PDF Oxu

Əsas

  • 25

Xalqın unudulmaz alimi

Xalqın unudulmaz alimi

Səbail rayonunda akademik Zərifə xanım Əliyevaya həsr olunmuş tədbir keçirilib

Dünən Respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi Səbail rayonunda geniş qeyd olunur. Rayonun elm, təhsil və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, sərgi və müxtəlif aksiyalar təşkil olunur.

Yubiley tədbirləri çərçivəsində Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta məktəblərinin şagirdlərinin iştirakı ilə əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilibdir. Tədbirin məktəblilər üçün daha maraqlı və yadda qalması üçün onun keçirilmə məkanı Xəzər dənizinin Bakı buxtası seçilmişdir. Məktəblilər əvvəlcə Dənizkənarı Milli Parkda "Yaxt-klub"a gəlmiş, burada gəmiyə minərək Bakı buxtasına səyahətə çıxıblar. Gəminin göyərtəsində akademik Zərifə xanım Əliyevaya həsr olunmuş foto, kitab və nəşrlərin, həmçinin, rayon məktəblilərinin rəsmlərinin, müxtəlif materiallardan hazırlanmış əl işlərinin, inşa yazı nümunələrinin nümayiş olunduğu səyyar sərgi ilə tanış olmuşlar.

Məktəblilər qarşısında çıxış edən RİH başçısının birinci müavini Xalidə Bayramova Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. X.Bayramova vurğulayıbdır ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin, dünya miqyasında böyük şöhrət qazanmışdır: "Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur".

Məktəblilər Zərifə xanım Əliyevaya, anaya, Azərbaycan qadınına, ölkəmizə həsr olunmuş şeir və mahnılarla, bədii kompozisiyalarla çıxış edib, Azərbaycanın dövlət himni ifa olunub, musiqiçilərin şən ifaları altında uşaqlar rəqs ediblər.

Bakı buxtasında keçirilən dəniz gəzintisi zamanı məktəblilər və onların müəllimləri Bakı buxtasından əzəmətli Dövlət Bayrağı Meydanını, "Kristal-Hall" zalını, yeniləşən bulvarı, şəhər mərkəzində yeni istifadəyə verilmiş və əsaslı təmir olunmuş bina və digər obyektləri müşahidə ediblər.

Keçirilən tədbir və dəniz gəzintisi məktəblilərin yaddaşında xoş izlər buraxıbdır.

ÜLVİ

Digər xəbərlər