Prezident İlham Əliyev: "Ana dilimiz bizim toxunulmaz sərvətimizdir"
Məlum olduğu kimi, YUNESKO 2000-ci ildən etibarən 21 fevralın "Dünya Ana Dili Günü" olaraq qeyd olunmasını elan etmişdir. YUNESKO-nun hesablamalarına görə 21-ci əsrin sonuna qədər mövcud olan dillərin yüzdə 50-si yox olacaqdır.
Ümumiyyətlə isə, dil ünsiyyət vasitəsi olmaqla bərabər, eyni zamanda, həyat tərzimizi də müəyyən edir. Belə ki, dillərin yox olması, biloji müxtəlifliyə də mənfi təsir göstərir. Məhz dillərin məhv olması, bəşəriyyət tarixində min illərdir davam edən orijinal həyat tərzlərinin də məhv olmasına gətirib çıxarır. Bu mənada, genetik müxtəliflik necə vacib isə, dillərin çoxluğu da insan oğlunun bilik və təcrübə mənbəyi olaraq əsas təşkil edir və qorunmalıdır.
Təsadüfi deyildir ki, məşhur alman filosof Martin Haydigger dili, varlığın evi adlandırır. Məhz dil ilə var olur insan. Ətrafdakı bütün əşyalar və varlıqlar dil vasitəsilə məna qazanır. İnsanın dünya ilə tanışlığı, onu mənalandırması, məfhumlaşdırması və özünü dünyada ifadə etməsi dil ilə mümkün olur. Bu kontekstdə ana dilimiz olan Azərbaycan dilinin aktuallığı və funksionallığına dair Ümummilli Lider Heydər Əliyevin söylədiyi fikirlər əvəzolunmazıdır: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də, xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur". Bu ifadələr, eyni zamanda, bir həqiqəti də açıb göstərir: dövlət dilini inkişaf etdirmək üçün dövlətçilik təfəkkürü lazım idi. Bu təfəkkür isə ən yüksək səviyyədə Heydər Əliyevin özünə xas idi. Digər tərəfdən, Ümummilli Lider Heydər Əliyevın "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm" fikri onun məşhur "Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam" kəlamı ilə də vəhdət təşkil edir. Bu mənada, Azərbaycan dili mövzusu Ümummilli Liderin hər zaman ciddi şəkildə diqqət mərkəzində olmuşdur. Təsadüfi deyildir ki, Ali məktəblər üçün yazılmış dörd cildlik "Müasir Azərbaycan dili" dərsliyi 1974-cü ildə məhz Ulu Öndərin təşəbbüsü ilə milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirilərək, respublikanın Dövlət mükafatına layiq görülmüşdür.
Yeri gəlmişkən qeyd etməliyəm ki, müstəqilliyimizin onuncu ilində Ümummilli Lider Heydər Əliyev bir daha dil probleminə müraciət edərək, "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman vermişdir: "Azərbaycanın dövlət müstəqilliyinin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi məqsədi ilə verilmiş bu Fərman, heç şübhəsiz, həm də Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir.
Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Cənab İlham Əliyev də 10 illik prezidentlik dövründə Azərbaycan dilinin qorunmasi və inkişaf etdirilməsi sahəsində ciddi işlər görmüşdür. Belə ki, onun AMEA-nın illik ümumi yığıncağında söylədiyi fikirlər sön dərəcə əhəmiyyət kəsb edir: "Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynayıb. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq".
Yuxarıda Cənab Prezident tərəfindən qeyd olunan fikirlərin əyani sübutunu isə Onun imzaladığı fərmanlarda,sərəncamlarda və icra olunan işlərdə görmək mümkündür. Belə ki, dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" və "Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında" Sərəncamları üzrə nəşrlər həyata keçirilməkdədir.
Digər tərəfdən, Prezident İlham Əliyevin 2012-ci ildə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Sərəncamın imzalaması, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qurulması və Tərcümə Mərkəzinin yaradılması da qeyd etdiyimiz fikirləri təsdiqləyici arqumentlərdir.
Nəticədə, Azərbaycan dili Ümummilli Lider Heydər Əliyevin bizə miras qoyub getdiyi siyasi kurs və Cənab Preziden İlham Əliyevın layiqli şəkildə bu kursu çoxşaxəli şəkildə icra etməsi, eyni zamanda, Azərbaycan dilçiliyi sahəsində aparılan tədqiqatlara da öz təsirini göstərməkdədir. Bu baxımdan 21 Fevral Dünya Ana Dili Günü bizlər üçün hər zaman aktuallığını qoruyub saxlayır.
Rəşad İlyasov,fəlsəfə doktoru