PDF Oxu

Əsas

  • 53

Heç bir beynəlxalq qurum, nə də QHT Azərbaycana təzyiq göstərə bilməz

Əli Həsənov: "Milli Demokratiya İnstitutunun fəaliyyətinə müvafiq qiymət veriləcək"

Heç bir beynəlxalq qurum, nə də QHT Azərbaycana təzyiq göstərə bilməz

ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycanda süni ajiotajlar və təxribatlar törətmək cəhdləri uğursuzluqla nəticələndikdən sonra adıçəkilən təşkilat haqqında növbəti bir çox faktlar da üzə çıxmağa başlayıb. Bildiyimiz kimi MDİ dağıdıcı müxalifət partiyaları və həmin partiyalara yaxınlığı ilə seçilən müxalifyönlü gənclər hərəkatları ilə birgə icazəsiz aksiyaların keçirilməsində rol oynayan, bu işlərə külli miqdarda pul vəsaiti, qrantlar ayıran təşkilatdır. Artıq beynəlxalq QHT-nin Azərbaycanda destruktiv qüvvələrlə əməkdaşlığı ölkənin müvafiq orqanları tərəfindən də araşdırılacaq. Belə ki, baş verənlər həm də Azərbaycanın, xalqımızın milli - dövlətçilik prinsiplərinə müdaxilə kimi qiymətləndirilməkdədir.

"Biz mətbuatda gedən hər bir məlumata diqqətlə yanaşırıq"

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu barədə jurnalistlərə verdiyi açıqlamasında bir daha vurğulayıb ki, Azərbaycanın bəzi mətbuat orqanlarında aksiyaların təşkil olunmasına maliyyə yardımı edilməsi barədə gedən yazılar araşdırıldıqdan sonra MDİ-nin fəaliyyətinə müvafiq qiymət veriləcək. Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, bəzi QHT-lərin, o cümlədən, MDİ-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı yazılar gedib, faktlar mövcuddur: "Bu faktların real, həqiqətəuyğun olub-olmadığı Azərbaycan hakimiyyəti tərəfindən araşdırılacaq. Yəni biz mətbuatda gedən hər bir məlumata diqqətlə yanaşırıq, istər hakimiyyətlə, istər cəmiyyətlə, istər Azərbaycan dövləti ilə bağlı olsun, istərsə də Azərbaycanda fəaliyyət göstərən səfirliklərin, QHT-lərin fəaliyyəti ilə bağlı olsun. Mətbuatda məlumat gedibsə, o, araşdırılmalıdır".

Əli Həsənovun bu fikirlərini təhlil edərkən, həm də belə qənaətə gəlmək mümkündür ki, Azərbaycan dövləti bu və bu kimi digər məlumatları hər zaman diqqətdə saxlamaqdadır. Bu baxımdan, mətbuatda gedən istənilən informasiya araşdırma obyektinə çevrilə bilər. Çünki seçkilər ərəfəsində Azərbaycanda siyasi və iqtisadi maraqlarını reallaşdırmağa cəhd edən, bəzi Qərb siyasi dairələri tərəfindən təlimatlandırılan dağıdıcı qüvvələr bu arada "fəal" olduqlarını nəzərə çarpdırmağa çalışırlar. Ancaq göründüyü kimi, onların qaranlıq məqsədləri reallaşmamış, nəticəsiz qalmaqdadır.

"Bizim maraqlara uyğun olanlarla əməkdaşlıq edirik, uyğun gəlməyənləri, sadəcə olaraq, qəbul etmirik və qəbul etmək fikrimiz də yoxdur"

"Heç bir beynəlxalq qurum, nə də QHT Azərbaycana təzyiq göstərə bilməz" deyə vurğulayan Prezident Administrasiyasının rəsmisi onu da bildirib ki, Azərbaycanın regionda lider dövlətə çevrilməsi həmin qüvvələrin ciddi narahtçılıqlarına səbəb olmaqdadır. Bu səbəbdən də, istənilən hadisəyə Azərbaycan xalqının və dövlətinin milli maraqları çərçivəsində yanaşıldığını xatırladan Əli Həsənov qeyd edib ki, bu maraqlara cavab verməyən müxtəlif cəhdlər dövlət tərəfindən qəbul olunmur: "Əlbəttə, cəhdlər olur, hakimiyyətin bu və ya digər qərarlarına, Azərbaycan hakimiyyətinin yürütdüyü müstəqil siyasətə, onun Cənubi Qafqazda reallaşdırdığı transmilli layihələrə, onun təhlükəsizlik siyasətinə, enerji siyasətinə, xarici partnyorlarla ikitərəfli və çoxtərəfli münasibətlərinə qarşı müxalif mövqe nümayiş etdirən dövlətlər, QHT-lər və hökumətlərarası təşkilatlar olur. Əlbəttə, biz bütün bu təşkilatların Azərbaycana ünvanladığı tövsiyə, təzyiqlərə, təsirlərə Azərbaycan xalqının, dövlətinin milli maraqları çərçivəsində yanaşırıq, bizim maraqlarla üst-üstə düşənlərə "hə" deyirik, bizim maraqlara uyğun olanlarla əməkdaşlıq edirik, uyğun gəlməyənləri, sadəcə olaraq, qəbul etmirik və qəbul etmək fikrimiz də yoxdur".

Rövşən RƏSULOV

Digər xəbərlər