Ramiz Mehdiyev: "Azərbaycan ictimaiyyəti müxalif qrupların, özlərini "ziyalı" adlandıranların Əkrəm Əylislinin mənfur "Daş yuxular" əsəri ilə bağlı xəyanətə bərabər mövqeyini gördü"
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin "AzərTAc" Dövlət Agentliyinə verdiyi geniş xarakterli müsahibəsi bir çox əhəmiyyətli məsələlərlə yanaşı, ölkədə seçkiöncəsi proseslərlə bağlı verdiyi maraqlı fikirləri ilə də yadda qalıb. Belə ki, ölkədəki ən aktual məsələləri şərh edən PA rəhbəri xatırladıb ki, seçkilər ərəfəsində əsasən müxalif qüvvələr növbəti seçkiyə hazırlığı ötən seçkilərdən dərhal sonra başlayırlar, vətəndaşlarla, müxtəlif sosial təbəqələrlə təmas qurmaq üçün cəhdlər göstərirlər, niyyətlərini, hərəkət planlarını müzakirəyə çıxarırlar, öz elektoratını toplamağa və tərəfdarlarını səfərbər etməyə çalışırlar.
Lakin Azərbaycan müxalifəti bu kimi siyasi dəyərlərə cavab verməməklə yanaşı, həm də dağıdıcılıq yolunu tutub: "Təbii ki, Azərbaycanda fəaliyyəti mövsümi xarakter daşıyan, heç bir sosial bazası olmayan siyasi qrupların cəmiyyətə deməyə sözü yoxdur. İqtidarın uğurları onları çox məyus edir, hakimiyyət ehtiraslarının qarşısına keçilməz sədd çəkir. Buna görə də onlar faktiki olaraq hakimiyyətə qarşı deyil, dövlətə, xalqa qarşı müxalifətçilik yolunu tutmuşlar. İsmayıllı rayonunda baş vermiş məişət xarakterli hadisə bir daha təsdiq etdi ki, Azərbaycanda bəzi siyasi qruplar mahiyyət etibarilə dağıdıcılıq fəaliyyəti göstərir, insanlar arasında süni narazılıq yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa, dövlət məmurlarına şər atmağa, onları şantaj etməyə və hörmətdən salmağa, hakimiyyət strukturları və vəzifəli şəxslər arasında qarşıdurmalar yaratmağa, rəsmi orqanların fəaliyyətinə qara yaxmağa cəhdlər göstərirlər. Üstəlik, onlar öz dağıdıcı fəaliyyətini demokratiya şüarları ilə pərdələməyə çalışırlar".
"İctimai asayişi pozmağa çalışanlar bilməlidirlər ki, demokratiya və anarxiya antipoddurlar"
Cəmiyyətin demokratik inkişafı şəraitində şəxsiyyət azadlığının vacib prinsiplərdən biri olduğunu deyən Ramiz Mehdiyev, eyni zamanda, belə qənaətə gəlib ki, ictimai asayiş heç də bundan az əhəmiyyət kəsb etməyən, ümumi şəkildə cəmiyyəti və xüsusilə, demokratik birgəyaşayışı xarakterizə edən kateqoriyadır: "Məhz buna görə də "şəxsiyyət azadlığını" spekulyasiya mövzusuna çevirərək, ictimai asayişi pozmağa çalışanlar bilməlidirlər ki, demokratiya və anarxiya antipoddurlar. Hüquq-mühafizə orqanlarının başlıca vəzifələrindən biri məhz cəmiyyətdə nizam-intizamı təmin etmək, "icazəsiz tamaşa azarkeşləri"nin antisosial məqsədlərinin həyata keçirilməsinə imkan verməməkdən ibarətdir. Qəti şəkildə deyə bilərəm ki, həm də son illər müxtəlif ölkələrdə baş verən hadisələrdən ruhlanan dağıdıcı müxalifət Azərbaycanda belə yollara əl atmağa çalışır. Ancaq onlar bu cəhdlərin heç vaxt nəticə verə bilməyəcəyinə əmin ola bilərlər".
Son 20 ildən artıq bir dövrdə dağıdıcı müxalifətin siyasi hakimiyyət uğrunda "mübarizəsini" imitasiya xarakteri daşıdığını billdirən PA rəhbəri bununla müxalifət "liderlərinin" özlərini ifşa etdiklərini vurğulayıb: "Məhz ona görədir ki, radikal, siyasiləşmiş dindar qruplara üz tutmuş və onları özlərinə tərəfdaş seçmişlər. Qeyd etməyi vacib bilirəm ki, cəmiyyət, Azərbaycan ictimaiyyəti əsassız şəkildə onun adından çıxış etməyə çalışan müxalif qrupların, özlərini "ziyalı" adlandıranların Əkrəm Əylislinin mənfur "Daş yuxular" əsəri ilə bağlı xəyanətə bərabər mövqeyini gördü və bir daha bunların hansı məzhəbə qulluq etdiklərinə əmin oldu...Çox təəssüf ki, cəmiyyətimizdə belələrinə, hələ ki, yer tapılır. Ancaq ictimaiyyətimiz, vətəndaşlarımız, əsil ziyalılarımız, gənclərimiz həm Əkrəm Əylisli kimilərinin, həm də onun havadarlarının əməllərini görür və öz qəti mövqelərini ortaya qoyurlar".
"Əsasən, satqın-radikal müxalifət tərəfindən dəstəklənən və qızışdırılan sosial şəbəkələrdəki bu çağırışlar qanunla qorunan ictimai asayişi pozmaq üçün bəhanə ola bilməz"
Dağıdıcı müxalifət "liderlərinin" həm də gəncləri çaşdırmağa, onlardan vasitə kimi istifadə etməyə çalışdıqlarını təəssüflə qeyd edən Ramiz Mehdiyev onların sosial şəbəkələrdəki fəaliyyətərinə də toxunub. Belə ki, PA rəhbərinin şərhindən də aydın görünür ki, "facebook" sosial şəbəkəsində ölkə həyatında baş vermiş ayrı-ayrı hadisələrə dair təxribat xarakterli çağırış edənlərin mövqeyi ictimai rəyi əks etdirmir: "Ayrı-ayrı gənclərin emosiyalarının məhsulu olan, əsasən, satqın-radikal müxalifət tərəfindən dəstəklənən və qızışdırılan sosial şəbəkələrdəki bu çağırışlar qanunla qorunan ictimai asayişi pozmaq üçün bəhanə ola bilməz. Lakin planlaşdırılan cinayətin üstünün bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi və Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində açılması əyani şəkildə göstərdi ki, ictimai sabitliyi pozmaq istəyən qruplar sadəcə çağırışlar etmirlər. Bu, kifayət qədər narahatedici məsələdir. Çünki "Molotov kokteyli", narkotik vasitələr, külli miqdarda pul vəsaiti bu niyyətin kifayət qədər ciddi olduğunu açıq-aydın göstərir...Yəqin ki, istintaq bu məsələlərə aydınlıq gətirəcəkdir".
2011-ci ildə, əsasən, gənclərdən ibarət kütlələrin sosial narazılıq zəminində Böyük Britaniyada iğtişaşlar törətdiklərini ictimaiyyətə xatırladan Ramiz Mehdiyev onu da nəzərə çatdırıb ki, Britaniya hakimiyyət, hüquq-mühafizə orqanları repressiv, radikal metodlardan istifadə etməklə, 2000-ə yaxın adamı saxladı, iğtişaşların təşkilatçıları olan gənclər məhkum olundu, internetə çıxış, "Facebook", "Twitter" kimi sosial şəbəkələrə giriş məhdudlaşdırıldı: "Əlbəttə, burada Azərbaycanla hər hansı paralel aparmaq düzgün olmazdı, çünki ölkəmizdə belə hallar üçün heç bir zəmin yoxdur. Ancaq hesab edirəm ki, ölkəmizlə bağlı davamlı şəkildə əsassız və qərəzli iddialar irəli sürən bəzi maraqlı xarici dairələr, təşkilatlar dünyada və Azərbaycanda baş verən hadisələrə adekvat, obyektiv yanaşmalı, ikili standartdan əl çəkməlidirlər".
"Sağlam gənclər müxtəlif tədbirlərdə, auditoriyalarda, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə disput və müzakirələrdə daha fəal iştirak etməli, öz mövqelərini ortaya qoymalıdırlar"
Bu gün Azərbaycan gəncliyinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirən PA rəhbəri müsahibəsində, xüsusilə, qeyd edib ki, dağıdıcı müxalifətin, müəyyən xarici anti-Azərbaycan dairələrin təsiri altına düşən belə qeyri-vətənpərvər gənclərin sayı çox azdır. Çünki bu gün dövlətin həyata keçirdiyi siyasət gənc nəslin hərtərəfli inkişafına, problemlərinin həllinə, onların dövlət idarəçiliyində, ictimai həyatda, cəmiyyətdə gedən proseslərdə fəal iştirakına, vətənpərvər, öz dövlətinin və xalqının təəssübünü çəkən vətəndaş kimi formalaşmasına tam şərait yaradır: "Cənab Prezident həmişə gənclərlə görüşür, onlarla fikir mübadiləsi aparır, problemləri ilə maraqlanır və bu problemlərin həlli məqsədilə müvafiq fərman və sərəncamlar imzalayır, tapşırıqlar verir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə qəbul olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı və bu sənəd çərçivəsində həyata keçirilən tədbirlər cənab İlham Əliyevin gəncliyimizə diqqət və qayğısının bariz nümunəsidir. 2012-ci ildə yaradılmış Gənclər Fondu gənclər təşkilatlarının müxtəlif layihələrinin maliyyələşməsini təmin etməklə onların fəallığını artırır, müxtəlif sahələrdə potensiallarının daha geniş realizə olunması üçün əlavə stimul yaradır".
Bu gün sağlam gəncliyin müxtəlif antimilli qrupların təsiri altına düşmüş həmyaşıdları ilə təmas qurmalı, onları səhv yoldan çəkindirməli olduqlarını bildirən Ramiz Mehdiyev, eyni zamanda, qeyd edib ki, universitetlərdə tələbə-gənclər təşkilatları bu istiqamətdə səylərini artırmalıdırlar: "Bunun üçün onlar müxtəlif tədbirlərdə, auditoriyalarda, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə disput və müzakirələrdə daha fəal iştirak etməli, öz mövqelərini ortaya qoymalıdırlar. Universitetlərdə tələbə-gənclər təşkilatları bu istiqamətdə səylərini artırmalıdırlar".
"Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər yarananda, hökumət hansısa addımlar atanda onların maliyyələşdirdiyi yerli müdafiəçilər, beynəlxalq havadarları dərhal hay-küy salır, birləşmək, söz azadlığının pozulduğunu iddia etməyə başlayırlar"
Azərbaycanda fəaliyyət göstərən bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarının və onların yerli nümayəndəliklərinin fəaliyyətində gizli korrupsiya, vəsaitlərin narahatlıq doğuran məqsədlərə istifadə olunması hallarının mövcudluğuna da toxunan PA rəhbəri xatırladıb ki, hazırda Azərbaycanda 100-dən artıq beynəlxalq qeyri-hökumət təşkilatı Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Ancaq qeydiyyatdan keçməyən, lakin faktiki işləyən təşkilatlar da var ki, onların fəaliyyəti bir sıra suallar doğurur: "Qeydiyyatdan keçən beynəlxalq QHT-lərin maliyyə hesabatlığı çox acınacaqlı vəziyyətdə olduğundan, xarici donorlardan daxil olan qrantların və ianələrin böyük hissəsinin gerçəkdə hara xərcləndiyi bilinmir. Bu məsələdə şəffaflıq yoxdur. Mövcud qanunvericiliyə görə, yerli və xarici QHT-lərin gəlirləri və xərcləri barədə məlumat dövlət və ya kommersiya sirri ola bilməz. Onlar hər il Maliyyə Nazirliyinə müvafiq hesabat verməli, nazirlik isə qanunun tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət etməlidir. Bir sıra hallarda bu təşkilatların əsil hədəfləri qeyri-müəyyən qalır. Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər yarananda, hökumət hansısa addımlar atanda onların maliyyələşdirdiyi yerli müdafiəçilər, beynəlxalq havadarlar dərhal hay-küy salır, birləşmək, söz azadlığının pozulduğunu iddia etməyə başlayırlar. Bəzən həmin saxta QHT-lər diplomatik müdafiədən də istifadə etməkdən çəkinmirlər".
Aparılan təhlilləri şərh edən Ramiz Mehdiyev qeyd edib ki, hətta qrantlar qeydiyyata alındıqdan sonra külli miqdarda maliyyə vəsaitinin ayrılması davam etdirilir və onların barəsində məlumatlar verilmir: "Vəsaitlərlə bağlı aparılan əməliyyatlar, məlumatsızlıq latent korrupsiya təzahürlərindən xəbər verir. Araşdırmalar zamanı başqa gizli mexanizmlər də aşkarlanmışdır. Beynəlxalq QHT-nin yerli nümayəndəliyi qeydiyyata alınmır, amma baş təşkilat yerli QHT-lərə qrant verir və ya əksinə, yerli nümayəndəlik qeydiyyata alınır, amma baş təşkilat yenə də yerli QHT-lərə birbaşa qrant verməkdə davam edir. Yerli nümayəndəliklərin qeydiyyata alınmamasına baxmayaraq, bəzi beynəlxalq QHT-lərin baş təşkilatları hər hansı bir şəxsə etibarnamə verir və onu nümayəndə təyin edirlər. Həmin şəxs ölkədə fəaliyyətə başlayır. Bu fəaliyyət isə hüquqi baxımdan qanunsuzdur".
"Bu çıxarışların həm də aylıq xarakter daşıması ayrı-ayrı beynəlxalq QHT-lərin həmin vəsaitləri müxalifətə aylıq maaş şəklində payladıqları barədə şübhələr yaradır"
Bu mövzuda əlavə olaraq daha bir neşə fikri bölüşən Ramiz Mehdiyev vurğulayıb ki, bəzi xarici QHT nümayəndələrinin vaxtaşırı öz hesablarından iri məbləğdə nağd pul çıxarmaları ilə ölkədə baş verən hadisələr arasında sinxron bağlılıq müşahidə olunur: "Bu çıxarışların həm də aylıq xarakter daşıması ayrı-ayrı beynəlxalq QHT-lərin həmin vəsaitləri müxalifətə aylıq maaş şəklində payladıqları barədə şübhələr yaradır. Sosial şəbəkələr vasitəsilə gənclərin dünyagörüşü radikallaşdırılır, onlar təşkilatlandırılır, pul hesabına qanunsuz tədbirlərdə iştiraka stimullaşdırılırlar. Belə təşkilatların bəzi nümayəndələri əvvəllər işlədikləri ölkələrdə vətəndaşları kütləvi iğtişaşlara təhrik etdikləri üçün oradan xaric edilmişlər. Hazırda isə qərəzli fəaliyyətlərini Azərbaycanda davam etdirirlər".
Rövşən NURƏDDİNOĞLU