Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə "Xocalıya ədalət" kampaniyası: "Siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik" mövzusunda beynəlxalq konfrans keçirilib. Beynəlxalq konfransa Türkiyə, Moldova, Makedoniya, Bolqarıstan və Ukraynadan gəlmiş nümayəndələr də qatılıb. İlk öncə tədbirə gələn qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək tər gül dəstələri qoyublar. Sonra Xətai rayonu ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət ediblər. Tədbirə gəlmiş qonaqlar Heydər Əliyev Mərkəzində Xocalı faciəsini əks etdirən rəsm əsərlərindən ibarət guşə ilə tanış olublar.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Milli Məclisin deputatı Mixail Zabelin, Heydər Əliyev Fondunun nümayəndəsi Anar Ələkbərov, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor Lətif Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar Mərkəzinin direktoru Elman Nəsirov, Dövlət İdarəçilik Akademiyasının professoru Mürtəza Həsənov, Bakı Dövlət Universitetinin kafedra müdiri Anar İsgəndərov, Türkiyə, Qırğızıstan, Ukraynanın ölkəmizdəki səfirliklərinin nümayəndələri, Türkiyədən gəlmiş siyasi elmlər üzrə fəlsəfə doktoru Tayfun Atmaca, Ahıska Türk Dərnəkləri Federasiyasının Baş katibi Ertan Topçu, Türk Dünyası İnsan Hüquqları Təşkilatının sədri Abdullah Buksur, Bolqarıstanın Beynəlxalq İnsan Hüquqları üzrə eksperti Zəkiyə Həbib, Makedoniyadan gəlmiş tədqiqatçı Sezen Seyfullah, Moldova nümayəndəsi Ekatrine Petkoviç, Ükraynadan Taras Şevçenko adına Kiyev Milli Universitetinin dosenti, tarix elmləri namizədi Oleq Kupçik və Andjey Modjevskiy adına Krakov Akademiyasının professoru, Kiyev Milli Linqvistik Universitetinin hüquq fakültəsinin müdiri Aleksandr Merejko və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımını yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirib. Bu qətliamın müəlliflərinin isə özlərini dünyaya "əzabkeş xalq" kimi təqdim edən erməni millətçiləri olduğunu bildirirərək, xalqımızın yaddaşına əbədi həkk olunmuş tarixin ən böyük faciələrindən biri olan Xocalı soyqırımının hər il daha geniş miqyasda qeyd olunduğunu, fəlakət qurbanlarının xatirəsinin əziz tutulduğunu nəzərə çatdırıb. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımız tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilərək, bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiyanın müəyyənləşdiyini vurğulayıb. Məhz bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirərək Azərbaycan haqqında əsl həqiqətlərin beynəlxalq aləmə çatdırılması, bu istiqamətdə təbliğat və təşviqatın aparılması, erməni vandalizminin bütün gerçəklikləri ilə dünyaya nümayiş olunmasını mühüm amil kimi qeyd edib.
Daha sonra Xocalı soyqırımında həlak olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Xocalı qətliamının dəhşətlərini əks etdirən film nümayiş etdirilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov öz nitqində Xocalı sakinlərinə qarşı soyqırımı aktının Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin aşkar bir gerçəklik olduğunu bildirib. Xocalı faciəsi erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi kimi müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi riyakarlıqla həyata keçirilən bu mənfur siyasətə heç zaman ara verilmədiyini, gah qanlı toqquşmalara səbəb olmuş, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələndiyini vurğulayıb. Yeni Azərbaycan Partiyası Sədrinin müavini, İcra katibi Əli Əhmədov bu cür tədbirlərin keçirilməsində əsas məqsədin Xocalı faciəsinə bəşəriyyətin diqqətini yönəltmək olduğunu vurğulayıb: "Dünya dövlətləri, təşkilatları Xocalı faciəsinin həqiqətlərini bilsələr ona düzgün qiymətin verilməsinə nail ola bilərik. Düşünürəm ki, bütün vətəndaşlarımız Xocalı faciəsinin bütün beynəlxalq təşkilatlar qarşısında XX əsrin dəhşətli faciələrindən biri kimi tanıdılmasına nail olmaq üçün səylərini daha da artıracaqlar. Qarşımızda duran əsas vəzifələrdən biri də bu olmalıdır ki, bu cinayəti törədənlər qanun qarşısında cavab versinlər".
Öz növbəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov erməni millətçiləri tərəfindən törədilən vəhşiliklərin dünya ictimaiyyətinə daha geniş, səmərəli çatdırılmasının əhəmiyyətini qeyd edib.
Milli Məclisin deputatı Mixail Zabelin Dağlıq Qarabağ münaqişəsinin canlı şahidi kimi ermənilərin törətdiyi soyqırımı insan amansızlığının ən yüksək həddi kimi dəyərləndirib. Daha sonra Tayfun Atmaca "Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti", Oleq Kupçik "20-ci əsrdə Ukrayna və Azərbaycan xalqlarının soyqırımı: tarixi paralellər", "Ertan Topçu "Ahıska türklərinə qarşı sürgün siyasəti və Qafqaz bölgəsində cərəyan edən proseslər", Zəkiyə Həbib "İnsan hüquqları və Xocalı", Elman Nəsirov "Xocalı soyqırımı: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq təcrübə və onun tətbiqi mexanizmləri" mövzularında çıxışlar ediblər. Hər bir çıxış edən öz nitqində terrorun dininin və milliyyətinin olmadığını, erməni millətçiləri tərəfindən törədilmiş Xocalı faciəsini təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı vəhşilik kimi qiymətləndirib. Elmi ədəbiyyatda belə müharibələrin, insanları qırılan tərəfdə qorxu, vahimə yaratmaq, mübarizə və döyüş əzmini qırmaq, həmin tərəfin əsgərlərini fərariliyə sövq etmək məqsədilə törədildiyi bildirilir. Bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, hüquqi baxımdan soyqırımı kimi qəbul edilməsi, soyqırımı faktından onun törədicisi olan Ermənistana qarşı beynəlxalq müstəvidə təzyiq kimi istifadə edilməsi, soyqırımıda əsas təşkilatçı və cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması və sair məsələlərin həllini gözlədiyi vurğulanıb. Xocalı soyqırımına hələ də siyasi-hüquqi qiymətin verilməməsinin tarixi ədalətsizlik olduğu bildirilərək, Xocalının yer üzündən hər hansı təbii fəlakət nəticəsində deyil, məhz insan əli ilə dünya xəritəsindən silindiyi qeyd olunub. Bu kimi cinayətlər və işğal nəticəsində həyatlarını itirmiş insanların xatirəsinin yad edilməsinin vacibliyini qeyd edərək, həmçinin bu dəhşətli hadisə zamanı müxtəlif fiziki, mənəvi və maddi məhrumiyyətlərlə qarşılaşmış insanların qayğısına qalmağın zəruriliyi söylənib.