YAP Qax rayon təşkilatı gənclər birliyi Xocalı faciəsini andı
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatı gənclər birliyi Xocalı faicəsinin 21-ci ildönümü ilə bağlı "XX əsrin qanlı fevral gecəsi" mövzusunda anım tədbiri keçirib. Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra YAP Qax rayon təşkilatı gənclər birliyinin sədri Elbrus Tağıyev əsrin faciəsi olan Xocalı soyqırımın aqressiv, cinayətkar və terrorçuluğu dövlət səviyyəsinə qaldırmış Ermənistanın rəsmi siyasətinin nəticəsi olduğunu bildirib. E.Tağıyevin sözlərinə görə, XX əsrin sonunda baş vermiş bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir: "Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı, eyni zamanda, bəşər tarixinin ən genişmiqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. 21 il əvvəl 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşdirilən ruslara məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc mülki əhalisinə divan tutaraq, şəhəri yerlə yeksan etdilər. 1988-ci ildən 1993-cü ilə qədər Ermənistanın hərbi birləşmələrinin Xankəndində yerləşən Rusiya ordusuna məxsus 366-cı alayın şəxsi heyətinin və texnikasının köməyi ilə onlarla azərbaycanlı kəndində soyqırımı aktları törədildi. 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı, həmin il aprelin 7-də isə Kəlbəcər rayonunun Ağdaban kəndlərində kütləvi qırğınlar törədilib. Hər iki kənddə əhalinin 70 faizi qətlə yetirilib".
E.Tağıyev onu da vurğulayıb ki, tarix boyu Azərbaycan xalqının başına gətirilən digər faciələr kimi, məhz Xocalı soyqırımına da ilk siyasi qiyməti xalqımızın Ümummilli Lideri Heydər Əliyev verdi: "1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı fərmanlarla bu faciə xalqımıza qarşı törədilən soyqırımı kimi qiymətləndirilmiş, Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuşdur".
Mərasimdə çıxış edənlər faciənin bütün azərbaycanlıların qan yaddaşına həkk olunduğunu söyləyiblər.
Tədbirin sonunda gənclərə Xocalı faciəsinə həsr olunmuş "Xoca" filmi nümayiş olundu.
R.Hüseynova