Martın 14-də ABŞ Nümayəndələr Palatası Təxsisatlar Komitəsinin Dövlət əməliyyatları, xarici əməliyyatlar və əlaqədar proqramlar alt komitəsində (Subcommittee on State, Foreign Operations, and Related Programs of Committee on Appropriations) 2014-cü ildə Ermənistana və Azərbaycana maliyyə yardımı verilməsi ilə bağlı dinləmələr keçirilmişdir.
Alt komitə maliyyə yardımının iki kateqoriyasını – ümumi və hərbi yardımı müzakirə edir. Azərbaycan tərəfindən ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi və direktoru Adil Bağırov ifadə vermişdir. ABŞ Azərbaycanlıları Şəbəkəsi öz ifadəsində ABŞ Konqresinin Təxsisatlar Komitəsini Azərbaycana ABŞ Administrasiyasının tələb etdiyi məbləğdə ümumi maliyyə yardımı ayırmağa, yaxud həmin məbləği artırmağa; Ermənistana Administrasiyanın tələb etdiyi məbləğdə maliyyə yardımı ayırmağa, yaxud həmin məbləği azaltmağa, Dağlıq Qarabağa heç bir maliyyə vəsaiti ayırmamağa çağırır.
ABŞ Azərbaycanlıları Şəbəkəsi hərbi yardımla əlaqədar ABŞ-dan Azərbaycana Xarici Hərbi Maliyyələşdirmə Proqramı (FMF) xətti ilə 10 milyon dollar və Beynəlxalq Hərbi Təhsil və Təlim kursları (IMET) üzrə 900 min dollar ayrılmasını, Ermənistana Administrasiyanın tələb etdiyi məbləğin verilməsini və ya həmin məbləğin azaldılmasını, işğal olunmuş Dağlıq Qarabağ regionuna bir sent də verilməməsini xahiş edir.
Adil Bağırov Dövlət əməliyyatları, xarici əməliyyatlar və əlaqədar proqramlar alt komitəsi qarşısında ifadələrində Ermənistan ilə Azərbaycana maliyyə yardımının ədalətlə hesablanmasına və ayrılmasına çağırmışdır. ABŞ Azərbaycanlıları Şəbəkəsinin direktoru fikirlərini belə əsaslandırmışdır ki, Azərbaycanla müttəfiqlik münasibətlərinə baxmayaraq, ABŞ-ın maliyyə təxsisatlarında Ermənistanın xeyrinə tarazsızlıq vardır. Əvvələn, Azərbaycanın əhalisinin sayı Ermənistan əhalisinə nisbətən xeyli çoxdur, ikincisi, azərbaycanlı qaçqınların və məcburi köçkünlərin sayı Ermənistandakı qaçqınların sayını xeyli üstələyir. Bundan əlavə, Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyi və Helsinki Yekun Aktının maddələrinə, qanunverici orqanın palatalarının Razılaşdırma Komitəsinin 2012-ci maliyyə ili üçün Məruzəsinin (FY2012 Conference Report) 7070-ci maddəsinə və ABŞ-ın digər qanunlarına baxmayaraq, keçmiş Sovet İttifaqının digər müstəqil dövlətinin ərazi bütövlüyünü və suverenliyini pozduğu üçün Ermənistana cəmiyyətin demokratikləşdirilməsi və insan hüquqları üzrə proqramlar üçün nəzərdə tutulmuş maliyyə vəsaitindən başqa heç bir maliyyə yardımı ayrılmamalıdır. Azərbaycan təşkilatının başçısı vurğulamışdır ki, ABŞ Nümayəndələr Palatası Təxsisatlar Komitəsinin Dövlət əməliyyatları, xarici əməliyyatlar və əlaqədar proqramlar alt komitəsi 2012-ci maliyyə ili üçün hesabatında dəqiqləşdirmişdir ki, "Cənubi Qafqaz regionu üçün pul vəsaiti münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin dəstəklənməsindən ötrü etimadın möhkəmlənməsi və digər fəaliyyət üzrə tədbirlər üçün istifadə olunmalıdır". Bu isə o deməkdir ki, təlimata görə, etimadın möhkəmlənməsi üzrə tədbirlər üçün nəzərdə tutulmuş vəsait Ermənistan və Azərbaycan arasında bərabər bölünməlidir.
A.Bağırov demişdir ki, təəssüf ki, həmin məbləğ tam şəkildə Xankəndidə erməni silahlı qüvvələrinin rəhbərliyi altında olan separatçılara və işğalçı rejimə yönəldilmişdir. Bu, ABŞ-ın qanunlarına ziddir və onu işğalçı rejimə Bakıdakı qanuni hökumətdən yan keçməklə pul vəsaiti ayıran yeganə dövlətə çevirir. ABŞ hökumətinin Abxaziya, Cənubi Osetiyada (Gürcüstan) və Dnestryanı bölgədəki (Moldova) münaqişəli zonalar üçün təxsisatlarında belə məbləğ yoxdur.
Dağlıq Qarabağdakı erməni separatçılarına ayrılan maliyyə yardımı Azərbaycan torpaqlarının işğalının davam etməsinə və qaçqın böhranına kömək edir, habelə beynəlxalq birliyin nəzarət edə bilmədiyi Dağlıq Qarabağ kimi ərazilərdə narkotik vasitə alverini asanlaşdırır.
A.Bağırov bildirmişdir ki, qanunverici orqanın palatalarının Razılaşdırma Komitəsinin 2012 maliyyə ili üçün Məruzəsinin (FY2012 Conference Report) 7070-ci maddəsi təxsisatların qeyri-bərabər ayrıldığını sübut edir. "KEÇMİŞ SOVET İTTİFAQININ MÜSTƏQİL DÖVLƏTLƏRİ. MADDƏ 7070: (a) "Keçmiş Sovet İttifaqının müstəqil dövləti keçmiş Sovet İttifaqının digər bir müstəqil ölkəsinin ərazi bütövlüyünün və dövlət suverenliyinin pozulması istiqamətində hərəkət edirsə, onun hökumətinə "Avropa, Avrasiya və Mərkəzi Asiyaya" başlığı ilə təxsis edilmiş heç bir pul vəsaiti ayrıla bilməz". ABŞ Azərbaycanlıları Şəbəkəsi sadalanan məlumat və faktlara söykənərək, ABŞ Nümayəndələr Palatası Təxsisatlar Komitəsinin Dövlət əməliyyatları, xarici əməliyyatlar və əlaqədar proqramlar alt komitəsini ifadələri müzakirə edib maliyyə yardımını ədalətlə bölməyə çağırır.
AzərTAc