PDF Oxu

Əsas

  • 76

XOCALI SOYQIRIMI - 21 İL

YAP Ağdam rayon təşkilatında faciə qurbanları anıldı

XOCALI SOYQIRIMI - 21 İL

YAP Ağdam rayon təşkilatında Xocalı soyqırımının 21 illiyi ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları faciə qurbanlarının ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev tarix boyu Azərbaycan xalqının başına gətirilən bəlalardan bəhs etdi. İ.Quliyev bildirdi ki, Xocalı soyqırımı da Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub: "Azərbaycan xalqı zaman-zaman öz tarixi torpaqlarından məhz erməni qəsbkarları tərəfindən qovulmuş qaçqın və məcburi köçkünə çevrilmişdir". Təşkilat sədri azərbaycanlıların öz tarixi, etnik torpaqlarından ermənilər tərəfindən çıxarılması prosesinin hələ sovet dönəmində baş verdiyini diqqətə çatdırdı. O, 1948-1953-cü illərdə Ermənistandan 150 mindən artıq azərbaycanlının deportasiya olunduğunu, eyni zamanda, 1988-ci ildən başlayaraq, 250 mindən artıq soydaşımızın dədə-baba torpaqlarından məhz ermənilərin məkrli siyasəti nəticəsində köçürüldüyünü də vurğuladı. İ.Quliyev 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələrin məhz erməni iddialarının "dənizdən-dənizə Ermənistan" adlı sərsəm bir arzunun nəticəsini Azərbaycanın kənd və şəhərlərinin on minlərlə günahsız soydaşlarımızın ölümü ilə müşahidə olunduğunu söylədi. Amma bütün bunlara baxmayaraq, beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan Dağlıq Qarabağı özününküləşdirmək kimi yanlış bir niyyətindən də əl çəkməyərək, bu yolda cinayət və vəhşiliklərə də hazır olduğunu nümayiş etdirir deyən təşkilat sədri XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının da bu aqressiv cinayətkar siyasətin nəticəsi olduğunu bildirdi: "XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Elə buna görə də, Xocalı soyqırımı əsrin Xatın, Xirosimo kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Bəşəri cinayətləri törədənlər isə gec-tez həm ədalət, həm də elə bəşəriyyət, insanlıq qarşısında cavab verməlidirlər".

Tədbirdə çıxış edən Ağdam dövlət sosial-iqtisad kollecinin müəllimi Hamlet Cəfərov, YAP Ağdam rayon gənclər birliyinin sədri Amil Cavadov və başqaları çıxış edərək, vurğulayıblar ki, ermənilərin törətdiyi Xocalı soyqırımı insanlığa və bəşəriyyətə qarşı cinayət olub. Bu cinayət isə cəzasız qalmayacaq.

A.Səmədova

Digər xəbərlər