YAP Astara təşkilatı və Astara rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Bahar bayramı keçirilib
YAP Astara rayon təşkilatı və Astara rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibəti ilə rayon ictimaiyyəti və partiya fəallarının iştirakı ilə təntənəli tədbir keçirilib. Novruz bayramı münasibətilə rayonun mərkəzi küçələri və Heydər Əliyev Parkı xüsusi zövqlə bəzədilib. Bayram iştirakçıları əvvəlcə şəhərimizin Nizami küçəsində təşkil olunmuş kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkasında olublar. Burada 20 şirkətdən ayrı-ayrı sahibkarların gətirdikləri müxtəlif növ məhsullar- pomidor, xiyar, portağal, banan, xurma, kişmiş, şirniyyat, ət, yağ, balıq, alma, armud, bal və s. satışa çıxarılmışdı.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev görüş iştirakçılarını milli bayramımız olan Novruzun gəlişi münasibətilə təbrik edib: "Ölkəmiz müstəqillik qazandıqdan sonra Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, xalqımız üçün müqəddəs olan bu bayramın da dövlət səviyyəsində qeyd olunmasının təməlini qoydu. Ulu Öndər bu haqda demişdir: "Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bu amillər indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir". Bu gün ölkə Prezidenti İlham Əliyev cənabları Novruz bayramının respublikamızın bütün bölgələrində dövlət səviyyəsində, təntənəli şəkildə qeyd olunmasını davam etdirir".
N.İsmayılov Ulu Öndərin gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi də tövsiyə etdiyini söylədi: "Bu baxımdan, Ulu Öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsindən bəhs edərək demişdir: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik".
Bayram şənliyində şəhər sakinləri Məhəmməd İbrahimov, Regina Babayeva, Adil Əliyev, İsabala Həziyev, şəhid ailəsi Ayxanım İbrahimova və başqaları bütün Azərbaycan xalqını təbrik etdilər. Ölkəmizdə əmin-amanlığın, ruzi-bərəkətin bol olmasını, soydaşlarımızın öz doğma yerlərinə qayıtmalarını arzuladılar.
Sonra bayram şənliyi rayon mədəniyyət mərkəzinin "Sevinc" xalq çalğı alətləri ansamblının rəngarəng konsert proqramı ilə davam etdi. Xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini nümayiş etdirən sərgi və idmançıların çıxışları da bayram iştirakçılarında böyük maraq doğurdu.
R.HÜSEYNOVA