Fevralın 22-də Milli Məclisin növbəti iclası öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, gündəliyinə 17 məsələ daxil edilmiş iclası Milli Məclisin sədri Oqtay Əsədov açaraq Xocalı soyqırımının törədilməsindən 21 il ötdüyünü bildirmişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə və dünyanın bir çox dövlətlərində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri keçirilir.
Xocalı soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra iclasda əvvəlcə cari məsələlərə baxılmış, deputatlar Xocalı soyqırımının dünya ölkələrinin parlamentləri tərəfindən tanınması ilə bağlı rəy və təkliflər irəli sürmüşlər.
Milli Məclisin sədri Oqtay Əsədov qaldırılan məsələlərə münasibət bildirdikdən sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanılmışdır.
İclasda "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi barədə" qanun layihəsinə baxılacaq, "Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Anlaşma Memorandumu" təsdiq ediləcəkdir.
Sonra "Azərbaycan Respublikası və Argentina Respublikası arasında vergi məlumatlarının mübadiləsi haqqında", "Azərbaycan Respublikası və İspaniya Krallığı arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında" sazişlərə münasibət bildiriləcəkdir.
Deputatlar İnzibati Xətalar Məcəlləsində, "Reklam haqqında", "Veteranlar haqqında", "Dini etiqad azadlığı haqqında", "Əmək pensiyaları haqqında", "Könüllü fəaliyyət haqqında", "Dərman vasitələri haqqında" qanunlara dəyişikliklər edəcəklər.
Bundan əlavə, iclasda Azərbaycan Respublikasının 2001-ci il 8 may tarixli 129-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə"də, "Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə"də, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda, habelə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər olunacaqdır.
AzərTAc