YAP Astara rayon təşkilatının növbədənkənar konfransı keçirilib
Dünən Astara rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının növbədənkənar konfransı keçirilmişdir. Konfransa partiyanın ilk təşkilatlarından 300 nəfər nümayəndə dəvət olunmuşdur. Konfransın işində YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP Mərkəzi Aparatının məsul işçisi Mirkamal Seyidov, millət vəkilləri Mirkazım Kazımov, Aslan Cəfərov və rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev iştirak ediblər. Konfrans iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Yeni Azərbaycan Partiyasının banisi, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər güllər düzüblər.
Rayon icra hakimiyyətinin akt zalında öz işinə başlayan konfransda YAP Astara rayon təşkilatının sədr əvəzi Faiq Həsənov partiyanın rayon təşkilatının fəaliyyəti haqqında geniş xarakterli hesabat məruzəsi etmişdir.
Hesabat məruzəsi ətrafında rayon 4 saylı tam orta məktəbin müəllimi Aygül Məmmədova, 6 saylı tam orta məktəbin direktoru Rinat Fərzəliyev, rayon ağsaqqallar şurasının sədri Hamlet Əliyev, Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının sədri Laləzar Qurbanova və başqaları çıxış edərək, partiyanın rayon təşkilatının ötən müddət ərzindəki fəaliyyətini qənaətbəxş hesab ediblər.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov konfransda çıxış edərək bildirmişdir ki, Yeni Azərbaycan Partiyası nəinki regionda, eləcə də, beynəlxalq aləmdə tanınan və nüfuzu olan möhtəşəm siyasi təşkilatdır. Siyavuş Novruzov, eyni zamanda, YAP-ın güclü və nüfuzlu siyasi partiya kimi xalqa sədaqətlə xidmət göstərdiyini, hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə öz fəaliyyətini daha geniş və uğurla davam etdiyini nəzərə çatdırmışdır: "Əlbəttə ki, partiyamızın Sədri, Prezident İlham Əliyevin ölkədə yürütdüyü məqsədyönlü və uğurlu siyasətin tərkib hissəsində YAP müstəsna rol oynayır. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu siyasəti uğurla davam etdirən cənab İlham Əliyev Azərbaycanın adını dünya miqyasında daha da yüksəklərə qaldırmışdır. Bu gün Yeni Azərbaycan Partiyasının ətrafında böyük xalq ordusunun mövcudluğu da bu siyasətin dəstəklənməsi anlamını verir".
Millət vəkili Mirkazım Kazımov da konfransda çıxış edərək YAP-ın fəaliyyətini yüksək qiymətləndirmişdir: "Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında yaradılan Yeni Azərbaycan Partiyasının müstəqil dövlətimizin möhkəmləndirilməsində, azərbaycançılıq ideyalarının ümumbəşəri dəyərlər əsasında inkişaf etdirilməsində mühüm rol oynamışdır".
Konfransda təşkilati məsələyə baxılmış, YAP rayon təşkilatının siyasi şurası və idarə heyətinin yeni tərkibi seçilmişdir. Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Firudin Əhmədov YAP Astara rayon təşkilatının sədri seçilmişdir.
Rayon icra hakimiyyətinin başçısı, rayon təşkilatı idarə heyətinin üzvü Qəzənfər Ağayev də konfransda çıxış edərək, Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni seçilmiş sədrinə və bütün heyətə fəaliyyətləri dövründə uğurlar, müvəffəqiyyətlər arzulamışdır: "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası ölkənin ağır günlərində, mürəkkəb bir siyasi şəraitdə yaranmışdır. Yeni Azərbaycan Partiyası Ulu Öndərin və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir yol keçmişdir. Sıralarında yüz minlərlə sağlam fikirli insanları birləşdirən partiyanın hakimiyyəti dövründə müstəqil Azərbaycan dövləti dünyanın ən sabit, ən mütərəqqi və sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Hər bir sahədə güclü inkişaf və tərəqqi var. Ölkəmizin iqtisadi gücü gündən-günə artır. Azərbaycanda son zamanlar keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, o cümlədən, iki gün öncə Bakı şəhərində yüksək səviyyədə keçirilən Davos Dünya İqtisadi Forumu dediklərimizə əyani sübutdur".
Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğurun xalqı hədsiz sevindirdiyini, daha böyük nailiyyətlərin əldə edilməsinə ruhlandırdığını və bu uğurların qazanılmasında Yeni Azərbaycan Partiyasının əvəzsiz rolu olduğunu deyən Q.Ağayev eyni zmanda bildirib ki, bu il həm də xalqımız və dövlətimiz üçün mühüm bir siyasi kampaniya olan Prezident seçkiləri ili kimi yadda qalacaqdır: "İnanıram ki, bütün Azərbaycan xalqı, siyasi həmfikirlərimiz, partiya silahdaşlarımız bu seçkilərdə Ulu Öndərimizin siyasi varisi, Azərbaycanı daha uğurlu sabahlara aparan, partiyamızın lideri cənab İlham Əliyevə səs verməklə tarixinin ən şanlı səhifələrini yazacaqdır".
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
R.KAMALQIZI