PDF Oxu

Əsas

  • 66

Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Möney Bakı Ali Neft Məktəbində olub

Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Möney Bakı Ali Neft Məktəbində olub

Dünən Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Möney, səfirliyin əməkdaşlıq və mədəniyyət attaşesi Vənsan Lorenzini və dilçilik və təhsil sahəsində əməkdaşlıq missiyasının rəhbəri Şarlot Payenlə Bakı Ali Neft Məktəbində görüşü keçirilib. Görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildiribdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi yüksək diqqətinin göstəricisi olaraq 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda Bakı Ali Neft Məktəbi yaradılmışdır: "Ali məktəbin yaradılmasında əsas məqsəd dinamik sürətlə inkişaf edən ölkənin sənaye müəssisələrində, habelə, artıq transmilli şirkətə çevrilmiş ARDNŞ-nin, istər Azərbaycanda istərsə də ölkənin hüdudlarından kənarda həyata keçirdiyi beynəlxalq layihələrdə işləyə biləcək ingilis dilli, müasir biliklərə yiyələnmiş,yüksəkixtisaslı mütəxəssislərə olan ehtiyacı ödəməkdir".

Bakı Ali Neft Məktəbində tədris prosesinin təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətlərində görülən işlər haqqında ətraflı məlumat verən E.Qasımov qeyd edib ki, fəaliyyətə başlamasının ilk ili olduğuna baxmayaraq Ali Məktəb Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbulunun göstəricilərinə görə tərtib etdiyi reytinq cədvəlində lider olmuşdur. Ali məktəbdə tədrisin ingilis dilində təşkil edildiyini vurğulayan rektor bu məqsədlə Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq haqqında razılaşma imzalandığını, mütəxəssis hazırlığının bu universitetin tədris proqramları əsasında müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyinə və məzunlara 2 diplom veriləcəyini qonağın diqqətinə çatdırmışdır. O, "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə qəbula başlayan BANM-də, bu il 3-cü "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasının açılacağını da söyləyib.

Azərbaycan və Fransa dövlətləri arasında bir çox sahələrlə yanaşı elm və təhsil sahəsində də inkişaf edən münasibətlərdən danışan E.Qasımov Heydər Əliyev Fondunun təşəbbüsü və ARDNŞ-nin dəstəyi ilə Bakıda yaxın zamanlarda fəaliyyət göstərəcək "Fransız məktəbi"nin bunun bariz nümunəsi olduğunu qeyd edib. Fransa təhsil və tədris sisteminə böyük maraq göstərdiyini bildirən rektor vurğulayıbdır ki, bu məqsədlə Fransanın "Total E&P Azərbaycan" şirkəti və məşhur elm və təhsil müəssisələri ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi sahəsində razılıq əldə olunubdur.

Səfir Paskal Mönye görüşdə çıxış edərək bildiribdir ki, Azərbaycan və Fransa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf etməkdədir. Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu layihələrdən söhbət açan səfir Azərbaycanda ingilis dilli beynəlxalq tədris sisteminin şərtlərinə və tələblərinə cavab verən belə bir ali məktəbin yaradılmasının məqsədəmüvafiq hal olduğunu qeyd etmişdir. O, Bakı Ali Neft Məktəbi ilə "Total E&P Azərbaycan" şirkəti arasında yaranan əməkdaşlıqdan məmnun olduğunu qeyd edərək, BANM-lə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə, Fransanın tanınmış İFP School (Fransa Neft Məktəbi) və müxtəlif texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün lazımi dəstəyi verməyə hazır olduğunu bildiribdir.

A.Səmədova

Digər xəbərlər