Əli Əhmədov: "İnanıram ki, qarşıdan gələn seçkilərdə partiyamızın namizədi cənab İlham Əliyevin böyük nüfuzu, dövlət başçısı kimi həyata keçirdiyi siyasəti xalqımız tərəfindən növbəti dəfə birmənalı olaraq qətiyyətlə dəstəklənəcək"
Dünən YAP Xətai rayon təşkilatının mənzil-qərargahında YAP-ın şəhər və rayon təşkilatlarının ümumrespublika müşavirəsi keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov mütəmadi olaraq YAP-ın rayon və şəhər təşkilat sədrlərinin müşavirəsinin keçirildiyini bildirdi: "Ənənəvi olaraq keçirilən bu cür müşavirələrdə görülən işlərə yekun vurulmaqla yanaşı, qarşıda duran vəzifələr də müzakirə edilir, gələcək addımlar müəyyənləşdirilir".
Əli Əhmədov keçirilən ənənəvi müşavirələrdə müvafiq tapşırıqların da verildiyini ifadə etdi və əlavə olaraq vurğuladı ki, yerli partiya strukturlarının qarşısında duran vəzifələrin həyata keçirilməsi istiqamətində səfərbər edilməsi üçün addımlar atılır: "Bütövlükdə, Yeni Azərbaycan Partiyası cəmiyyətimizin ən güclü siyasi təşkilatı kimi ölkəmizdəki ictimai-siyasi proseslərin həmişə mərkəzində olub. Bu gün də belədir. Partiyaya olan böyük maraq, ətrafında yüz minlərlə insanın birləşməsi, təbii ki, YAP-ın gücünün göstərici olmaqla yanaşı, mütəmadi olaraq ictimai-siyasi proseslərin mərkəzində və ön sırasında olmasından xəbər verir".
2013-cü ildə Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyini deyən Əli Əhmədov vurğuladı ki, artıq YAP müxtəlif səviyyəli seçkilərin keçirilməsində kifayət qədər təcrübə toplayıb. YAP İcra katibinin müavini Əli Əhmədov, əmin olduğunu bildirdi ki, partiyanın şəhər və rayon təşkilatları bu mühüm siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsində də fəal iştirak edəcəklər: "YAP ənənəsinə uyğun olaraq qarşıdakı növbəti prezident seçkiləri kampaniyasının yüksək fəallıq şəratində keçirilməsi və irəli sürdüyü namizədinin qələbəsinin təmin edilməsi üçün seçki kampaniyasına xeyli qalmış öz işlərinə start verib. Artıq partiya daxilində, yerli strukturlarda qarşıdan gələn seçki kampaniyasına hazırlıqla əlaqədar işlərə başlanılıb. Bu müşavirə yerli strukturlarımızın seçki kampaniyasının yüksək şəraitdə keçirilməsini təmin etməklə əlaqədar qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və yerinə yetirilməsi baxımından əhəmiyyətli olacaq. Qeyd edim ki, partiyamızın bu ənənəsi özünü doğruldub. Elə bunun nəticəsidir ki, biz əvvəlcədən və böyük zəhmət çəkərək, seçki kampaniyasına hazırlaşmaqla irəliyə sürdüyümüz namizədin yüksək qələbəsinin təmin edilməsinə nail oluruq".
Əli Əhmədov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini bildirdi və vurğuladı ki, ölkəmizin inkişafı partiyamızın inkişafına da özünün müsbət təsirini göstərməkdədir. Onun sözlərinə görə, bu inkişaf YAP-ın gücünü, nüfuzunu artırır, eləcə də, gördüyü işlərin miqyasının genişlənməsi ilə şərtlənir: "Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə, ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib. İnanıram ki, Yeni Azərbaycan Partiyasının Sədri, qarşıdan gələn seçkilərdə partiyamızın namizədi cənab İlham Əliyevin böyük nüfuzu, dövlət başçısı kimi həyata keçirdiyi siyasəti xalqımız tərəfindən növbəti dəfə birmənalı olaraq və qətiyyətlə dəstəklənəcək".
Prezidenti dəstəkləyən insanların günbəgün artdığını dilə gətirən YAP-ın İcra katibi bildirdi ki, YAP-ın uğurlarının fundamental əsasında xalqın İlham Əliyevə olan inamı dayanır: "Onu da vurğulayım ki, Azərbaycan xalqının mütləq əksəriyyəti vətəndaşlarının mütləq əksəriyyəti Onun yürütdüyü siyasəti dəstəkləməklə yannaşı, YAP-ın böyük seçki təcrübəsinə istinad edərək, 2013-cü ilin seçki kampaniyasında yaxından iştirak edəcək və partiyamızın namizədinin əhəmiyyətli və böyük qələbəsinin qazanmasında müstəsna rol oynayacaq. Bu, bizim qəti inamımızdır və bu inamın reallığa çevrilməsi üçün YAP yüksək seçki kampaniyası keçirmək iddiasındadır və güman edirəm ki, partiya üzvlərinin böyük fədakarlığı bu istəyin həyata keçirilməsinə imkan yaradacaq".
YAP Sədrinin müavini, millət vəkili Əli Əhmədov hazırki ərəfədə partiyanın yerli strukturlarının üzərinə düşən vəzifələr haqqında da fikirlərini bildirdi.
Müşavirədə, həmçinin, YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edərək, qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyələri partiyanın rayon və şəhər təşkilatları sədrlərinin diqqətinə çatdırdı.
RƏFİQƏ HÜSEYNOVA