Uzun müddətdir ki, hər il Davosda dünyanın iqtisadi güc mərkəzlərinin iştirakı ilə tədbirlər təşkil edilir. Davos Forumu dünyanın gələcək iqtisadi mənzərəsini inşa etmək üçün iqtisadi güc mərkəzlərinin o cümlədən intelektual mərkəzlərdən qidalanaraq yeni mənzərənin formalaşmasını müəyyənləşdirir. Bu olduqca çox ciddi əhəmiyyətli İqtisadi forumdur. Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Davos İqtisadi forumunun ölkəmiz üçün oynayacağı mühüm roldan danışarkən bildirib.
H.Babaoğlunun sözlərinə görə, Dünya İqtisadi mərkəzlərinin, güclərinin Davosa yığışması heç də təsadüfi xarakter daşımır: "Burada ilk növbədə bəşəriyyətin iqtisadi gələcəyi, dünya iqtisadi sisteminin yönləri, iqtisadi resurslardan səmərəli istifadənin forması müəyyənləşdirilir. Bununla belə güclü iqtisadi mərkəzlər bir platformada birləşərək, əməkdaşlığın istiqamətini və şərtlərini müəyyən edirlər. Bu Davos İqtisadi Forum da ənənəvi olaraq məhz Davos şəhərində keçirilir. Amma bu bir istisnadır ki, 2013-cü ilin aprel ayının 7-8-də bu forum Azərbaycanda təşkil ediləcək. Bu zaman təbii sual ortalığa çıxır. Niyə məhz bu forum ölkəmizdə keçiriləcək? İlk dəfə olaraq Davos İqtisadi Forumu Davosdan kənarda reallaşacaq. Bu məkan kimi də məhz Azərbaycan müəyyənləşib. Çünki biz dəfələrlə qeyd etmişik ki, Azərbaycan yaratdığı özünəməxsus yeni iqtisadi modellə, iqtisadi resurslardan səmərəli istifadənin təşkili ilə yeni bir sistem formalaşdırmağı bacarıb. Həm bu təcrübənin öyrənilməsi həm də Azərbaycanda cəmləşmiş regional iqtisadi resursların dünya iqtisadiyyatının inkişafına verəcəyi töhvələr bu forumun ölkəmizdə keçirilməsini şərtləndirib. Davos İqtisadi Forumunun Azərbaycanda keçirilməsinin başqa bir əhəmiyyəti ondan ibarətdir ki, bu dövlətimizdə iqtisadi münasibətlərin yeni mərhələsinə yol açacaq. Hesab edirəm ki, bu bir tarixi hadisədir. Bu tək Azərbaycanın iqtisadi tarixində deyil bütövlükdə regionun iqtisadi inkişafının tarixində mütərəqqi bir hadisədir".
sia.az