Azərbaycan qadını dünyada döyüşkən, qəhrəman, siyasətçi və yaradıcı obrazında tanınır
Qadın dünyanın ən müqqəds varlığı, yaşadığımız aləmin əzəmətli bir qüvvəsdir. Qadın böyüklüyü, əzəməti, varlığı ilə seçilib hər zaman. Bulaq suyu kimi saf olan, gülərüz simaya, zərif çöhrəyə malik olan qadın böyük işlərə imza atan qətiyyətli, vüqarlı varlıqdır. Təbii ki, qadın gözəlliyi, qadın idarəsi, saflığı və sədaqəti xalqımızın milli-mənəvi dəyərləri sistemində formalaşmışdır. Bu gün bu və ya digər dəyərləri ilə seçilən qadınların bayramıdır: 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Beynəlmiləşən bu bayramı bütün dünya qadınları kimi Azərbaycan qadını da böyük uğurları, qalibiyyəti ilə qeyd edir. Sözünün bütövlüyü, ictimai fəallığı, zəhməti, ismət və zəkası ilə. Dünya qadınları içərisində ən ülvi dəyərləri özündə yaşadan Azərbaycan qadınının bu gün səsi dünyanın ən yüksək tribunalarından eşidilir. Buna səbəb, əlbəttə ki, fədakarlığı, iradəsi, vətənə sevgisidir.
Ölkənin ictimai-siyasi, mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını cəmiyyətdə böyük nüfuza sahibliyini əməlləri ilə təsdiqləyib. Tarixən Azərbaycan qadını müxtəlif obrazlarda təqdim olunub. Döyüşkən, mübariz, qəhrəman, siyasətçi, rəssam, yazıçı və s. Azərbaycanın mütəfəkkir qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi qiymətləndirilib. Bütün sahələrdə əməyi olan Azərbaycan xanımı dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində müstəsna rola malikdir. Qətibə xanım, Sara xatun, Məhinbanu, Xeyransa bəyim, Tuti Bikə və başqaları Azərbaycan qadının nümunəsidir. "Avesta"da ilahə Anahit, "Dədə Qorqud"da Burla Xatun, Selcan xatun, Banu Çiçək, "İskəndərnamə"də Nüşabə, "Koroğlu" da Nigar xanım, eləcə də, ədəbiyyatımızın seçilən simaları olan Məshəti Gəncəvi, Heyran xanım, Aşıq Pəri, Xurşidbanu Natəvan və başqaları Azərbaycanın ictimi-siyasi-mədəni həyatında rol oynayan qadınlarımızdırlar.
Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında daha yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüzillərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də, digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa nail oldu. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri göz önündədir. Ölkəmizdəki sabitlik və demokratik mühit fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirməyə imkan verir. Təbii ki, mövcud mühitin formalaşmasında Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Azərbaycan qadını milli məfkurəyə sadiq qalaraq, bu gün də müstəqil Azərbaycanın güclənməsi naminə töhfələr verir.
Cəmiyyətimizdə qadınlara göstərilən yüksək ehtiram nəticəsində müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını gerçəkləşdirə bilmişlər. 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Belə imkanlara malik qadınlarımız Azərbaycanın inkişafına daim töhfələrini verirlər.
Azərbaycan qadının əzəmətini bu gün dünya ictimaiyyətinə Mehriban Əliyevanın simasında daha qabarıq təqdim olunur. Müasir dövrümüzdə ziyalılığın ali zirvəsində olan ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın qısa bir zamanda Azərbaycan üçün gördüyü işlər bir əsrin tarixi qədər möhtəşəm və alidir. Onun vətənpərvərlik, milli heysiyyat kimi mənəvi dəyərləri məhz dünya arenasında Mehriban xanım Əliyevaya böyük bir məhəbbət yaradıb. Yaşadığımız qloballaşma dövründə, Azərbaycanın dünyaya inteqrasiya etdiyi bir zamanda milli-mənəvi dəyərlərin üzə çıxarılması, Azərbaycanın bir dövlət olaraq məxsusisiliyinin dünyəviləşməsi istiqamətində Mehriban Əliyevanın gördüyü işlər tarixin bu günü üçün deyil, zamanın axarında əsrlərin yaddaşında iz buraxacaq hadisələlərə bağlıdır. Belə ki, Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrin dəstəklənməsi, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirlər həyata keçirməklə böyük layihələrin müəllifinə çevrilib.
Yaradıcı düşüncəsi geniş layihələrin gerçəkləşməsi Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən qədim Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə yanaşmada yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır. Azərbaycan mədəniyyətinin, onun imicinin yüksəldilməsində böyük xidmətlər göstərib. milli-mənəvi dəyərlərin təbliğatı istiqamətində gördüyü işlər ölkənin gələcək həyatının uğurlu nailiyyətləri ilə nəticələnib. Genişmiqyaslı fəaliyyəti nəinki Azərbaycanda, onun hüdudlarından kənarda belə əks-səda doğurub.
Öz varlığı ilə məmləkətinə şərəf gətirən Mehriban xanım Əliyeva Azərbaycan qadını obrazını yaradıb. Onun fəaliyyəti Azərbaycan haqqında olan təsəvvürlərin ciddi şəkildə dəyişilməsi ilə nəticələnib. Azərbaycan haqqında olan təsəvvür, insan haqqında olan təsəvvür Onun layihələri əsasında tamam fərqli bir şəkildə meydana çıxıb. Bütün dünyaya müstəqil dövlətdə yaşayan qadın obrazının lazımi şəkildə təqdiminə nail olub.
İnanırıq ki, Mehriban xanım Əliyeva gələcək fəaliyyətində də bu strateji istiqamətlərdə möhtəşəm layihələrin həyata keçirilməsini davam etdirəcək.
Bəli, bu gün Azərbaycan qadını öz əməli, fəaliyyəti, dəyərləri ilə yüksəkdə dayanır və bu dəyərləri müqabilində alnı-açıq, fəxrlə 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edir. Əziz Azərbaycan xanımları, BAYRAMINIZ MÜBARƏK!
NƏZAKƏT