PDF Oxu

Əsas

  • 29

Azərbaycanın davamlı inkişafı: Uğurlu siyasətin təntənəsi

Azərbaycanın davamlı inkişafı: Uğurlu siyasətin təntənəsi

Əli Əhmədov: "İnsanlarda yüksək əhval-ruhiyyə bugünkü uğurların fonunda cənab İlham Əliyevin qarşıdakı prezident seçkilərində də qələbəsinin şəksiz olduğunu təsdiqləyən əsas amillərdəndir"

Dünən Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının qərargahında YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun YAP Sabunçu rayon təşkilatının özündə birləşdirdiyi ilk ərazi təşkilatları sədrləri ilə görüşü keçirildi. Əli Əhmədov bildirdi ki, görüşdə əsas məqsəd YAP-ın yerli strukturlarının qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar səfərbər edilməsi, seçki kampaniyasında partiya üzvlərinin fəallığının artırılmasıdır: "Bu ilin oktyabrında ölkəmizdə prezident seçkiləri keçiriləcək. Azərbaycan xalqına məlum olduğu kimi, növbəti prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin namizədliyi irəli sürüləcək.

Bu fikri dəfələrlə səsləndirmişik ki, cənab İlham Əliyevin prezident seçkilərində namizədliyinin irəli sürülməsi təkcə Yeni Azərbaycan Partiyasının təşəbbüsü, ideyası deyil, bütün Azərbaycan xalqının mütləq əksəriyyətinin istəyidir. Düşünürəm ki, bu dəstək beş il, ümumi götürdükdə isə 10 il ərzində cənab İlham Əliyevin rəbhərliyi altında Azərbaycanda həyata keçirilən böyük quruculuq işləri, davamlı inkişafla əlaqədardır. Bu illər ərzində Azərbaycanın iqtisadiyyatı yüksəlib, böyük inkişaf mərhələsi keçib. Azərbaycanın siması yeniləşib. İqtisadiyyatımız 3 dəfə artıb. Əlbəttə, bu, dünya tarixində çox az rast gəlinən hadisələrdəndir. Son on ildə dövlət büdcəsi 20 dəfədən çox artıb. Təxminən on il bundan əvvəl Milli Məclisdə dövlət büdcəsi təsdiq olunmaq üçün müzakirə edilərkən düşünürdük ki, ölkəmizin büdcəsi nə zaman bir milyona çatacaq. Bu gün dövlət büdcəsinin 20 milyard dollardan çox olması böyük uğurdur. Bu, təkcə statistika, rəqəmlərdə ifadə olunan göstərici deyil. Bu, Azərbaycanın iqtisadiyyatının çox qüdrətli iqtisadiyyata çevrilməsi, böyük dinamika ilə irəliləməsidir. Bu göstəricilər Azərbaycanın bir dövlət olaraq gücünün, qüdrətinin artmasının, həm də insanların rifahının yaxşılaşmasının ifadəsidir. Əgər iqtisadiyyat 3 dəfə artmasaydı, iqtisadiyyatın aynası olan dövlət büdcəsi bu səviyyəyə çatmasaydı, insanların rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən həyata keçirilən siyasəti reallaşdırmaq mümkün olmazdı. Beləliklə, iqtisadiyyatın güclənməsi bir tərəfdən Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini möhkəmləndiribsə, digər tərəfdən insanların sosial müdafiəsi gücləndirilib. Dövlət başçısı İlham Əliyev hər zaman bəyan edir ki, iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. İqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Bir sözlə, Azərbaycanın inkişafı, həyata keçirilən islahatların uğurlu nəticələri, ölkəmizin iqtisadiyyatının güclənməsi, insanların rifahının yaxşılaşdırılması üçün Prezidentin təşəbbüsü ilə böyük layihələrin həyata keçirilməsi və bu istiqamətdə daha əhəmiyyətli niyyətlərin ortaya qoyulması, respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması kompleks halda ölkəmizin yeni imicini formalaşdırıb."

YAP Sədrinin müavini onu da bildirdi ki, Azərbaycanın bu imici gündən-günə zənginləşir, müasir dövrün tələblərinə uyğunlaşır və beləliklə də gözlərimizin önündə yeni, müasirləşən, modernləşən, müasir dünyanın çox layiqli üzvünə çevrilmiş Azərbaycan dayanır. Bütün bunların hamısı Azərbaycanın bugünkü reallığı, bugünkü siyasi həyatımızın gerçəkliyi olaraq Azərbaycan vətəndaşları tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, Azərbaycan vətəndaşları bugünkü gerçəkliyi və reallığı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Heydər Əliyev siyasətinin bilavasitə nəticəsi kimi qəbul edirlər. Bütün bu reallıqlar, insanların gələcəyə böyük ümidlərlə baxması kompleks şəkildə qarşıdan gələn prezident seçkiləri ilə bağlı həm əhval-ruhiyyəni, həm də insanlarımızın mövqeyini və iradəsini formalaşdırıb. 2003-cü ildən Azərbaycan Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində böyük inkişaf mərhələsi keçib. İstər iqtisadiyyatın inkişafı sahəsində, istər iqtisadi inkişafa istinad edən həyatımızın digər sferalarında əldə olunan böyük nailiyyətlər, uğurlar ölkə ictimaiyyəti tərəfdindən yüksək dəyərləndirilir. Bu uğurlar insanların İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətə münasibətini formalaşdırıb. Bu qənaət yaranıb ki, Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan üçün, hər bir vətəndaş üçün uğurludur. Bunun birinci əsas parametri iqtisadiyyatın inkişafı, insanlarımızın rifahının yaxşılaşdırılması üçün etibarlı zəminin hazırlanmasıdır. Digər mühüm məqam Azərbaycanın müasirləşməsi və yeniləşməsindən ibarətdir. Hesab edirəm ki, insanlar həyatlarının yaxşılaşması, rifahlarının yüksəlməsi üçün Azərbaycanın yeni imicinin formalaşmasını da bütövlükdə özünün həyatının yeni bir məqamı kimi səciyyələndirir. Bu, insanın daxili qürur hissini formalaşdırır, öz ailəsinin uğurları ilə yanaşı Azərbaycanın uğurlarını hər bir vətəndaş öz həyatında baş verən yenilik və ümidverici meyillər kimi dəyərləndirir.

"Cənab İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyinin irəli sürülməsini və qələbəsini şərtləndirən amillərdən biri də ölkədə ictimai-siyasi durumun sabitliyi, əmin-amanlıqdır" söyləyən Əli Əhmədov qeyd etdi ki, bu amil olmasaydı, təbii ki, iqtisadiyyatın inkişafı, bunun fonunda digər sahələrin tərəqqisi mümkün olmazdı. Bölgələrimizin, kənd və qəsəbələrin siması dəyişir, yeniləşir, müasirləşir, insanların daha rahat yaşaması üçün şərait yaradılır. "İnsan öz həyatını dəyərləndirərkən bir yandan öz həyat şəraitinin göstəricilərinə istinad edir, digər tərəfdən də bu rahatlığın təmin olunmasını şərtləndirən amilə önəm verir. Bunun üçün qeyd etdiyimiz kimi, sabitlik əsasdır. Əgər sabitlik olmasaydı, heç bir sosial-iqtisadi proqramların icrasından söhbət gedə bilməzdi."

Əli Əhmədov bir məqamı da qeyd etdi ki, televiziya kanalları vasitəsilə dünyanın ayrı-ayrı ölkələrində baş verən hadisələri göz önünə gətirsək, birmənalı şəkildə etiraf etmək lazımdır ki, insan üçün həyatının yaxşılaşması o zaman məna kəsb edir ki, rifahın yaxşılaşması təhlükəsizliyi ilə vəhdət təşkil etsin. Əks halda bütün uğurlar öz mənasını itirir. O yerdə ki insanın həyatı təhlükə altındadır, rahatlıq, əmin-amanlıq yoxdur, yüksək əhval-ruhiyyədən söhbət gedə bilməz. Qeyd olunan amillərin - insanların özünün həyatında baş verən dəyişikliklər, rifahının yaxşılaşması, Azərbaycanın müasirləşməsi, hər bir bölgənin simasının dəyişməsi, yaşadığımız mühitin yeniləşməsi və insanların rahatlığı, təhlükəsizliyinin vəhdətliyi bu gün Prezident İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsi ilə bağlı ümumxalq rəyinin formalaşmasının əsasını təşkil edir. İnsanlar dərk edir ki, bu uğurların davam etdirilməsi Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Cənab İlham Əliyevin bu seçkilərdə də qələbəsi şəksizdir. Bu inama əsas verən amillər, qeyd etdyimiz kimi, Azərbaycanın bugünkü reallıqlarıdır. Xalqımız tam əmindir ki, cənab İlham Əliyevin qələbəsinin təmin edilməsi fonunda ölkəmizi qarşıdakı illərdə daha böyük uğurlar gözləyir. Prezident İlham Əliyevin növbəti beş ildə Azərbaycana rəhbərlik etməsi bütün parametrlər üzrə yenə də Azərbaycanın davamlı inkişafının təmin edilməsi, əmin-amanlığın qorunub saxlanılması, bunun əsasında isə insanların rifahının daha da yaxşılaşması ilə müşahidə olunacaq. Qeyd olunanların ümumi ifadəsi budur ki, cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi Azərbaycan vətəndaşlarının bu gün və gələcəklə bağlı istəkləri ilə birbaşa üst-üstə düşür.

"Yeni Azərbaycan Partiyası olaraq, bu, bizi sevindirir. Partiya Sədrinin həyata keçirdiyi siyasət xalqımız tərəfindən yüksək dəyərləndirilir, dəstəklənir. YAP olaraq üzərimizə çox məsul və şərəfli vəzifələr düşür" söyləyən Əli Əhmədov qeyd etdi ki, bu vəzifənin başlıca mahiyyəti Azərbaycan xalqının Prezident İlham Əliyevin namizədliyinə, bütövlükdə onun həyata keçirdiyi siyasətə böyük inamına uyğun gələn seçki kampaniyasını təşkil etməkdir. "Bir halda ki, Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsini seçicilərimizin böyük əksəriyyəti birmənalı şəkildə dəstəkləyir, bu, o məntiqdən xəbər verir ki, seçkilərdə də xalqımızın böyük əksəriyyəti cənab İlham Əliyevi dəstəkləyəcək, ona səs verəcək. Cəmiyyətimizdəki ab-hava da cənab İlham Əliyevin qələbəsinin şəksiz olduğunu nümayiş etdirir. Yüksək siyasi fəallıq, demokratik dəyərlərə uyğun Azərbaycanın Seçki Məcəlləsinin bütün tələblərini özündə ehtiva edən seçki kampaniyasının keçirilməsi, bu işə layiqli töhfənin verilməsi Yeni Azərbaycan Partiyasının üzvü olaraq hər birimizin üzərinə düşən vəzifədir. YAP bundan əvvəl seçki kampaniyalarında olduğu kimi, bu seçkilərin də yüksək fəallıq şəraitində keçirilməsi üçün lazımi fədakarlığı göstərəcək. Bizim təcrübəmiz, eyni zamanda, YAP-a, Heydər Əliyev siyasətinə, Prezident İlham Əliyevə sədaqət və inam bu seçki kampaniyasında yüksək fəallığımıza əsas verir."

Bu müsbət hal da xüsusi önə çəkildi ki, hər bir rayon təşkilatı artıq illərlə keçirilən seçki kampaniyaları əsasında çox dəyərli təcrübə toplayıb. Rayon təşkilatlarının özlərində birləşdirdiyi ilk ərazi təşkilatlarının fəallığı da hər zaman yüksək dəyərləndirilir. Düşünürük ki, bu seçkilərdə də fəallıq yüksək səviyyədə olacaq.

Sonra müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparılaraq, tövsiyələr verildi.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər