PDF Oxu

Əsas

  • 30

"Aztelekom" İstehsalat Birliyində qanvermə aksiyası keçirildi

"Aztelekom" İstehsalat Birliyində qanvermə aksiyası keçirildi

Dünən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində növbəti dəfə talassemiya və hemofiliya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyası keçirildi. Aksiya Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən biri olaraq, "Aztelekom" İstehsalat Birliyində çalışan gənc rabitəçilər - Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının Tbilisi prospekti, 3166-cı məhəllə ("Aztelekom") ilk təşkilatının gənc üzvlərinin təşəbbüsü ilə təşkil olunmuşdu. Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının mobil işçi qrupu tərəfindən həyata keçirilən aksiyada "Aztelekom" İstehsalat Birliyinin 70-ə yaxın işçisi könüllü donor olaraq qan verdilər.

Qanvermə aksiyasına "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov çıxış edərək bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının 2005-ci ilin may ayında qəbul etdiyi bəyannaməyə əsasən könüllü, təmənnasız donorlar təhlükəsiz qan təminatının əsasını təşkil edir, yaşı 18-dən, boyu 160 santimetrdən, çəkisi 55 kiloqramdan yuxarı olan, təzyiqi aşağı olmayan, cərrahiyə əməliyyatı keçirməyən və hər hansı yoluxucu xəstəlik (Hepatit A, B, C, QİÇS və s. ) daşıyıcısı olmayan hər bir kəs qan donoru ola bilər. M.Məmmədov qeyd etdi ki, bu qanvermə aksiyasında məqsəd mütəmadi qan verilməsinə ehtiyacı olan xəstələrə diqqətin artırılması, belə xəstəliklərin qarşısının alınmasında iştirak etmək, talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara az da olsa donor qanı ilə köməklik göstərməkdir. Baş direktor ötən il təşkil olunmuş analoji aksiyanı xatırladaraq vurğuladı ki, idarənin əməkdaşları arasında belə xeyriyyə aksiyası artıq ənənə halını almaqdadır. "Çox sevindirici haldır ki, əməkdaşlarımız qanvermə aksiyasına böyük həvəslə qoşulub, talassemiyalı uşaqların normal yaşamasını təmin etmək üçün dəstəklərini əsirgəməyiblər. Bu təşəbbüsün davamlı olması, sözsüz ki, respublikamızda mövcud olan belə bir problemin qarşısının alınmasına müsbət təsirini göstərə bilər" deyən Məhəmməd Məmmədov qeyd etdi ki, "Aztelekom" İstehsalat Birliyinin gənc əməkdaşlarının sosial şəbəkələrdə mövzu üzrə apardıqları təbliğat nəticəsində aksiyaya qoşulmaq üçün kənar şəxslər tərəfindən edilmiş müraciətlər də dəyərləndirilmiş, həmin şəxslərin qan vermələri üçün də bütün şərait yaradılmışdır.

Aksiya iştirakçıları xüsusi vurğuladılar ki, bu kimi aksiyaların keçirilməsində yaxından iştirak etmək hər kəsin vətəndaşlıq borcudur, qanvermə aksiyasında iştirak etməklə xəstə uşaqlara dəstək olmaq qürur vericidir. Qeyd olundu ki, belə aksiyaların daha kütləvi və davamlı olacağına şübhə yoxdur.

AYTƏN

Digər xəbərlər