Prezident İlham Əliyevin Sərəncamından: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır"
(Əvvəli ötən sayımızda )
Bu il Azərbaycan xalqının görkəmli oğlu, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü tamam olmaqdadır. Müasir, müstəqli Azərbaycanın banisi, nəhəng dövlət xadimi Heydər Əliyevin xalqımızın əbədiyaşar Lideri kimi gördüyü mütərəqqi işləri ölkəmizin dünyada tanınmasına təkan vermişdir. Bu gün istər regionda, istərsə də beynəlxalq aləmdə Azərbaycanın adı yüksək, mötəbər məqamlarda səslənir. Eyni zamanda, ölkəmizin dinamik inkişafı Heydər Əliyev konsepsiyasının, siyasi kursunun məntiqi nəticəsidir. Məhz belə əhəmiyyətli amillərin üzərində Heydər Əliyev dühasının dayanması Azərbaycan adlı müstəqil respublikamızın qüdrətini dünyaya sərgiləyir.
Bu gün Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, Prezident İlham Əliyev apardığı uğurlu, praqmatik və məqsədyönlü siyasəti ilə ölkəmizin adını dünya tarixinə qızıl hərflərlə yazır.
Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı
Bəllidir ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu kontekstdən yanaşdıqda, Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən Ümummilli Lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu Öndərin öz sözləri ilə desək: "Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir". Müşahidələr göstərir ki, həqiqətən də belə bir prinsipin seçilməsi Azərbaycanda təhsil siyasətinin əsas qayəsini təşkil etmişdir. Son dövrlər həyata keçirilən islahatlar proqramına əsasən fəaliyyətin prioritet istiqamətlərinə diqqət yetirdikdə, Heydər Əliyevin təhsil strategiyasının nə qədər fundamental bir konsepsiya olduğu aydınlaşır. Məlumdur ki, milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi bu nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bugününə diqqət yetirmək kifayətdir. Bir faktı qeyd etmək kifayətdir ki, Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Belə ki, O, bu sahələrə xüsusi həssaslıqla yanaşmış və daim qayğı göstərmişdir. Heydər Əliyev öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq, qeyd etmişdir ki, "təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır". Tarixi reallıqlardan aydındır ki, Heydər Əliyev SSRİ dövründə, yəni Azərbaycan Respublikasına rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində də bu məsələni daim diqqət mərkəzində saxlamış, eləcə də, xalqımızın unudulmaz oğlunun rəhbərliyi ilə təhsil sistemində ciddi islahatlar həyata keçirilmişdir. 1972-ci ildə "Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında" və 1973-cü ildə "Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında" qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək, 765-dən 2117-yə çatdırılmışdır. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Bir məsələni də qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Eləcə də, dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq, hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.
Müasir təhsil strategiyasının təməli
Ulu Öndər Heydər Əliyev müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən, elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Ölkə başçısı bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır. Məsələn, 2002-ci il oktyabrın 4-də ölkə başçısının imzaladığı "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərınin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında" Sərəncamı milli elm və təhsil sisteminin inkişafında vacib amillərdən biri kimi qiymətləndirilir. Bu Sərəncam ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratmışdır. "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli Sərəncamı da ölkədə bu sahədə yaranmış problemlərin aradan qaldırılması yönümündə müstəsna əhəmiyyətə malik dövlət sənədi olmuşdur. Qeyd olunduğu kimi, Ulu Öndərin təhsil siyasəti konsepsiyasına əsaslanaraq, demək olar ki, elm və təhsil iki müstəqil sahəni ehtiva etsə də, onların birini digərindən təcrid etmək mümkün deyildir və bu baxımdan elm-təhsil problemlərinə kompleks şəkildə yanaşılmışdır. Hər iki istiqamət ümumi dövlət siyasətinin tərkib hissələrindən olduğundan və strateji mahiyyət daşıdığından, onların inteqrasiyası da labüddür. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövrünə nəzər yetirsək, görərik ki, elm ilə təhsilin inteqrasiyası istiqamətində də çox önəmli işlər görülmüşdür. Əslində, bu iki müstəqil sistemin həmişə qarşılıqlı əlaqəli şəkildə inkişafı labüddür. Çünki elmin təhsilsiz, təhsilin isə elmsiz mövcudluğu qeyri-mümkündür. İnkişaf etmiş ölkələrin təcrübəsi də sübut edir ki, fundamental tədqiqatlar aparılmayan ölkələrdə yüksək keyfiyyətə malik təhsil haqqında danışmaq mənasızdır. Eyni zamanda, harada ki baza rolunu oynayan keyfiyyətli orta təhsil yoxdursa, orada geniş əhatəli fundamental tədqiqatlar aparılması qeyri-mümkündür. Ümumiyyətlə, dövlətin iqtisadi qüdrətini, onun elm tutumlu və rəqabətə davamlı məhsulunun istehsalını elmi tədqiqatların, xüsusən, fundamental tədqiqatların səviyyəsi, əhatəliliyi və yüksək ixtisasa malik milli kadrlar müəyyən edir. Başqa sözlə desək, müasir dünya gerçəkliklərinə yaxından bələd olan, müasir texnika və texnologiyanı mənimsəyən kadrlar yetişdirmədən, eləcə də, ölkədə həyata keçirilən islahatları elmi baxımdan əsaslandırmadan mövcud təbii-iqtisadi resurslardan tam və səmərəli istifadə etmək və arzu edilən iqtisadi inkişaf səviyyəsinə nail olmaq qeyri-mümkündür.
Artıq bu günün reallıqları sübut edir ki, Heydər Əliyevin siyasi kursuna uyğun aparılan islahatlar müsbət nəticələr verir və Azərbaycan dövlətini bütün dünyada layiqincə təmsil etməyə, eləcə də, ölkənin hərtərəfli inkişafında yaxından iştirak etməyə qadir olan gənc nəslin yetişməsinə şərait yaradır. Milli Tərbiyə Konsepsiyasının hazırlanması, təhsilin məzmununda inteqrasiya modellərinə keçid, təhsil sisteminin kompyuterləşdirilməsi və informasiyalaşdırılmasına dair Dövlət Proqramının təsdiqi və praktiki tətbiqi, təhsildə elmi istiqamət faktorlarının gücləndirilməsi, təhsillə elmin vəhdətini təmin etmək məqsədilə prioritet sahələr üzrə elmi araşdırmaların, tədqiqatların aparılmasının intensivləşdirilməsi, dünya təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədilə proqramlar, layihələr üzərində fəaliyyətin müntəzəm olaraq davam etdirilməsi və digər məsələlərdən strateji istiqamətlər aydın görünür. Ulu Öndər Heydər Əliyevin elm və təhsil siyasətinin prioritetlərindən biri də hər iki sahənin idarə edilməsinə yeni yanaşmanın olmasıdır. Belə ki, əgər güclü təhsil sistemi gələcəyin elmi tədqiqatçılarının hazırlanmasına xidmət edirsə, elmi araşdırmalar da, öz növbəsində, ölkənin ayrı-ayrı sahələrinin müasir tələbata və qabaqcıl təcrübəyə uyğun inkişafını təmin etməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi, Heydər Əliyev bütün həyatı boyu öz xeyirxah əməlləri və ədalətli mövqeyi ilə xalqımızın güvənc yerinə çevrilmişdir. İstər müasir tələbata uyğun elmi kadrların hazırlanmasında, istər Azərbaycan Respublikasının beynəlxalq aləmə və qlobal iqtisadi mühitə sürətlə inteqrasiya etməsində, istərsə də ölkənin sosial-iqtisadi istiqamətlərdə ciddi uğurlar qazanmasında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə reallaşan tədbir və islahatların rolu danılmazdır.
(Ardı var)
RƏFİQƏ KAMALQIZI