İclasda insan hüquqları üzrə müvəkkilin illik məruzəsi müzakirə edildi
Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Xocalı Soyqırımının 21-ci ildönümü ilə bağlı dünyanın əksər dövlətlərində anım mərasimləri və toplantılar keçirilib. Bir çox ölkələrdə Ermənistanın təcavüzkar ölkə olduğu barədə qətnamələr qəbul olunub.
Oqtay Əsədov: "Azərbaycan həqiqətləri ildən-ilə özünü dünyada daha çox tanıtdıracaq və qəbul olunacaq"
Oqtay Əsədov bildirdi ki, tariximizin qara səhifəsi olan Xocalı faciəsinin dünya miqyasında tanınması üçün görülən işlər ildən-ilə genişlənir: "Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsində baş tutur. Eyni zamanda, baş verən hadisələr göstərir ki, bir çox ölkələrin 30-40 ilə keçdikləri yolları biz cox az bir zamanda böyük sürətlə keçirik. Xocalı soyqırımı ilə bağlı qətnamələr əvvəlcə Pakistan, Meksika və Kolumbiya parlamentlərində qəbul edilmişdi. Artıq ABŞ-ın 7 ştatı, Avropanın bir çox ölkələrində Azərbaycanın haqq səsi eşidilir. Son olaraq isə Bosniya və Hersoqovina parlamentində səs çoxluğu ilə qətnamə qəbul edilib. Eyni ilə Çexiya və Rumıniyada da Ermənistan təcavüzkar ölkə adlandırılmışdır. Hesab edirəm ki, bu, Azərbaycan diplomatiyasının növbəti təntənəsidir. Bu, bir daha sübut edir ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətinda aparılan işlər yüksək səviyyədədir". O.Əsədov Xocalı faciəsi ilə bağlı qərarlar qəbul edən ölkələrin parlament rəhbərlərinə təşəkkür məktubunun göndəriləcəyini də bildirib.
Cari məsələlərin müzakirəsi də demək olar ki, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərə həsr olundu.
Məlahət İbrahimqızı: "Prezident İlham Əliyevin titanik fəaliyyəti nəticəsində qısa müddət ərzində Xocalı faciəsi ilə bağlı həqiqətlər dünyada tanınır"
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ermənilərin həmişə tarixi saxtlaşdırmaq yolunu seçdiyini dedi: "Bir yalanı ermənilər yüz ildir ki, yorulmadan dünyaya inteqrasiya etmək istəyirlər. Amma Ulu Öndərimiz Heydər Əliyev Azərbaycana qarşı informsiya blokadasını darmadağın edərək, ermənilərin tarixin saxtalaşdırılması cəhdlərinin qarşısının alınmasında müstəsna xidmətlər göstərdi". M.İbrahimqızı bildirib ki, Prezident İlham Əliyevin titanik fəaliyyəti nəticəsində, artıq qısa müddət ərzində, Xocalı faciəsi ilə bağlı həqiqətlər dünyada tanınır. Onun fikrincə, bu fəaliyyətin nəticəsidir ki, erməni lobbisinin beşiyi olan ABŞ-ın 7 ştatı Xocalı qətliamını tanıyıb: "Eləcə də, ayrı-ayrı ölkələrin milli parlamentlərində Azərbaycanın haqlı işinə dəstək olaraq qətiyyətli mövqelər sərgilənir. Hesab edirəm ki, biz bu işimizi yalnız təkcə fevral ayında deyil, bütün ilboyu aparmalı, Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətə dəstəkçi olmalıyıq".
Millət vəkilləri Musa Qasımlı, Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Asəf Hacıyev qeyd etdilər ki, Xocalı soyqırımı ilə bağlı aparılan kampaniya artıq dünyada ermənilərin uydurma "soyqırım"ı iddialarını arxa plana keçirib. Dünya Azərbaycan həqiqətləri ilə tanış olur və Ermənistan təcavüzkar ölkə kimi ifşa edilir. Bütün bunlar Azərbaycan həqiqətlərinə dünya dövlətlərninin verdiyi qiymətdir. Qəbul olunan qətnamələrin əksəriyyətində isə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin yerinə yetirilməsi tələb olunur. Deputatlar bildirdilər ki, Azərbaycan Prezidenti İlham Əliyevin titanik fəaliyyəti erməni təbliğatını darmadağın edir. Azərbaycan diplomatiyasının qələbəsi get-getə geniş vüsət alır. Qeyd olundu ki, faciənin 20-ci ildönümü zamanı Bakıda təşkil olunan ümumxalq yürüşü zamanı Azərbaycan Prezidentinin xalqın önündə getməsi də bir çox dövlətlər və antiazərbaycançı qüvvələr üçün xəbərdarlıq oldu. Həmçinin, bütün düynaya aydın oldu ki, xalq hər zaman İlham Əliyevin arxasındadır. Müzakirələr zamanı deputatlar Fransa parlamentində baş vermiş xoşagəlməz hadisəyə də toxundular. Qeyd olundu ki, özünü demokratiyanın beşiyi adlandıran Fransa kimi bir dövlətin parlamentində soydaşlarımızın 150 nəfərə yaxın erməni tərəfindən döyülməsi faktı utancverici haldır. Deputatlar Milli Məclisin məsələyə münasibət bildirməsi təklifi ilə də cıxış etdilər. Ancaq spiker Oqtay Əsədov diqqətə çatdırdı ki, bu qanunsuzluq Fransa parlamentinin bir zalında baş verib və Azərbaycan Xarici İşlər Nazirliyi dərhal məsələ ilə bağlı Fransa tərəfinə öz etirazını bəyan edib. Məsələ ilə bağlı artıq ciyanət işi açılıb. Ona görə də bir qədər gözləmək gərəkdir. Nəticə bilindikdən sonra Milli Məclis öz mövqeyini açıqlaya bilər.
Müzakirələrdən sonra iclasda Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2012-ci il üzrə illik məruzəsi dinlənildi. Elmira Süleymanova bildirdi ki, Ombudsman təsisatının ötən 10 ili ərzindəki fəaliyyəti insan, vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, insan hüquqlarının pozulmasının qarşısının alınması və pozulmuş hüquqların bərpasına, bütövlükdə, insan hüquqlarının inkişaf etdirilməsinə, nəticə etibarıilə, vətəndaş cəmiyyəti və demokratiya meyarlarına cavab verən dövlətçiliyin daha da möhkəmləndirilməsinə yönəlib. Azərbaycanın tərəqqisinin tərkib hissəsi kimi daim təşəkkül edən və inkişafda olan təsisatın qazandığı uğurlar dövlətin və onun səlahiyyətli qurumlanıın dəstəyi ilə başa gəlib.
İl ərzində müvəkkil həm paytaxtda, həm də regionlarda əhali ilə geniş ünsiyyət yaratmaqla görüşlər və qəbullar keçirmiş, müxtəlif vaxtlarda insan hüquqlarının təmin edilməsinin monitorinqini aparmış, həmçinin, öz izahat və məsləhətləri, məsələlərə bilavasitə müdaxiləsi, habelə, yerli icra hakimiyyətlərinin və mərkəzi icra orqanlarının yerli bölmələrinin, bələdiyyələrin rəhbərlərinin pozulmuş insan hüqüqlarının bərpası işinə cəlb etməklə insan hüquqlarının səmərəli müdafiəsinə, bununla da dövlətin nüfuzunun artmasına, dövlətçiliyin inkişafına xidmət etmişdir. Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına, ümumilikdə, 87.870, o cümlədən, 2012-ci ildə 12.470 müraciət daxil olmuşdur. Ötən ilin müvəkkil tərəfindən aparatda, regionda, istintaq təcridxanalarında, hərbi hissələrdə, uşaq, əlil və ahıl evlərinə baxış zamanı 470 şəxs qəbul edilib. Ötən il şəxsiyyət vəsiqəsi, habelə, qeydiyyatla bağlı respublikanın şəhər və rayonlarından 89 müraciət daxil olub və hər bir müraciət görülmüş tədbirlər nəticəsində pozulmuş hüquqlar bərpa edilib. Ötən il Ombudsmana daxil olan şikayətlərin 43,7 faizi icraata qəbul edilib, onlardan 65,2 faizi təmin olunub. Keçən il Azərbaycanda 40 məhkum əfv olunub. Ümumilikdə, 2012-ci ildə Ombudsmanın vəsatəti ilə 391 məhkum əfv edilib. E.Süleymanova qeyd etdi ki, ötən il həbs yerlərində saxlanılan şəxslər və məhkumlarla bağlı Ombudsmana 1833 müraciət daxil olub. Müvəkkil hesabatında qeyd etdi ki, ötən dövrdə fəaliyyətlərində yol verdikləri qanun pozuntularına görə bəzi rayom məhkəməlrinin və müvfiq orqanların əməkdaşlarına Ombudsmanın iradından sonra intizam icraatı başlanılmışdır.
Sonra hesabatla bağlı müzakirələrdə millət vəkilləri çıxış etdilər. YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Ombudsman Elmira Süleymanovaya regionlarda dinləmələr keçirməyi təklif etdi: "İlk dinləməni də seçildiyim Mingəçevir şəhərində təşkil etməyi xahiş edirəm".
Siyavuş Novruzov: "Bəzi hüquq-müdafiə təşkilatları hüquq müdafiəsini biznesə çevirib"
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hesabatda dövlət orqanlarına tövsiyələrin verilməsinə diqqət çəkib: "Bu da Elmira xanımın kiçik bir aparatla kifayət qədər ciddi işlər gördüyünü göstərir. Məruzədən də görünür ki, tək bir sahədən 12 min müraciət daxil olub. Bütün bunlar göstərir ki, Ombudsman institutu çox uğurla fəaliyyət göstərir. Şahidiyik ki, müxtəlif QHT, jurnalist təşkilatları 5 il əvvəl dediklərini indi də təkrarlayır, insan haqlarının pozulduğunu iddia edirlər. Bəzi hüquq-müdafiə təşkilatları hüquq müdafiəsini biznesə çevirib. Dana oğrularından pul alıb, bəzilərinin adlarının Avropa Şurasının siyahısına salmasının şahidi olmuşuq. Ağır cinayət törədənlərin də adları belə siyahılara salınır. Bəzi vəkillər də vəkillik fəaliyyəti ilə yox, ara düzəltməklə məşğul olurlar. Belə ağır dövrdə Elmira Süleymanovanın bu cür fəaliyyət göstərməsi və yaxşı məruzə təqdim etməsi təqdir olunmalıdır".
Millət vəkilləri Zahid Oruc , Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Elmira Axundova, Astan Şahverdiyev, Qənirə Paşayeva, Aqiyə Naxçıvanlı və başqaları çıxış edərək ombudsmanın məruzəsini müsbət qiymətləndirdilər və bildirdilər ki, bu yubiley məruzəsində göstərilən işlər Azərbaycan hökumətinin il ərzində apardığı siyasətin əsasında həyata keçirilib. Qeyd edildi ki, ölkəmizdə bəzi qeyri-hökumət təşkilatları hər hansı bir cinayət əməli törədərək həbs edilmiş şəxsləri "siyasi məhbus" adı verərək beynəlxalq təşkilatlara müraciət edirlər, onlar bu əməlləri ilə anti-azərbaycançı çəbəkəyə dəstək verir, Azərbaycanı təzyiq altında saxlamağa çalışan qüvvələrə yardımçı olurlar. Deputatlar ombusdmana müraciət etdilər ki, bu cür qanunsuzluqlarla bağlı həmin təşkilatları mütəmadi olaraq məlumatlandırsın.
Sonda İnsan hüquqları üzrə müvəkkilin illik hesabatı deputatlar tərəfindən müsbət qiymətləndirilərək qəbul edildi.
Sonra gündəlikdəki digər məsələlərə baxıldı.
RƏFİQƏ KAMALQIZI