Fevral ayının 28-də Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti Brüsseldə, Avropa Parlamentinin (AP) və Avropa Xalqları Partiyasının (AXP) nümayəndələri ilə görüşlər keçirmişdir. Keçirilən görüşlərdə Avropa Parlamentinin üzvü, AXP-nin Beynəlxalq əlaqələr xidmətinin rəhbəri xanım Yoanna Yaretska-Qomezlə AXP və YAP arasında ikitərəfli əlaqələr müzakirə olunmuş və bu əlaqələr yüksək qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, 2011-ci ildə AXP-nin Buxarestdə qəbul edilmiş Yeni Əməkdaşlıq Platformasına xüsusi diqqət yetirilməli və ikitərəfli əlaqələr bu sənəd üzərində qurulmalıdır.
Avropa Parlamentinin üzvü, AXP-nın vitse-prezidenti Korin Vortman-Kul ilə görüşdə YAP-ın AXP ilə həyata keçirdiyi birgə layihələr yüksək qiymətləndirilmiş və bu istiqamətdə işlərin davam etdirilməsi məqsədəuyğun hesab olunmuşdur. Habelə, YAP gənclərinn AXP-də və Avropa Parlamentində keçirdiyi qısa müddətli təcrübə praktikası xüsusi qeyd olunmuş və belə layihələrin davam etdirilməsi müsbət tendensiya kimi dəyərləndirilmişdir. Litvanın keçmiş Prezidenti, hal-hazırda Avropa Parlamentinin deputatı V.Landsbergislə görüşdə Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilmiş bir neçə böyük beynəlxalq forum xüsusi qeyd edilmiş və belə tədbirlərin keçirilməsinin ölkənin xaricdəki imicinin yüksəlməsində müsbət rol oynadığı AP deputatı tərəfindən vurğulanmışdır.
AP tərəfindən təşkil edilmiş işçi naharında Latviyadan və Almaniyadan olan deputatlar xanım İnese Vaydera və İnqo Fridrix iştrak etmişlər. Nahar zamanı AP və Milli Məclis, AXP və YAP arasında olan munasibətlər müzakirə edilmiş, Avropanın Azərbaycana olan marağı, AXP və YAP arasında olan əməkdaşlığın səmərəli inkişafı qeyd olunmuşdur.
AP-nin üzvü, AXP-nin Azərbaycanla bağlı məruzəçisi, Ruminiyalı xanım Monika Makovey ilə görüşdə Azərbaycanda gedən siyasi proseslər müzakirə edilmiş, YAP-ın bu proseslərdə yaxından və fəal iştrakı müsbət amil kimi qeyd edilmişdir. Habelə, YAP-ın AXP-yə inteqrasiya məsələləri, bu istiqamətdə gələcəkdə aparılacaq işlər müzakirə edilmiş və xanım Monika Makovey bu əlaqələrin inkişafına olan dəstəyini qeyd etmişdir.
Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədovun AXP-nin Baş katibinin müavini Kristian Kremerlə keçirdiyi görüşdə AXP-nin YAP-la genişlənən əlaqələri, gələcək layihələr müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, hər iki tərəfdən olan səfərlər bu əlaqələrə müsbət təsir göstərir və belə səfərlərin davamlı olması qərara alınmışdır.
Görüşlərdə Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Haçıyev işkirak etmişdir.