PDF Oxu

Əsas

  • 75

Ulu Öndər, əbədiyaşar Lider Heydər Əliyevin 90 illik yubileyi xalqımız tərəfindən böyük coşqu hissi ilə qeyd olunacaq

Ulu Öndər, əbədiyaşar Lider Heydər Əliyevin 90 illik yubileyi xalqımız tərəfindən böyük coşqu hissi ilə qeyd olunacaq

Prezident İlham Əliyevin Sərəncamından: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır"

(Əvvəli ötən sayımızda )

Bu il Azərbaycan xalqının görkəmli oğlu, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü tamam olmaqdadır. Müasir, müstəqli Azərbaycanın banisi, nəhəng dövlət xadimi Heydər Əliyevin xalqımızın əbədiyaşar Lideri kimi gördüyü mütərəqqi işləri ölkəmizin dünyada tanınmasına təkan vermişdir. Bu gün istər regionda, istərsə də beynəlxalq aləmdə Azərbaycanın adı yüksək və mötəbər məclislərdə səslənir. Eyni zamanda, ölkəmizin dinamik inkişafı Heydər Əliyev konsepsiyasının, siyasi kursunun məntiqi nəticəsidir. Məhz belə əhəmiyyətli amillərin üzərində Heydər Əliyev dühasının dayanması Azərbaycan adlı müstəqil respublikamızın qüdrətini dünyaya sərgiləyir.

Bu gün Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, Prezident İlham Əliyev apardığı uğurlu, praqmatik və məqsədyönlü siyasəti ilə ölkəmizin adını dünya tarixinə qızıl hərflərlə yazır.

Ulu Öndər Heydər Əliyev - hüquqi islahatların leytmotivi

Tarixin müxtəlif mərhələlərinə nəzər salsaq, milyonların içərisində öz uzaqgörənliyi, qətiyyəti və iradəsi ilə seçilən liderlərin və fenomenal şəxsiyyətlərin baş verən hadisələrə təsir imkanları, bu hadisələrin istiqamətini düzgün məcraya yönəltmək bacarığı səhifə-səhifə göz önündə canlanar. Tale həm də bəzən xalqları, ölkələri sərt sınaqlara çəkir, üzücü müharibələr, sosial kataklizmlər, tənəzzül və böhran minilliklərin nailiyyətlərini təhlükə altına alır, tarixi tərəqqi məhvə sürüklənir. Belə hallarda cəmiyyət bəşəri bir xilaskarın gəlişinə ehtiyac duyur. Həmin şəxsiyyət öz xilaskarlıq missiyasını yerinə yetirdikdən sonra tarixdə əbədi iz qoyur...Ümummilli Lider Heydər Əliyev də Azərbaycan xalqının tarixinə və taleyinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Böyük Öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu bir dövlət olaraq dahiliklə müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, ehkamlaşmış köhnə stereotiplər çərçivəsini dağıdaraq milli ruhun, milli ideologiyanın yüksəlişinə təkan vermişdir. Bu illər ərzində Azərbaycan xalqı, sözün həqiqi mənasında, misilsiz inkişaf yolu keçmişdir. Ən başlıcası, demokratik, müstəqil, dünyəvi və hüquqi Azərbaycan dövləti bərqərar olmuşdur. Bu, xalqımızın həm iqtisadi, həm siyasi, həm də mənəvi sərvətidir. Bu tarixi qələbəni lazımınca qiymətləndirmək, qorumaq, möhkəmlətmək və ona dönməz xarakter vermək Azərbaycan milli ideologiyasının mahiyyət və məzmununu təşkil edir.

Qarşıda duran ən mühüm vəzifələrdən biri müstəqil Azərbaycan Respublikasının dövrün tələblərinə uyğun hüquqi dövlət və idarəetmə strukturlarını yaratmaq idi...

Hələ Azərbaycana ilk rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə üzləşməsinə baxmayaraq, Heydər Əliyev dühası heç bir çətinlikdən qorxmayaraq xalqda tarixi keçmişi, dili, mədəniyyəti, milli adət-ənənələri haqqında əsaslı təsəvvürlər formalaşdırmağa nail olmuşdur. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq ideyasının, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması və hüquqların qorunması prinsipləri əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi faktlara çevrilməsidir. 1992-ci ildə hakimiyyətə normal siyasi mübarizə nəticəsində yox, güc yolu ilə gələn AXC-Müsavat təmsilçiləri artıq 1993-cü ilin əvvəllərində xalqın etimadını tamamilə itirdiklərini görürdülər. Yenicə müstəqil olmuş ölkə isə dərin xaos, anarxiya, hakimiyyətsizlik ucbatından parçalanmaq, suverenliyini itirmək üzrə idi. Qarşıda duran ən mühüm vəzifələrdən biri müstəqil Azərbaycan Respublikasının dövrün tələblərinə uyğun hüquqi dövlət və idarəetmə strukturlarını yaratmaq idi və Ulu Öndərimiz Heydər Əliyev bu vəzifəni də özünəməxsus ustalıqla həll etdi. Ölkəmizdə hüquqi islahatların həyata keçirilməsi üçün, hər şeydən əvvəl, yeni konsepsiya işlənib hazırlanmalı idi ki, bu konsepsiya azad cəmiyyətin formalaşmasına, demokratik, hüquqi dövlət quruculuğuna, qanunun aliliyinə və bununla da insan hüquqları və azadlıqlarının müdafiəsinə təminat yaratsın. Ulu Öndər təkrar-təkrar deyirdi: "Dövlət - dövlətçiliyi qorumalıdır!" Çünki Dahi Liderimiz bütün sahələrdə davamlı islahatların əsasını qoymaqla yanaşı insan hüquq və azadlıqlarına da böyük önəm verirdi. Təsadüfi deyil ki, Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyəti illərində insan hüquqları və azadlıqlarının təmini məqsədilə həyata keçirdiyi hüquqi islahatların ən mühümü məhz yaşamaq hüququnun təmin edilməsi oldu. Ali insanpərvərlik prinsiplərini rəhbər tutan Ümummilli Liderimizin ilk qərarlarından biri məhz ölüm cəzasının tətbiqinə moratorium qoyulması oldu. Daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırıldı və 1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv edildi. Bu tarixi addım insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan rəhbərimizin gələcək nəsillərə misilsiz töhfəsi oldu və bütün dünyaya göstərdi ki, Azərbaycan hüquqi, demokratik dövlət quruculuğu yolunda inamla irəliləyir. Ulu Öndərimizin bu münasibətlə 1998-ci il 3 fevral tarixli müraciətində deyilirdi: "Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm".

Cəmiyyətin inkişafı, insan hüquqları və azadlıqlarının təmin edilməsi üçün tamamilə yeni hüquq və məhkəmə sisteminin qurulması zəruri idi

Ulu Öndər Heydər Əliyevin apardığı humanist siyasət nəticəsində 1995-ci ildən etibarən verilmiş əfv və amnistiya aktları ilə minlərlə məhkum azadlıqdan məhrumetmə yerlərindən buraxılaraq öz ailələrinə qovuşmuşdur. Cəmiyyətin inkişafı, insan hüquqları və azadlıqlarının təmin edilməsi üçün tamamilə yeni hüquq və məhkəmə sisteminin qurulması zəruri idi. Buna görə də dahi şəxsiyyətin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanmış və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmişdir. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarının təmin edilməsi, ölkəmizin Avropa Şurasına inteqrasiyasını sürətləndirmək məqsədilə Ulu Öndərimiz tərəfindən bir sıra mühüm fərman və sərəncamlar imzalandı, hüquqi islahatların həyata keçirilməsi üçün "Azərbaycan Respublikası Prezidentinin yanında hüquqi islahat komissiyasının yaradılması haqqında" Sərəncam verildi. Həmin komissiya "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlar hazırladı. Beləliklə, ölkəmizdə məhkəmə-hüquq sistemində köklü islahatların aparılmasına imkan açıldı. Ulu Öndərin 2002-ci il 22 iyun tarixli Fərmanı ilə Konstitusiyada dəyişikliklər edilməsi üçün referendum təyin olundu. Fərmanda göstərilirdi ki, respublikamızın "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulması, ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsi, seçki sisteminin təkmilləşdirilməsi və digər hallarla əlaqədar yeni müddəaların Azərbaycan Respublikası Konstitusiyasında əks etdirilməsi zəruridir. Referendumun nəticələrinə müvafiq olaraq Konstitusiyaya edilən düzəlişlər insan hüquqları və azadlıqlarının qorunmasını daha da gücləndirdi, vətəndaşlara məhkəmələrə, ombudsmana, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verdi, ölkənin seçki sistemini daha da təkmilləşdirdi. Sözsüz ki, bütün bunlar Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu böyük islahatlardır.

Ombudsman Aparatının yaradılmasında Ulu Öndər Heydər Əliyevin rolu

Qeyd etdiyimiz kimi, respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq-müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub. İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən Ulu Öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı, habelə, 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulub. Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamıdır. 2001-ci il dekabrın 28-də isə Milli Məclis "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Konstitusiya Qanununu qəbul edib. Müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılıb. 2002-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. Azərbaycanın ilk ombudsmanı 2002-ci il iyulun 2-də Milli Məclisdə Prezident Heydər Əliyevin təqdim etdiyi üç namizəd arasından 111 səslə seçilib. Azərbaycanda Ombudsman Aparatının yaradılması bütünlüklə insan hüquq və azadlıqlarının təmininə və qorunmasına, vətəndaş cəmiyyətinin, demokratiya meyarlarına cavab verən dövlətçiliyin daha da möhkəmlənməsinə və buna uyğun insan hüquqları sisteminin inkişaf etdirilməsinə yönəlmişdir. Ulu Öndər Heydər Əliyevin təqdimatı ilə 2002-ci il iyulun 2-də Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycanın ilk Ombudsmanı vəzifəsinə Elmira Süleymanovanı seçmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) vəzifəsinə irəli sürdüyü üç namizəd arasından E.Süleymanova 2010-cu il martın 5-də Milli Məclis tərəfindən bu vəzifəyə yenidən seçilmişdir.

(Ardı var)

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər