Yevlax ictimaiyyəti Xocalı soyqırımının qurbanlarını yad etdi
Dünən Yevlax rayon icra hakimiyyəti YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirdi. Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Xocalı soyqrımına həsr edilmiş film nümayiş etdirildi. Anım mərasimini Yevlax rayon icra hakimiyyəti başçısının I müavini Qənimət Qaraşov açaraq erməni millətçilərinin əsassız iddialarından, ölkə Prezidenti İlham Əliyevin dövlətçiliyimiz naminə apardığı haqq işindən danışaraq bildirdi ki, Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünyanın bəşəri faciəsidir: "Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülmüş, işgəncələrə məruz qalmış və şikəst edilmişlər. Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması və bu istiqamətdə hər birimizin fəallıq göstərməyimiz olduqca vacibdir".
Q.Qaraşorv Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin böyük qüvvə kimi Ağ Evin rəsmi saytında yerləşdirilmiş Xocalı soyqırımı və Dağlıq Qarabağla əlaqədar petisiyaya münasibətin sübut etdiyini mərasim iştirakçılarının nəzərinə çatdıraraq gəncləri bu işdə daha fəal olmağa çağırdı. Natiq onu da vurğuladı ki, Ümummilli Liderimiz, böyük şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad edilməsi üçün əzmlə mübarizə aparmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu siyasəti ardıcıl və geniş şəkildə davam etdirir. Cənab İlham Əliyev dəfələrlə birmənalı şəkildə təkrar edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmamış, heç bir danışıqdan söhbət gedə bilməz.
Tədbirdə Xocalı sakinləri o gecə baş verən hadisələrdən, başlarına gələn müsibətlərdən danışaraq qəlblərində düşmənə nifrət hissini bir daha aşılamışlar.
Anım mərasimində partiya fəallarından Rafiq Əliyev, Xaliq Əliyev, YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova, rayon ağsaqqallar şurasının sədri Knyaz Əliyev, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev və başqaları çıxış edərək bildirdilər ki, Xocalı faciəsi bir xalqa, millətə edilmiş soyqırımı olmaqla ümumən insanlığa vurulmuş ən böyük zərbədir. Təəssüf ki, insan hüquqlarından danışan dünyanın hegomon ölkələrinin əksəriyyətində bu soyqırım tanınmır. Amma biz inanırıq ki, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tez bir zamanda bütün dünya yüzlərlə qətliamin səbəbkarı olan qəddar, vəhşi erməni sifətini tanıyacaqdır.
ÜLVİ