Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra məhz Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmiz siyasi-iqtisadi və sosial böhranlar məngənəsindən sürətlə çıxaraq, qısa müddət ərzində həmin problemlərdən qurtulub və dünyanın iqtisadi sistemində öz sözünə, mövqeyinə və zəngin potensiala malik dövlətə çevrilib. Milli dövlətçiliyimizin möhkəmləndirilməsinə və əhalinin rifah halının yüksəldilməsinə yönəldilmiş bu siyasətin ən böyük uğuru isə inkişafın yeni, unikal modelinin - Azərbaycan modelınin yaradılmasıdır. SİA-nın məlumatına görə, bunu bu gün "Heydər Əliyev 90: İqtisadi modernləşmə" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov deyib.
Mərkəz direktorunun sözlərinə görə, bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin iqtisadi siyasət kursu inamla davam etdirilir və özünün müsbət nəticələrini verməkdədir: "Təməli Ümummilli Lider Heydər Əliyevi tərəfindən qoyulan Neft strategiyasının reallaşdırılması və dünyanın aparıcı transmilli şirkətləri ilə müqavilələrin imzalanması, bu siyasətin Azərbaycanın milli maraqlarının ödənilməsinə yönəldilməsi sayəsində xarici investisiyaların ölkəmizə geniş həcmdə axını artmış, dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı yüksəlmiş, onun beynəlxalq əlaqələrinin genişləndirilməsinə əlverişli imkan yaranmışdır. Eyni zamanda, Heydər Əliyevin Neft strategiyası Azərbaycanın regional lider mərhələsinə çıxardaraq, onun geosiyasi və geoiqtisadi mövqelərinin möhkəmləndirilməsinə, dünya iqtisadiyyatına fəal inteqrasiyasına geniş imkanlar açmışdır. Ötən 20 il ərzində formalaşan Azərbaycanın enerji siyasəti dövlətimizi dünyanın siyasi-iqtisadi arenasında etibarlı tərəfdaş və sabit enerji təminatçısı kimi tanıtmışdır. Fəxrlə qeyd edə bilərik ki, bu gün Cənubi Qafqaz iqtisadiyyatının təqribən 80%-i Azərbaycan Respublikasının payına düşür. Güclü iqtisadiyyata və potensiala malik olan Azərbaycan özünün daxili tələbatını ödəməklə yanaşı, qonşu ölkələrə enerji ixrac etməkdədir. Çoxşaxəli enerji ixracı özünü transsərhəd neft-qaz kəmərələrinin çəkilişi və istismara buraxılmasında biruzə verməklə, yeni iqtisadi perspektivlərin əldə olunmasına zəmin yaratmışdır. Həmin siyasət sayəsində qeyri-neft sektorunun davamlı inkişafı Azərbaycan Respublikasının iqtisadi modelinin prioritet istiqamətlərindən birinə çevirmişdir".
F.Məmmədov bildirib ki, ölkəmizin dünya iqtisadi sisteminə sıx inteqrasiyası nəticəsində əldə olunan neft gəlirləri Azərbaycanın sosial-iqtisadi inkişafının təminatına, əhalinin rifah halının davamlı olaraq yüksəldilməsinə yönəldilmişdir: "Təsadüfi deyildir ki, milli sərvətin nəsillər arasında ədalətli bölgüsü, neft gəlirlərinin səmərəli idarə edilməsi məqsədilə 1999-cu ildə məhz Heydər Əliyevin fərmanı ilə Dövlət Neft Fondu təsis edilmiş və uğurla fəaliyyət göstərməkdədir. Onu da vurğulayaq ki, Neft Fondunun maliyyələşdirdiyi layihələr sırasında aparıcı yer tutan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası Azərbaycanın regionda siyasi nüfuzunun daha da güclənməsində, inteqrasiya prosesinin genişləndirilməsində böyük əhəmiyyətə malikdir. Heydər Əliyev eyni zamanda müasir Azərbaycanın sosial inkişafı siyasətinin də qurucusudur. Ulu öndərin gələcəyə hesablanmış strateji proqramının təməlində xalqın rifahının yüksəldilməsi, əhalinin sosial təminatının və sosial müdafiəsinin gücləndirilməsi dayanır. Hazırda ölkəmizdə məcburi sosial sığorta haqlarının toplanması, pensiyaların təyinatı və ödənişi üzrə vahid sistem mövcuddur. Ümummilli liderin müəyyən etdiyi sosial islahat istiqamətlərinə uyğun olaraq, Azərbaycanda sığorta-pensiya və dövlət sosial yardım sistemləri beynəlxalq standartlar səviyyəsinə yüksəldilmişdir. Bundan əlavə, sığorta olunanların avtomatlaşdırılmış fərdi uçot sistemi də fəaliyyət göstərməkdədir. Vətəndaşların sosial müdafiəsi istiqamətində qəbul edilən normativ-hüquqi aktların tətbiqi sayəsində əhalinin əmək haqları, müavinətləri və pensiyalarında və bütövlükdə əhalinin real gəlirlərində nəzərəçarpacaq dərəcədə artım müşayət olunmaqdadır. Heydər Əliyevin yeni sosial siyasət konsepsiyası bu gun Azərbaycan Respublikası Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməkdədir".
sia.az