PDF Oxu

Əsas

  • 74

"Xocalı soyqırımı-əsrin faciəsidir"

YAP Tərtər rayon təşkilatı gənclərlə Xocalı faciəsinin 21 illiyilə bağlı tədbir keçirib

"Xocalı soyqırımı-əsrin faciəsidir"

Dünən YAP Tərtər rayon təşkilatı gənclərlə "Xocalı soyqırımı-əsrin faciəsidir" mövzusunda faciənin 21-ci ildönümü münasibətilə anım tədbiri keçirdi. Rayon təşkilatının qərargahında keçirilən tədbirdə iştirak edən gənclər öncə, Xocalı soyqırımında qətlə yetirilən soydaşlarımızın ruhlarını bir dəqiqəlik sükutla yad etdilər.

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov çıxış edərək, Xocalı soyqırımının Azərbaycan xalqı üçün ağır nəticələri haqqında danışdı. R.Şabanov əsrin faciəsi olan Xocalı soyqırımının tək Azərbaycan xalqına qarşı deyil, bütövlükdə, bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğuladı: "Azərbaycan xalqı, xüsusilə də, gənclərimiz bu dəhşətli faciəni unutmamalı, onu qəlblərində yaşatmalı, faciəni törədənlərin layiqli cavab almaları üçün əllərindən gələni etməlidirlər."

Rayon təşkilatının sədri onu da söylədi ki, beynəlxalq ictimaiyyət hələ də bu faciəyə hüquqt və siyasi qiymət verməyib: "Azərbaycanın bir şəhəri, bütövlükdə, yerlə yeksan edilib, 613 nəfər dinc sakin qətlə yetirilib. Lakin təəssüfedici bir haldır ki, bu cinayəti törədən şəxslər hələ də azadlıqda gəzirlər. Bu cinayət təkcə Azərbaycana qarşı deyil, eyni zamanda, bəşəriyyətə qarşı törədilmiş ən qəddar cinayətlərdəndir".

R.Şabanov çıxışında, onu da vurğuladı ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin apardığı haqq işinin qalib gələcəyini, beynəlxalq təşkilatların, dünya dövlətlərinin ermənilərin vəhşiliyinə siyasi qiymət verəcəyini, erməni faşistlərinin beynəlxalq məhkəmə qarşısında cavab verəcəyinə əmin olduğunu bildirdi. YAP Tərtər rayon təşkilatı şurasının üzvü, rayon gənclər və idman idarəsinin rəisi Elvin Umudov Xocalı faciəsinin bəşər tarixinin ən qanlı səhifəsi olduğunu bildirdi: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri ilə Xankəndi şəhərində yerləşdirilmiş Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini vəhşicəsinə zəbt etdilər. Bu faciənin hələ də beynəlxalq aləmdə soyqırımı kimi tanınmaması xalqımız tərəfindən qınanılır."

YAP Tərtər rayon təşkilatı gənclər birliyinin sədri Yadigar Səfərov Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş qanlı cinayət olduğunu bildirdi: "Hər il fevral ayının 26-sı, saat 17-00-da Xocalı soyqırımında qətlə yetirilmiş soydaşlarımızın, vətəndaşlarımızın ümumrespublika səviyyəsində bir dəqiqəlik sükutla yad edilməsi təşəbbüsü məhz Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülmüşdür". Y.Səfərov, həmçinin, bu hadisənin daha dərindən öyrənilərək, dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırılmasında gənclərin rolunun böyük olduğunu söylədi.

Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşı Samirə Rəsulova, rayon gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Turqut Mustafazadə, rayon telekommunikasiya qovşağının operatoru Natiq Aslanov, rayon 1 saylı tam orta məktəbin uşaq gənclər birliyinin sədri Tunarə Bayramlı, rayon 1saylı tam orta məktəbin VIII sinif şagirdi Sevinc Mürsəlli, rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov və başqaları öz çıxışlarında bildirdilər ki, şəhidlərimizin intiqamı alınmayınca, işğal altında olan torpaqlar geri qaytarılmayınca, erməni işğalı nəticəsində həlak olmuş şəxslərin ruhları Tanrı dərgahında rahat olmayacaq.

A.Səmədova

Digər xəbərlər