"Azərbaycan gəncliyinin mütləq əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Çünki bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir". SİA-nın verdiyi məlumata görə, bu sözləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.S.Orucov qeyd edib ki, bu gün ölkəmizdə gənclərlə bağlı iş dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti onların bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında yaxından iştirakını təmin etməkdədir: "Yeni mərhələdə dövlətimizin başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Məhz bu amil gənclərimizi dövlətimizin başçısının ətrafında sıx birləşməsini şərtləndirir. Yalnız kiçik qrup var ki, müxalifət düşərgəsində təmsil olunurlar. Mən ümid edirəm ki, bu gənclər də səhv yolda olduqlarını gec-tez anlayacaqlar. Müxalifətçi gənclər dəfələrlə etiraz aksiyaları keçirməyə cəhdlər göstərmiş, amma bunların hamısı fiaskoya uğramışdır. Martın 10-da edilən cəhd də buna növbəti sübutdur. Biz bu gəncləri səhv yoldan dönməyə çağırırıq".
sia.az