdən rayonun abadlaşdırılmasına xidmət edirsə, digər tərəfdən də yüzlərlə yeni iş yerlərinin açılması deməkdir". Sədr müavini bu ilin payızında keçiriləcək prezident seçkilərində YAP Masallı rayon təşkilatının bütün üzvlərini daha fəal olmağa və cənab Prezident İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb.

Görüşdə həmçinin YAP Siyasi Şurasının üzvü, Prezident təqaüdçüsü Şirvan Əbilov da çıxış edib. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısında misilsiz xidmətlərinin danılmaz olduğunu qeyd edən Ş.Əbilov Prezident İlham Əliyevin həmin siyasəti uğurla davam etdirdiyini bildirib. O, Masallı sakinlərinin seçkilərdə xalqımızın ləyaqətli oğlu İlham Əliyevin namizədliyini müdafiə edəcəklərini deyib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşdə səsləndirilən fikirlərlə həmfikir olduğun bildirib. Masallıda həyata keçirilən böyük sosial layihələrdən danışıb. İcra başçısı Masallı seçicilərinin cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti bundan sonra da dəstəkləyəcəklərini diqqətə çatdırıb. Daha sonra YAP Sədrinin müavini Əli Əhmədovun Masallı gəncləri iə dəyirmi masa arxasında görüşü keçirilib. Tədbirdə çıxış edən Əli Əhmədov son dövrlər sosial şəbəkələrdə gənclərin fəallığının artdığını diqqətə çatdırıb: "Lakin az sayda olsa da bəzi müxalifət qüvvələrinin respublikada görülən böyük işlərə kölgə salmaq cəhdlərinə rast gəlinir". İcra katibi əlavə edib ki, Masallı gəncləri də sosial şəbəkələrdə fəal olmalı və bu kimi təxribatçılara tutarlı cavab verməlidirlər. Əli Əhmədov bir daha gəncləri Prezident İlham Əliyevin ətrafında birləşməyə səsləyib. Tədbirdə çıxış edən gənclər də öz növbələrində ölkədə gedən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Masallı rayonunda da diqqətəlayiq işlərin görüldüyünü, rayonda tez-tez respuklika səviyyəli yarışların keçirildiyini qeyd ediblər. 2013-cü ildə rayonda istifadəyə veriləcək Boks, Taekvendo Mərkəzlərinin, həmçinin Boradigah qəsəbəsində İdman Kompleksinin dövlətin region gənclərinin qayğılarına diqqətinin bariz nümunəsi olduğunu bildiriblər. Daha sonra çıxış edən gənclər lazım gələrsə, ölkədə təxribat törətmək istəyən qüvvələrə qarşı var qüvvələrini sərf edəcəklərini və ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətini hər zaman müdafiə edəcəklərini bildiriblər.

Digər xəbərlər