PDF Oxu

Əsas

  • 81

YAP gəncləri “Xocalıya ədalət” kampaniyası çərçivəsində e-mail aksiyası keçirib

YAP gəncləri “Xocalıya ədalət” kampaniyası çərçivəsində e-mail aksiyası keçirib

Seymur Orucov: "Bir çox Avropa ölkələrinin qəbul etdiyi sənədlər erməniləri şoka salıb"

Dünən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi "Xocalıya ədalət" kampaniyası çərçivəsində e-mail aksiyası keçirib. Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov, Gənclər Birliyinin sədr müavinləri, partiyanın Bakı şəhər təşkilatlarının gənclər birliklərinin fəalları iştirak edib.

Tədbiri giriş nitqi ilə açan YAP GB-nın sədri Seymur Orucov bildirib ki, Xocalı soyqırımının təbliğatı ilə bağlı Azərbaycanda və ölkə hüdudlarından kənarda hər il bir çox işlər görülməkdədir. Eyni zamanda bu işlərin aparılması istiqamətində mütəmadi fəaliyyət göstərilir ki, həmin fəaliyyətlər çərçivəsində azərbaycanlı gənclərin aktivliyi xüsusilə seçilir.

S.Orucov xüsusilə Heydər Əliyev Fondunun Xocalı soyqırımının təbliğatı və beynəlxalq aləmdə tanıdılması istiqamətində aparılan bütün tədbirlərə dəstək verdiyini vurğulayıb: "Yeni Azərbaycan Partiyasının gəncləri də Azərbaycanın aparıcı qüvvəsi hesab olunur. Belə olan təqdirdə, biz gənclər qərara gəldik ki, müxtəlif yollarla Xocalı soyqırımı ilə bağlı aparılan işlərə dəstək verək. Biz hal-hazırda Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin bu məsələlərə baxan müvafiq strukturlarına lazımi müraciətlərimizi etmişik. Bir çox Avropa ölkələrinin qəbul etdiyi sənədlər hətta indi erməniləri də şoka salıb. Amerika ölkələrinin bir çoxunda bu sənədlər artıq qəbul edilməkdədir".

Müsəlman dünyasının da Xocalı soyqırımının tanıdılmasına ciddi dəstək verdiyini bildirən S.Orucov onu da qeyd edib ki, gənclər gördükləri işlərlə məhdudlaşmayacaqlar və gələcəkdə daha ardıcıl istiqamətdə, yeni ideyalarla çıxışlar edəcəklər: "Biz gənclər də bu işdə həmişə aktiv olmuşuq və bundan sonra da bunu davam etdirəcəyik. Bu tədbir son deyil. Biz nəzərdə tutmuşuq ki, Millət vəkillərinin də iştirakı ilə dəyirmi masalar təşkil edək. Bununla belə, fevralın 26-da gənclərlə birlikdə Xocalı abidəsini ziyarət edəcəyik. Avropa dövlətlərinin Xocalı soyqırımını tanıması bizim böyük uğurumuzdur".

Tədbirdə çıxış edən YAP GB Mərkəzi Ofisinin rəhbəri Sərraf Hüseynov gənclərə "Xocalıya ədalət" kampaniyası çərçivəsində ingilis dilində hazırlanmış müraciətin göndərilmə şərtlərini izah edib: "Adıçəkilən müraciət gənclər tərəfindən ABŞ Dövlət Departamentinin müxtəlif qurumlarına, insan haqlarının müdafiəsi ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarına göndərilib".

Müraciət göndərilən ünvanlardan baş vermiş bu dəhşətli hadisəyə konkret münasibət bildirmələri, təmsil olunduqları ölkələrdə və ali kürsülərdə Xocalı soyqırımı haqqında məlumat vermələri, bu cinayətin hüquqi qiymətləndirilməsi üçün kömək göstərmələri xahiş olunub. Tədbirin sonunda "Xocalıya ədalət" kampansiyası çərçivəsində SƏS TV-nin hazırladığı qısametrajlı sənədli film nümayiş olunub.

Xatırladaq ki, aksiya fevral ayının sonuna kimi davam etdiriləcək.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər