PDF Oxu

Əsas

  • 76

Gədəbəy rayon ərazisində yerləşən "N" saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilib

Gədəbəy rayon ərazisində yerləşən "N" saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilib

YAP Binəqədi rayon təşkilatı və Binəqədi rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon təşkilatının yaradılmasının 20 illiyi ilə əlaqədar tədbirlər planına uyğun olaraq Gədəbəy rayon ərazisində yerləşən "N" saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilib. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov, Milli Məclisin deputatı Rafael Cəbrayılov, Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov, Binəqədi rayon icra hakimiyyəti başçısının müavini İlqar Süleymanov, YAP Binəqədi rayon təşkilatının idarə heyətinin üzvü İsaq Həsənzadə iştirak ediblər.

Tədbir iştirakçıları ilk olaraq Gədəbəy rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədəki əsgər və zabitlər üçün yaradılmış şəraitlə tanış olub, sonra gənc əsgərlərin xidmət etdiyi tabora baş çəkiblər.

Tədbiri giriş sözü ilə açan Gədəbəy rayon "N" saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Asif Fərəcov torpaqlarımıza təcavüz edə biləcək hər bir düşmən həmləsinə layiqincə cavab verməyə hazır olan yüksək döyüş qabiliyyətli Azərbaycan Ordusunun bugünkü nailiyyətlərindən danışıb. Müasir hərbi texnika ilə təchiz olunmuş və xüsusi təlim keçmiş çevik, sağlam Azərbaycan ordusunun olduğunu vurğulayaraq, hər bir əsgərə vətən qarşısında müqəddəs borclarını layiqincə yerinə yetirməyə məsuliyyətli olmağı tövsiyə edib.

Görüşdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov, Milli Məclisin üzvü Rafael Cəbrayılov, Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil respublikamızda milli ordu quruculuğunda misilsiz xidmətlərindən geniş söhbət açıblar. Qeyd olunub ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda böyük irəliləyiş, inkişaf baş vermişdir. Müasir dövrümüzdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirərək, ordumuzun güclənməsi istiqamətində yeni nailiyyətlərə imza atır. Çıxış edənlər dövlətimiz tərəfindən ordu üçün yaradılmış şəraitin müqabilində əsgər və zabitləri daha yaxşı xidmət etməyə çağırmış və işğal altındakı torpaqlarımızın azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini bildirmişlər.

Natiqlər hərbi hissədə keçirilən bu cür görüşlərin düşmənlə üz-üzə xidmət edən hərbçilərin ruh yüksəkliyinin artmasında böyük rol oynadığını vurğulayıb, bütün zabit və əsgərlərə müstəqil dövlətimizin hərbi qüdrətinin, ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsində müvəffəqiyyətlər, uğurlar arzulayıblar.

Konsert proqramı ilə başa çatan görüş hərbi hissənin zabit və əsgərlərində xoş əhval-ruhiyyə yaradaraq, onların böyük sevincinə səbəb olub. Qeyd edim ki, hərbi hissəyə qonaqlar tərəfindən gətirilmiş sovqatlar təqdim edilib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər