Qubalılar Xocalı faciəsinin qurbanlarını andılar
Xocalı faciəsinin 21 illiyi ilə bağlı respublikamızın və dünyanın bir çox yerlərində tədbirlər keçirilməkdədir. Quba rayon icra hakimiyyəti və YAP Quba rayon təşkilatının təşkilatçılığı ilə Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Mərasim iştirakçıları ilk öncə Xocalıda həlak olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra faciə ilə bağlı vidoçarx nümayiş etdirilib. YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev çıxış edərək, bildirib ki, Xocalı soyqırımı aqressiv, cinayətkar və terrorçuluğu dövlət səviyyəsinə qaldırmış Ermənistanın rəsmi siyasətinin nəticəsidir. Ə.Nəbiyevin sözlərinə görə, XX əsrin sonunda baş vermiş bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir: "Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı, eyni zamanda, bəşər tarixinin ən genişmiqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir.
Tədbirdə Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev çıxışında bildirib ki, bu gün dünya dövlətləri ərazi bütövlüyü prinsipini rəhbər tutaraq, beynəlxalq terrorizmə və təcavüzkarlığa qarşı vahid cəbhədə birləşməlidir: "Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Lidise, Sonqmı faciələri ilə eyni səviyyədə durur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə rus-erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı, müntəzəm olaraq, həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifələrindən biridir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməklə erməni şovinistləri, ideoloqları Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq istəyirdilər".
M.Ağayev onu da söyləyib ki, tarix boyu Azərbaycan xalqının başına gətirilən digər faciələr kimi, məhz Xocalı soyqırımına da ilk siyasi qiyməti xalqımızın Ümummilli Lideri Heydər Əliyev verdi.
Mərasimdə Quba rayon ağsaqqallar şurasının sədri Həsən Günəşli, Azərbaycan Müəllimlər İnstitutu Quba filialının direktoru Əli Allahverdiyev, YAP Quba rayon təşkilatı qadınlar şurasının üzvü Solmaz Mehdiyeva, Quba dövlət sosial-iqtisadi kollecinin direktor müavini Səməndər Abbasov və başqaları çıxış edərək, faciənin bütün azərbaycanlıların qan yaddaşına həkk olunduğunu söyləyiblər.
RƏFİQƏ